“Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir”
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsasında dayanan əsas məqsədlərdən biri də yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. Dövlət başçısı bunun üçün iqtisadi və maliyyə imkanlarının mövcud olduğunu bəyan edir. Ölkəmiz zəngin təbii resurslara malikdir. Amma bu, heç də o demək deyil ki, bu resurslara malik ölkə zəngin olmalı, əhalisi yüksək səviyyədə yaşamalıdır. Belə təbii resurslarla zəngin olan, amma inkişafda xeyli geri qalan kasıb ölkələrin sayı az deyil.
O ölkələr sürətlə inkişaf edir ki, orada hökumət həmin sərvətlərdən səmərəli və ağıllı şəkildə istifadə edir. Məhz təbii resurslardan belə səmərəli istifadə olunması hər hansı ölkənin həm iqtisadi qüdrətini artırır, həm də əhalisinin sosial rifah halının yaxşılaşması üçün zəmin yaradır. Azərbaycan da belə ölkələrdəndir.
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas məqsəd ölkə iqtisadiyyatını inkişaf etdirmək, mərkəzlə bölgələr arasında fərqi aradan qaldırmaqdır. Bu məqsədin əsasında duran kriteriya Azərbaycanın inkişaf etmiş ölkələr sırasında dayanmasına nail olmaqdır.
Prezient İlham Əliyev hər zaman bəyan edir ki, inkişaf etmiş dövlətlərdə paytaxtla regionlar arasında heç bir fərq yoxdur. Dövlət başçısının 11 fevral 2004-cü il tarixli "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqlənməsi də bu istəyə əsaslanırdı. Proqramda qarşıya qoyulan əsas vəzifələr işsizlik, yoxsulluq problemlərinin həlli, qeyri-neft sektorunun inkişafı infrastrukturunun yeniləşdirilməsi idi.
Dövlət başçısının fəaliyyətində regional əməkdaşlıq amili xüsusi dəyərləndirilir. Yeni çəkilmiş və istifadəyə verilmiş neft və qaz kəmərləri 3 istiqamətdə Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Bu isə ölkəmizi Gürcüstan, Rusiya və Türkiyə ilə çox sıx əməkdaşlığa sövq edir. Cari il üçün ölkəmizdə neft hasilatının ciddi artımı gözlənilir. Bu rəqəmin 50 milyon tondan çox olacağı bildirilir.
Xüsusi diqqətçəkən məsələrdən biri də ondan ibarətdir ki, ölkəmiz qaz ixrac edən ölkəyə çevrilib. Artıq bütün idxalçı ölkələr Azərbaycan qazını almaq üçün Bakı ilə münasibətləri daha da istiləşdirmək siyasəti yeridirlər. Müxtəlif ölkələr qaz ixracı ilə müqavilərlədən sonra, "Nabucco" kəmərinin də təminatında Azərbaycan qazına ümid edilməsi göstərir ki, tezliklə ölkəmiz neftlə yanaşı qaz ehtiyatları ilə də dünyada öz xüsusi çəkisini artıracaq.
Prezident İlham Əliyevin həyata keçirdiyi hər layihə əhalinin yaşayış səviyyəsinin yüksəlməsi naminə atılan addımlardandır. Bu sahədə sahibkarlıq fəaliyyəti də əsas götürülür. Hazırkı dövrdə ölkəmizdə ümumilikdə investisiya mühiti çox artıb, indi xarici sahibkarlarla yanaşı yerli investorlar da geniş fəaliyyət göstərməkdədir. Daxili investisiyaların həcmi artır. ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Bu da qeyri-neft sektorunun inkişafını təsdiqləyən göstəricilərdəndir.
Qüdrətli iqtisadiyyat güclü sosial siyasət üçün əsasdır. Ölkədə yoxsulluq probleminin həlli istiqamətində atılan addımlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Yoxsulluq həddinin 13 faizə enməsi həyata keçirilən layihələrin nəticəsidir.
Beynəlxalq ekspertlər də təsdiqləyir ki, Azərbaycanda hazırkı iqtisadi inkişaf tempi saxlanılarsa, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq. Artıq heç kimə sirr deyil ki, Azərbaycan getdikcə daha qüdrətli və zəngin dövlətə çevriləcək. Beynəlxalq maliyyə institutları yaxın gələcəkdə Azərbaycanın donor ölkəyə çevriləcəyini bildirirlər. Bütün bunlar isə Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi iqtisadi siyasətin nəticəsidir.