PDF Oxu

Siyasət

  • 13

Azərbaycan xalqının mütləq əksəriyyəti

Azərbaycan xalqının mütləq əksəriyyəti

"Gallup" İctimai Araşdırma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri ölkəmizdə gedən siyasi proseslər, müşahidə olunan iqtisadi inkişaf və xalqla iqtidar arasında mövcud olan birliyi şərtləndirən səbəblər haqqında geniş təhlillər aparmağa imkan verir.
Dünyanın bütün qabaqcıl dövlətlərində, demokratik cəmiyyətlərdə xalqın müxtəlif hadisələrə baxış bucaqlarını müəyyənləşdirmək, onların dövlət idarəçiliyində iştirakını daha effektiv təmin etmək və bir sıra problemlərin həllinə yardım etmək məqsədilə bu və ya başqa qaydada ictimai rəy sorğuları təşkil olunur. Bunun ən geniş yayılmış forması müxtəlif təşkilatlar tərəfindən aparılan sorğulardır. Dünyada bir neçə tanınmış sorğu təşkilatları var ki, onlara cəmiyyət tərəfindən böyük inam və etimad göstərilir. Həmin təşkilatların rəy sorğuları hətta bir sıra ölkələrdə mövcud durumu müəyyənləşdirmək üçün də yetərli hesab olunur. Belə təşkilatlar sırasında ABŞ-da yerləşən "Gallup" İctimai Araşdırma İnstitutunu xüsusilə qeyd etmək yerinə düşər.

Ruzveltdən Obamaya qədər...

Təşkilatın son araşdırmalarının nəticələri haqqında təhlillərə keçməzdən əvvəl, ilk olaraq, təşkilatın özü haqqında qısaca bilgi vermək istərdik.
"Gallup" ilk sorğusunu 1930-cu illərdə təşkilatın yaradıcısı Corc Gallupun rəhbərliyi ilə keçirib. 1936-cı ildə ABŞ-da seçkilər ərəfəsində təşkilat tərəfindən aparılan sorğunun nəticələrinə görə o zaman prezidentliyə namizəd Franklin Ruzvelt seçkini udmalı idi. Səsvermə başa çatandan sonra sorğunun nəticələri seçkilərin nəticələrində də özünü göstərincə, ABŞ cəmiyyətinin "Gallup"a inamı daha da artdı.
Daha sonrakı dövrlərdə ictimai nüfuzunu getdikcə artıran "Gallup" hazırda dünyada ən çox etibar olunan təşkilatlardan biridir. ABŞ-da Prezident Barak Obamanın, Türkiyədə Ədalət və İnkişaf Partiyasının, Almaniyada Angela Merkelin seçkilərdən qalib çıxacağına dair həftələr, aylar öncə verdikləri proqnozlar dünya ictimaiyyəti tərəfindən uzun müddət müzakirə olunmuşdu. Bu qurumun keçirdiyi rəy sorğuları özünün obyektivliyi ilə fərqlənir. Yəni, bu qurumun keçirdiyi rəy sorğuları tam elmi əsaslara söykənir və çox ciddi hazırlıq işləri aparıldıqdan sonra onun çıxardığı nəticələr əsasında həmin sorğular elan edilir.

"Gallup"-un sonuncu araşdırması

Onu da qeyd etmək yerinə düşər ki, "Gallup" şirkəti təkcə seçki öncəsi dövrdə ən yüksək posta iddialı olan şəxslərin nüfuzunu yoxlamır. Təşkilatın, eyni zamanda, islam, qlobal maliyyə böhranı, İraq və Əfqanıstan müharibəsi və s. mövzularda təşkil etdiyi sorğuların nəticələri əsas güc mərkəzlərinin fəaliyyət hesabatlarında yer alıb. Bu gün dünyanın müxtəlif ölkələrində onlarla mərkəzi ofisi fəaliyyət göstərən "Gallup" eyni vaxtda yüzlərlə ölkədə sorğu keçirə bilir. Təşkilatın sorğusuna cəlb olunan insanların sayı bəzən on milyonlarla ölçülür. Təşkilatın sonuncu sorğusu isə ötən ay reallaşıb. Belə ki, "Gallup" iyulun 31-də keçmiş sovet respublikaları üzrə apardığı sorğusunun nəticələrini elan edib. Qeyd edək ki, sorğu hər ölkədə 1000 respondent arasında keçirilib. Sorğuda bildirilir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkəmizdə vətəndaşların rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, demokratiya, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər əhali tərəfindən yüksək qiymətləndirilir.
"Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir" sualına cavab olaraq Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə edib. Şübhəsiz ki, məhz bu nəticələr Azərbaycanda gedən siyasi proseslər, müşahidə olunan iqtisadi inkişaf və xalqla iqtidar arasında mövcud olan birliyi şərtləndirən səbəblər haqqında geniş təhlillər aparmağa imkan verir. 2003 və 2008-ci ildə keçirilmiş prezident seçkilərində, 2009-cu ildə keçirilmiş referendumda Azərbaycan hakimiyyətinə öz iradəsi ilə dəstək olan Azərbaycan xalqının bu sorğuda təqdim olunan suala da "bəli" cavabı verməsi sürpriz sayılmamalıdır. Çünki xalqımızın öz hakimiyyətinə dəstək verməsi üçün səbəbləri kifayət qədər çoxdur.
İlk əvvəl vurğulanmalıdır ki, Prezident İlham Əliyevin ali məqsədi dövlətə və dövlətçiliyə, xalqa və vətəndaşa xidmət göstərməklə ölkənin inkişafına, hər bir vətəndaşın sosial tərəqqisinə nail olmaq, bu müvəffəqiyyətin və qələbələrin təntənəsindən xalqla birlikdə qürur duymaqdır. Bu müvəffəqiyyət, bu uğurlar Onun prezidentliyinin birinci beşilliyində özünü bütün komponentləri ilə təsdiq etdi. İlham Əliyevin prezidentliyinin ilk günündən başlayaraq dövlət idarəetmə sistemində struktur dəyişiklikləri baş verdi, həm siyasi, həm də iqtisadi sahələrdə mühüm keyfiyyət və kəmiyyət dəyişiklikləri ölkədə inkişaf meyillərinin dinamik xarakter almasına səbəb oldu. Müasir tələblərə cavab verən çevik idarəetmə strukturlarının yaradılması ölkənin inkişafı üçün nəzərdə tutulan bütün məqsədlərə çatmağa imkan verdi.
Prezident İlham Əliyev iqtisadiyyatda yeni keyfiyyət və kəmiyyət dəyişikliklərinə nail olmaq üçün dövlət strukturlarının fəaliyyətini təkmilləşdirməyə, onların işinin beynəlxalq idaretmə sisteminə və funksional siyasətin həyata keçirilməsinə imkan verən tələblərə çatmasına qərar verdi. Dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və yeni qurumların yaradılması idarəetmədə iqtisadi səmərəliliyi artırmaqla yanaşı, yeni funksional sistemin formalaşmasına imkan vermiş oldu. Məhz bu reallıqdır Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız tərəfindən dəstəklənməsini, cəmiyyətin hakimiyyətə inam və etimadını şərtləndirən səbəblər.

Dövlətin inkişafına və xalqın rifahının yaxşılaşmasına xidmət edən siyasət...

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahı və dövlət müstəqilliyinin daha da güclənməsinə yönəldiyindən Prezidentin fəaliyyəti həmişə xalq tərəfindən rəğbətlə qarşılanıb. Çünki bu siyasət əhalinin sosial və iqtisadi vəziyyətinin ilbəil yaxşılaşmasına əhəmiyyətli baza yaradıb. 2003-cü ildən ötən dövr ərzində iqtisadiyyatda müsbət meyillərin daha da güclənməsi, əhalinin pul gəlirlərinin və orta əməkhaqqının 20-25 faiz artması iqtisadiyyatda yeni dinamizmin başlandığını şərtləndirmiş olub. İlham Əliyevin hakimiyyətə gəlişindən cəmi bir il keçdikdən sonra Azərbaycanda orta aylıq əməkhaqqı 25 faiz artaraq 100 dollara yaxınlaşdı. 2004-cü ildə iqtisadiyyatın canlanması qarşıdakı illər üçün üfüqlər açmağa, əhalinin gözlədiyi tələblərin ödənilməsinə baza yaratdı. Təkcə 2003-cü ilin oktyabr ayından 2004-cü ilin sonuna qədər ölkədə iqtisadi artım 10 faizdən çox təşkil etdi. Ümumi daxili məhsulda özəl sektorun payı 74 faizə yüksəldi. Xarici investisiyalar 48 faiz artaraq 4 milyard dollara bərabər oldu. Minimum əməkhaqqı 2004-cü ilin əvvəlində 45 min manat (köhnə manatla) idisə, ilin sonunda 60 min manata çatdı. Bu rəqəm 2005-ci ildə 125 min manat təşkil etdi. Orduya ayrılan vəsaitin həcmi təxminən 20 faiz artırıldı və 2005-cü il üçün bu rəqəm 30 faiz civarında müəyyən edildi. Xarici ticarət dövriyyəsində 40 faiz artım müşahidə olundu. Respublikamızın valyuta ehtiyatları 1 milyard 800 milyon dollara çatdı. Bu və bu kimi digər bütün meyillər onu göstərdi ki, Azərbaycanın inkişafı, xalqın sosial imkanlarının yaxşılaşması məhz İlham Əliyevin rəhbərliyi dövründə geniş vüsət aldı.

"Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" iqtisadiyyatda yeni dinamizm gətirdi

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin iqtisadi inkişafında dinamizmi daha da gücləndirmək, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmaq istəyirdi. Bu iqtisadi hədəflər "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər) öz əksini tapmış oldu. Dövlət başçısı fəaliyyətinin ilk günlərindən bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls vermək üçün kompleks tədbirlər proqramının hazırlanmasına sərəncam verdi. Prezidentin özünün bəyan etdiyi kimi, bu sənəd iqtisadi siyasətin ən başlıca hədəflərindən biri idi: "Bu proqramın ilkin konturları hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim tərəfimdən təqdim edilmişdi. Bu, demək olar ki, mənim iqtisadi proqramımın vacib tərkib hissəsi idi".
"Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış oldu. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb oldu. Bölgələr arasında iqtisadi tarazlığın bərpa olunması, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılması strateji hədəflərə nail olunduğunu təsdiqlədi. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Bu Proqramın məzmunu birbaşa sosial xarakter daşıdığından son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb oldu. Prezidentin qeyd etdiyi kimi: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın və infrastruktur da inkişaf etsin".
Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, həqiqətən də aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı başa çatdırılıb. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları beş il əvvəlki simasından fərqləndirir. 740 mindən çox iş yerinin yaradılması isə iqtisadi inkişafı sürətləndirməklə yanaşı, bölgələrdə işsizliyin bir neçə dəfə azaldılmasına səbəb olub. Bu siyasət həm də yoxsulluğun azaldılması ilə bağlı dövlət siyasətinin uğurlarına töhfə verib. Yoxsulluğun azaldılmasında regional inkişaf proqramının çox böyük təsiri olub. Son beş ildə Azərbaycanda yoxsulluq 49 faizdən 13 faizə enib.
2009-2013-cü illəri əhatə edən "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" isə iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd olacaq. Əvvəlki proqramla müqayisədə yeni sənəddə nəzərdə tutulan layihələrin əsas bazasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edəcək. Ümumiyyətlə, yeni Dövlət Proqramı məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olacaq.

Sosial siyasətin dərinləşməsi insanların həyat səviyyəsini yaxşılaşdırıb

Prezident İlham Əliyevin sosial sahədə dinamizmə və əhalinin imkansız təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasına impuls verən qərarlarından başlıcası ünvanlı sosial yardımların tətbiqi ilə əlaqədardır. Bu mexanizmin reallaşması minlərlə ailənin vəziyyətinin yaxşılaşmasına, onlar üçün yeni maliyyə mənbələrinin təmin olunmasına səbəb olub. Region ölkələrinin və Avropanın bir çox dövlətlərinin sosial müdafiə sisteminə diqqət etsək, görərik ki, onların pensiya sistemində vətəndaşlara yardım və yaxud sosial güzəşt mezanizmi yox dərəcəsindədir. Hökumət onlara qayğı göstərsə də, təmənnasız yardım etmir. Artıq ünvanlı sosial yardım alan insanların sayı 800 minə çatıb. Bu siyasətin mühüm istiqamətləri paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsini də əhatə edir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi sosial siyasətin ən böyük istiqamətlərindən biri kimi həmişə ön yerdə dayanıb. Azərbaycan hökuməti qısa müddətdə qaçqın və məcburi köçkünlərin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Dövlət başçısının bəyan etdiyi kimi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayrılır. Bu məqsədlər üçün qəbul olunmuş proqramlar, imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş qərarlar insanların həyat səviyyəsini yaxşılaşdırıb, çadır şəhərciklərinin ləğvinə gətirib çıxarıb. Bu məqsədlə qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramına əsasən 500 milyon manat həcmində vəsait xərclənib. Yeni qəsəbələrin tikilməsi məcburi köçkünlərin məişət problemlərini həll edib. Prezident İlham Əliyev bu məqsədlərə beş il müddətində çata biləcəyini vəd etsə də verdiyi vədə dörd il müddətində nail oldu: "Mən 2003-cü ilin payızında prezident seçkiləri ərəfəsində söz vermişdim ki, növbəti beş ildə Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. İndi deyə bilərəm ki, biz bu məqsədə 4 il ərzində nail olduq. Sonuncu çadır şəhərcikləri ləğv edilibdir. Mən çox şadam ki, biz bu məqsədə dörd il ərzində nail ola bilmişik. Bu gün artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Əvvəllər o ağır, çətin vəziyyətdə yaşayan soydaşlarımız indi yeni evlərə köçürülür, yeni binalarda yaşayırlar. Bu qəsəbələrdə bütün infrastruktur yaradılmışdır. Gözəl evlər, yeni salınmış yollar, su xətləri, elektrik enerjisi, məktəb, tibb məntəqələri - yəni yaxşı yaşamaq üçün bütün imkanlar var. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər".

Mükəmməl iqtisadi konsepsiya dünya maliyyə böhranının ölkəmizə təsirinin qarşısını aldı

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ən mühüm üstünlüklərindən biri də dünya maliyyə böhranının bütün inkişaf etmiş dövlətlərin iqtisadiyyatına sarsıdıcı zərbələr vurduğu halda, respublikamıza təsir göstərə bilməməsidir. Dünya böhranının birinci və ikinci mərhələlərini dəf edən Azərbaycan makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, maliyyə sektorunda və real sektorda iqtisadi dinamizmin artmasına nail olmaqdadır. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın növbəti fazasının ölkəmizə mənfi təsirlərinin qarşısını almış olur.
Ən inkişaf etmiş ölkələrdə iqtisadi artım 1 faizə çatmadığı halda Azərbaycanın iqtisadiyyatı bu ilin birinci yarısında 3,6 faiz inkişaf edib. Qeyri-neft sektorunda artım 4,1 faizi ötməkdədir. Bu dövrdə inflyasiya 3,7 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 19 faiz artıb. Orta əməkhaqqı bu il təxminən 15 faiz yüksəlib. Bütün bu arqumentlər Azərbaycanın əvvəlki tək inkişaf tempini qoruyub saxladığını təsdiqləmiş oldu.
Azərbaycanın böhrana qarşı tədbirlər planının əsas ssenariləri makroiqtisadi sabitliyin möhkəmlənməsinə və davamlı inkişafın intensiv xarakter almasına impuls verməkdən ibarətdir. Ötən müddət ərzində həmin sahələrin hər biri üzrə müşayiət olunan dinamizm qarşıya qoyulan məqsədlərə nail olunduğunu şərtləndirmiş olur.

Azərbaycan ən yüksək inkişaf etmiş ölkəyə çevrilir...

"Mən Azərbaycanı ən yüksək inkişaf etmiş ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm". Prezidentin bu əminliyi artıq özünü bütün sahələrdə göstərməklə zəngin Azərbaycan üçün dərin təməllərin yaradıldığını şərtləndirmiş olur. Bölgələrin simasının dəyişməsi, istehsal sahələrinin sıx şəbəkəsinin təmin edilməsi, əhalinin gəlirlərinin son illərdə 5 dəfədən çox artması, Azərbaycanın iqtisadi artım tempinə görə, dünyada lider ölkəyə çevrilməsi bu nailiyyətlərin başlıca istiqamətləridir. Bu müddətdə ölkədə istər əməkhaqqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Son beş ildə iqtisadiyyatda artım tempinin 96 faizi ötməsi, ümumi daxili məhsulun artım tempinə görə 4 ildir ki, liderliyini qoruması, əhalinin pul gəlirlərinin 35 faizdən çox olması, əhalinin əmanət və depozit qoyuluşlarının bir neçə dəfə yüksəlməsi düşünülmüş iqtisadi siyasətin başlıca uğurlarıdır.

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti...


İqtisadi sahədə əldə olunmuş bu uğurlarla yanaşı, digər sferalarda qazanılmış nailiyyətlərdən də fərəhlə danışa bilərik. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün dünya dövlətləri ilə bərabər səviyyəli əməkdaşlığın qurulması və münasibətlərdə, hər şeydən əvvəl, məhz dövlətimizin mənafe və maraqlarının qorunmasına xidmət edən balanslaşdırılmış və ya tarazlaşdırılmış xarici siyasət kursunun uğurla icra olunması Azərbaycanı dəyişən geosiyasi şərtlər fonunda qarşıya çıxan böyük problemlərdən mühafizə edib.
Sirr deyil ki, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişədə atəşkəs elan olunmasına baxmayaraq, aradan ötən 15 il ərzində yekun həllə müvəffəq olmaq mümkün olmayıb. Bunun bir və ilk səbəbi Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe sərgiləməsidirsə, digər bir səbəb də beynəlxalq ictimaiyyətin Yerevanın bu mövqeyinə qarşı etinasız yanaşmasıdır. Amma artıq zaman o zaman deyil. Məhz haqqında danışdığımız balanslaşdırılmış xarici siyasət kursu bu problemin həllində proseslərin ölkəmizin xeyrinə işləməyə başlamasını təmin edib. Misal olaraq, son bir ildə müşahidə etdiyimiz hadisələri sadalamaq kifayətdir. Dövlət başçıları arasında danışıqlar intensivləşib, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı olaraq müdafiə olunur və dünya ictimaiyyəti bu prinsipi dəstəkləyir, BMT, NATO, AŞPA, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini qəbul etdiyi qətnamələrdə əks etdirir.
Deməli, artıq illərdir həyata keçirilən siyasi kurs bu istiqamətdə də öz müsbət nəticələrini verməkdədir. Bu işdə də hakimiyyətin ən güvəndiyi yer öz xalqıdır. Məhz xalqın birliyi, xalqın hakimiyyətə inamı və hakimiyyətin xalqın mənafeyinə uyğun hərəkəti xalq-hakimiyyət tandeminin əldə etdiyi uğurların əsas bazasıdır.

Azərbaycan idman ölkəsi kimi tanınır

Siyasi və iqtisadi sahədə əldə olunan yüksək nəticələr digər sahələr üzrə də effektiv tədbirlər həyata keçirməyə, daha geniş və planlı işlər görməyə imkan verir. Bu sahələrdən biri də idmandır. Birmənalı olaraq vurğulanmalıdır ki, Azərbaycan idmanında bu gün əldə olunan yüksək nəticələrin özülü 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə qoyulub. Bu illər ərzində Azərbaycanda idmanın inkişafına və idmançılara böyük diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin səylərinə idmançılarımız Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında, müxtəlif səviyyəli idman yarışlarında əldə etdikləri medallarla cavab verməyə çalışıblar. Xatırladaq ki, Azərbaycan Atlantada keçirilən Olimpiya oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində isə 7 medal qazandı. Bu, böyük bir uğur və ciddi inkişafdır. Və Olimpiadalarda iştirak etdiyimiz idman növlərinin sayı ildən-ilə artmaqdadır.
Təsadüfi deyil ki, bu gün Azərbaycan idman ölkəsi kimi tanınır. İdmanda əldə olunan yüksək nəticələrlə yanaşı, ölkəmizdə bu sahənin möhkəm təməlləri yaradılmaqdadır və son illər maddi-texniki təchizatın yaxşılaşdırılması üçün böyük işlər görülüb. Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya komplekslərinin inşa olunması və gənclərin, idman ictimaiyyətinin ixtiyarına verilməsi bu məqsədə xidmət edir. Bu gün ölkəmizin müxtəlif regionlarında 20 olimpiya kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə üzgüçülük hovuzları, voleybol meydançaları, bəzilərində, hətta idmançıların orada yaşaması üçün şərait də var.
İdmandan söz düşmüşkən, bir neçə il öncə bəziləri Azərbaycanın kollektiv idman növlərində, xüsusən də, futbolda elə də böyük nəticələr əldə etməməsini bəhanə kimi irəli sürərək inkişafa kölgə salmaq istəyirdilər. Amma artıq onların bu bəhanələri də əlindən alınıb. "Futbolun İnkişafına dair Dövlət Proqramı"nın uğurla icra olunması nəticəsində də bu sahədə durğunluq tamamilə aradan qaldırılıb və Azərbaycanın futbol komandalarının son günlərdə əldə etdikləri böyük nailiyyətlər bu deyilənlərə sübutdur.

Ulu öndərin milli-mədəni intibah amalı bu gün də yaşayır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti dövründə yenidən dirçəlmiş, bərpa olunmuş milli-mədəni ənənələrimiz, dəyərlərimiz bu gün də ən yüksək səviyyədə qorunmaqdadır. Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin də hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı bir daha təsdiq edir ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, ümummilli təkamülə təminat yaradır.
Ötən illər ərzində dövlət başçısı İlham Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinin fəxri adlarla təltif edilməsi, mükafatlandırılması və daha çox xidməti olan mədəniyyət xadimlərinə Prezident təqaüdünün ayrılması da daxil olmaqla onlarla sərəncam imzalanıb. Bundan başqa, tanınmış sənət adamlarından çoxunun mənzil şəraiti, sosial vəziyyəti yaxşılaşdırılıb. Mədəniyyət müəssisələrində çalışanların əməkhaqlarının artırılması, mədəniyyət müəssisələrinin, xüsusən, paytaxtdakı teatr və muzey binalarının əsaslı təmir və bərpa etdirilməsi üçün müvafiq sənədlərin imzalanması, habelə, bu sahəyə dövlət büdcəsindən lazımi qədər vəsaitin ayrılmasına tapşırıqlar verilməsi ulu öndər Heydər Əliyevin mədəniyyət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə dəlalət edir.

Problem nə "Gallup"dadır, nə də xalqda. Problem müxalifətin yarımçıq fantaziyasındadır

Beləliklə, sadalanan və digər sadalanmayan faktlara istinad edərək, əslində, Azərbaycan xalqının Prezident İlham Əliyevi niyə bu qədər dəstəklədikləri sualına cavab tapmaq elə də çətin deyil. Azərbaycan ictimaiyyəti, xalqımız parlaq gələcəyi, dövlətimizin inkişafı yolunda çalışan, bütün gücünü, bacarığını bu amallara həsr edən bir LİDERi başqa cür də qiymətləndirə bilməz. Azərbaycan xalqı Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin inkişafa, ədalətə, xalqımızın milli mənafeyinə, milli maraqlarımıza söykəndiyini görür və bu siyasi kursa praktik olaraq dəstək verir. Bəli, bu gün keçirilən sorğunun nəticələrinin arxasında əməli iş dayanır. Və bu faktor Azərbaycan xalqının öz hakimiyyətinə inamının artmasında mühüm rol oynayır. Amma nədənsə özlərini müxalifət adlandıran bir sıra qüvvələr bundan narahatçılıq keçirirlər. Bu narahatçılıqlarını gizlətmək üçün isə getmədikləri oyun, danışmadıqları yalan qalmayıb. Hətta dünyada məşhur olan "Gallup" təşkilatının sorğularının obyektiv olmadığını iddia edən həmin qüvvələr üçün, görəsən, obyektiv həqiqət nədən ibarətdir? Bəlkə partiya qərargahında 3-4 nəfər partiya işçisinin yarımçıq fantaziyasına uyğun olaraq hazırladığı və cəmiyyətə sırımağa çalışdığı rəy sorğuları çox əhatəli və ədalətlidir? Əgər onlar 10 minlərlə əməkdaşı olan bir təşkilatın hazırladığı və təqdim etdiyi araşdırmanı obyektiv saymırlarsa, xalqın iradəsi ilə verdiyi dəstəyi obyektiv hesab etmirlərsə, onda problemi özlərində axtarmalıdırlar - nə "Gallup"da, nə də xalqda.

Digər xəbərlər