PDF Oxu

Siyasət

  • 5

Azərbaycan - Latviya münasibətləri strateji tərəfdaşlığa çevrilir

Azərbaycan - Latviya münasibətləri strateji tərəfdaşlığa çevrilir

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Valdis Zatlersin avqustun 10-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Latviya Prezidenti Valdis Zatlersi və xanımı Lilita Zatlereni səmimiyyətlə qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi. Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Valdis Zatlersə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü

Avqustun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə birgə görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü keçirilib. Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə etdilər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verdiyi vurğulandı. Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da dərinləşməsi üçün geniş potensialın olduğu bildirildi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edildi.

Prezidentlərin geniş tərkibdə görüşü

Avqustun 10-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizi Azərbaycanda salamlamaq istəyirəm. Sizi ölkəmizdə görməkdən çox məmnunam. Ölkəmizə etdiyiniz rəsmi səfərə biz böyük önəm veririk. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və bu səfərdən sonra ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı davam edəcəkdir. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqdan məmnunuq. Ümid edirik ki, səfəriniz ölkələrimiz arasında iqtisadi əməkdaşlığa təkan verəcək, xüsusilə də sabah keçiriləcək və əyani nəticələrə gətirib çıxaracaq biznes forumdan böyük gözləntilərimiz vardır. Biz beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edirik. NATO və Avropa İttifaqı ilə əməkdaşlığımızda ölkənizin dəstəyini hiss edirik. Ümumiyyətlə, ölkələrimiz arasındakı əlaqələr hesab edirəm ki, çox yüksək səviyyədədir. Lakin biz əməkdaşlığımızı müxtəlif sahələrdə gücləndirmək və genişləndirmək üçün çox iş görməliyik və tərəfdaşlıq əlaqələrimizin inkişafını davam etdirməliyik. Əminəm ki, səfəriniz bu istiqamətdə önəmli bir addım olacaqdır.
Sizə və nümayəndə heyətinizə Bakıda uğurlu səfər arzulayıram.

Latviya Prezidenti Valdis ZATLERS səmimi qəbul üçün təşəkkür edərək dedi:
- Çox təşəkkür edirəm, cənab Prezident. Ölkənizə səfərə dəvətinizə görə Sizə çox minnətdaram. Bu, Azərbaycana ilk səfərimdir. Ümid edirəm ki, bu səfər çox uğurlu olacaqdır.
Azərbaycan və Latviya arasındakı ikitərəfli münasibətləri iki ölkənin əlaqələrinin gözəl nümunəsi kimi xarakterizə edərdim. Adətən, biz bir-birimizdən məsafəcə nə qədər uzaq olduğumuzu ölçürük. Ən yaxşı ölçü təyyarə ilə birbaşa uçuş məsafəsinin nə qədər olmasıdır. Bu, 3 saat yarıma bərabərdir, güclü külək əsdikdə isə 4 saatdır, deməli, çox yaxındır. Bildiyiniz kimi, səfərim zamanı məni işgüzar adamlardan ibarət böyük bir qrup müşayiət edir. Son iki-üç, dörd-beş il ərzində ölkələrimiz arasında biznes əlaqələri sürətlə inkişaf etmişdir. Qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan və Latviyanın işgüzar adamları arasındakı əlaqələr daha da səmərəli olmuşdur. Hesab edirəm ki, biz gələcək üçün, xalqlarımız, xalqlarımızın rifahı və dövlətlərimiz üçün fayda gətirəcək bir çox yolları müəyyənləşdirməliyik. Burada olmaqdan çox şadam və nümayəndə heyəti adından sizə bir daha təşəkkür edirəm.

Azərbaycan - Latviya sənədlərinin imzalanması

Avqustun 10-da geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin iştirakı ilə Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Valdis Zatlers birgə Bəyannamə imzaladılar.
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Latviyanın Patent İdarəsinin direktoru Zigfrids Aumeistars imzaladılar. "Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Latviyanın xarici işlər naziri Maris Riekstins imzaladılar.
"Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviyanın iqtisadiyyat naziri Artis Kampars imzaladılar.

Avqustun 10-da ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Valdis Zatlers mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək demişdir:

- Hörmətli cənab Prezident! -Hörmətli qonaqlar!

Xanımlar və cənablar! Mən Sizi - Latviya Prezidentini bir daha Azərbaycan Respublikasında salamlamaq istəyirəm. Bu gün bizim çox məhsuldar müzakirələrimiz və ölkələrimiz arasındakı münasibətlərlə bağlı danışıqlarımız oldu. Biz Latviya Prezidentinin ölkəmizə səfərinə yüksək əhəmiyyət veririk və hesab edirəm ki, ikitərəfli münasibətlərimiz bu səfərdən sonra birmənalı olaraq ciddi şəkildə inkişaf edəcəkdir. Hazırda əlaqələrimiz bir çox sahələrdə inkişaf edir. Bizim yaxşı siyasi əməkdaşlığımız vardır. Məhsuldar dialoq gedir. Biz iqtisadi əməkdaşlığımızı artırırıq və əminəm ki, sabah keçiriləcək biznes forum hər iki ölkənin iş adamlarına bir-birilərini daha yaxşı tanımağa və birgə layihələri həyata keçirməyə imkan yaradacaqdır. Bizim münasibətlərimiz bir çox digər sahələri də əhatə edir. Bu gün biz informasiya texnologiyaları, turizm, mədəniyyət, nəqliyyat, energetika sahələrində əməkdaşlığı da nəzərdən keçirdik və perspektivlər haqqında danışdıq. Bu gün imzaladığımız sənədlər əminəm ki, əməkdaşlığımızın böyük qanunverici əsaslarını daha da genişləndirəcəkdir. Başqa sözlə desək, Latviya ilə Azərbaycan arasındakı münasibətlər çox uğurla inkişaf edir. Əlaqələrimizin çox yaxşı gələcəyi vardır və əminəm ki, gələn illər ərzində bügünkü sazişlərin bir çox konkret nəticələrini görəcəyik. Biz NATO və Avropa İttifaqı ilə apardığımız əməkdaşlığa Latviyanın verdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan NATO-nun Fərdi tərəfdaşlıq və əməkdaşlıq planında fəal iştirak edir. Biz, eyni zamanda, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüyük və təşkilatlar çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq, həmçinin, bizim müxtəlif sahələrdəki əlaqələrimizin inkişafına yardım edəcəkdir. Energetika əməkdaşlığı bizim Avropa İttifaqı ilə münasibətlərimizin xüsusi bir hissəsini təşkil edir. Biz enerji məsələləri ilə bağlı yüksək səviyyəli müzakirələr aparırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Biz enerji ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql edən boru kəmərlərini çəkmişik, Avropa İttifaqının bazarlarına çıxışı əldə etmişik və gələcəkdə daşınan enerji ehtiyatlarının həcmi daha da artacaqdır. Bu, hər iki tərəfə imkan yaradacaq ki, bu məhsuldar əməkdaşlıqdan bəhrələnsin. Təbii ki, bütün bu sahələrdəki əməkdaşlıq tarazlı şəkildə aparılmalıdır və burada tranzit, istehlakçı və istehsalçı ölkələrin maraqları bərabər şəkildə təmin edilməlidir. Hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sahələri olacaqdır və Şərq tərəfdaşlığı buna zəmin yaradır. Əlbəttə ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, o cümlədən Avropa təşkilatları ilə əməkdaşlıq çərçivəsindəki münasibətlərimiz uğurla davam edəcəkdir. Bu gün Prezidentin səfəri bu istiqamətdə atılan mühüm addımdır və əminəm ki, bu səfər gələcək əməkdaşlığımız üçün bir çox mühüm nəticələr verəcəkdir. Bir daha demək istəyirəm, cənab Prezident ölkəmizə xoş gəlmisiniz.

Latviya Prezidenti Valdis ZATLERS bəyanatla çıxış edərək dedi: -Zati-aliləri!

Xanımlar və cənablar! İlk öncə Azərbaycana səfər etmək məqsədi ilə səmimi dəvətinə görə mən Prezident Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Apardığımız müzakirələr zamanı biz Latviya ilə Azərbaycan arasında münasibətlərin əla olduğunu qeyd etdik. Bu, həqiqətdir. Çünki hazırda qlobal və regional səviyyədə mövcud olan siyasi məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Son 4-5 il ərzində iqtisadi münasibətlərimiz daha da genişlənib, ticarət dövriyyəsi 2 və hətta 3 dəfə artıb. Lakin hesab edirəm ki, xüsusən də böhran zamanı daha böyük işlər görmək üçün imkanlar vardır. Biz yaxşı tərəfdaş olmalı, faydalı müqavilələrdə iştirak etməli və beləliklə, ölkələrimiz arasında əməkdaşlığın möhkəm əsasını yaratmalıyıq. Əlbəttə ki, biz Sizin ölkə ilə NATO və Avropa İttifaqının üzvü kimi də əməkdaşlıq edirik. Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş inteqrasiyanın baş tutmasına yönəlmiş bu təşkilatın Şərq tərəfdaşlığı proqramına mümkün qədər dəstək verəcəyik. Biz istəyirik ki, ölkəniz bizim istədiyimiz qədər və Sizin maraqlarınıza uyğun şəkildə inteqrasiya etsin. NATO ilə tərəfdaşlığa gəldikdə, biz Əfqanıstanda İSAF missiyası çərçivəsində əməkdaşlıq edirik. Latviya Azərbaycanın bu missiyaya verdiyi dəstəyinə görə minnətdardır və bunu yüksək dəyərləndirir. Bu, Mərkəzi Asiyada sabitliklə bağlı olan məsələdir. Mən Azərbaycanın Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsində oynadığı rolu xüsusilə qeyd etmək istəyirəm. Bir il əvvəl vəziyyətin gərginləşdiyi dövrdə Sizin müdrik siyasətiniz sayəsində bir çox nəticələrə nail olmaq mümkün oldu. Belə halda, özümüzü Qafqazda daha təhlükəsiz hiss edirik. Gələcəkdə vəziyyətin yaxşılaşması üçün daha aydın planlarımız vardır. Latviya Prezidenti Avropada enerji təhlükəsizliyinin təminatı məsələsinə də toxundu. Bu baxımdan qitəyə enerji daşıyıcılarının çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini vurğuladı. Nabukko layihəsinin əhəmiyyətindən danışan Valdis Zatlers bildirdi ki, bu cür layihələrin icrası nəql yollarının şaxələndirilməsinə xidmət edir. Bu, öz növbəsində, enerji sahəsində real bazarların yaranması, son nəticədə isə sabitləşdirici amil deməkdir. Gələcək əməkdaşlıq üçün bir çox əlavə imkanlar vardır, - deyən Latviya Prezidenti bildirdi ki, müzakirələrimiz zamanı qeyd etdiyimiz kimi, hökumətlərarası komissiya bu gün bütün məqsədlərə nail olub. Demək, biz gələcək üçün yeni məqsədləri müəyyən etməliyik. Həmin işi sabah naminə bu gün görməliyik. Bu, mənim Sizin gözəl ölkənizə səfərimin yekun məqsədini təşkil edir. Mən səmimi qəbula görə Sizin ölkənizə, Prezident Əliyevə olduqca minnətdaram. Hesab edirəm ki, xalqlarımızın və ölkələrimizin yaxşı gələcəyi vardır. Çox sağ olun.

Daha sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
Ella Batmane ("Onlayn Media Apollo"): Mənim sualım Prezident Əliyevədir. Sizin fikrinizcə, Azərbaycanın iş adamları Latviyanın hansı sahələrinə sərmayə qoya bilərlər?
Prezident İlham ƏLİYEV: Bu, təbii ki, onlardan asılı olan bir qərar olacaq. Biz isə öz növbəmizdə ölkələrimizin işgüzar dairələrinə yardım etməyə çalışırıq ki, onlar bir-birini daha yaxşı tanısınlar, birgə layihələrdə iştirak etsinlər. Hesab edirəm ki, sabah keçiriləcək biznes forum bu cür imkanları yaradacaqdır.
Hökumətlərarası iqtisadi komissiya bu səyləri sadəcə əlaqələndirməlidir. Prioritetləri müəyyən etməli, hüquqi baza haqqında lazımi təqdimatları verməli, sərmayə imkanları və mühiti, vergilər haqqında məlumatı təqdim etməli və ümumi iqtisadi vəziyyəti təsvir etməlidir. Eyni zamanda, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq müxtəlif sahələrə aid olmalıdır. Çünki iqtisadiyyatlarımız bir-birini dəstəkləyir. Onlar bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyildir. Bu iqtisadiyyatlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır.
Əminəm ki, Azərbaycan və Latviya şirkətləri hər iki ölkədə uğurla işləyə bilərlər. Onlar hər iki ölkədə sərmayədar, podratçı kimi işləyə bilərlər. Sabah təşkil olunacaq geniş müzakirə zamanı hər iki ölkənin işgüzar dairələri üçün sərmayə imkanları açıqlanacaqdır. İşgüzar dairələr arasında təmaslar yaxşı siyasi münasibətlərimizə dəstək verəcək və ümumilikdə ölkələrimiz arasında əlaqələr özəl sektorun dəstəyi ilə uğurla inkişaf edəcəkdir.
Nəsib Muxtarov (Azərbaycan Televiziyası): Sualım Prezident Valdis Zatlersədir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə böyük maneədir. Avropa İttifaqının üzvü kimi ölkənizin münaqişənin nizamlanması istiqamətində mövqeyi nədən ibarətdir?
Prezident Valdis ZATLERS: Bu münaqişə beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının prinsipləri əsasında dinc yolla həll edilməlidir. Burada tələsmək olmaz. Müəyyən addımlar atılıbdır. ATƏT-in Minsk qrupunun işini və Madriddə müəyyən edilmiş prinsiplər nəzərə alınmalıdır. Səbirli və ehtiyatlı olmalıyıq, silahsızlaşmaya çalışmalıyıq. Biz sülhə müharibə ilə nail ola bilmərik. Sülh danışıqlar yolu ilə əldə olunmalıdır. Bəzi hallarda bu, darıxdırıcı görünür, lakin yekun nəticə uzunmüddətli və davamlı olmalıdır. Latviya hər hansı bu cür münaqişəyə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə belə yanaşır.
Çox sağ olun!

Ali ordenlərin təqdim olunma mərasimi

Avqustun 10-da Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Latviya Prezidenti Valdis Zatlersin və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib. Prezident İlham Əliyev Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Prezident Valdis Zatlersə "Heydər Əliyev" ordenini təqdim etdi. Prezident Valdis Zatlers ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafındakı müstəsna xidmətlərinə görə Prezident İlham Əliyevə "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsini təqdim etdi.


Prezident Sərəncam imazalayıb

Prezident İlham Əliyev Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Latviya Respublikasının Prezidenti Valdis Zatlersin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Müasir İncəsənət Muzeyi ilə tanışlıq

Avqustun 10-da Latviya Prezidentinin xanımı Lilita Zatlere və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Müasir İncəsənət Muzeyində olublar. Latviyanın birinci xanımı YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etdi.
Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb.
Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş bir çox fırça ustası və heykəltəraşların əsərlərinə maraqla tamaşa edib. Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəssamın işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş olunur. Latviyanın birinci xanımı Lilita Zatlere Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək, muzeydən zəngin təəssüratlarla ayrıldı.

Latviyanın birinci xanımı Talassemiya Mərkəzində olub

Latviyanın birinci xanımı Lilita Zatlere avqustun 10-da Talassemiya Mərkəzində olub. Mərkəzin direktoru Azər Kərimov müalicə ocağı barədə qonağa məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan və yenicə istifadəyə verilən mərkəz həmin xəstəliyə düçar olanlar üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir.
Hazırda Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır və onlardan 700 nəfərə yaxını daimi nəzarət altındadır. Mərkəzin üç regional şöbəsi də fəaliyyət göstərir. Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılıb. Qeyd olundu ki, burada donorlardan götürülən qan dərhal müayinə edilir.
Xanım Lilita Zatlere mərkəzin mərtəbələrini gəzərək konfrans zalına, yeməkxanaya, reanimasiya bölməsinə, manipulyasiya və transplantasiya, sterilləşdirmə otaqlarına baxdı. Bildirildi ki, mərkəzdə sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı fəaliyyət göstərir. Xəstələr xüsusi qapalı şəraitdə 100 gün ərzində müalicə alırlar.
Transfuziya zalı və 12 otaqdan ibarət klinika, manipulyasiya, ümumi laboratoriya, şüa diaqnostikası, əməliyyat otaqları, manipulyar-diaqnostik laboratoriya barədə də qonağa ətraflı məlumat verildi. Qeyd olundu ki, mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir. Çay süfrəsi arxasında davam edən söhbət zamanı xanım Lilita Zatlere ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldığını bildirdi. Qonaq mərkəzin birinci mərtəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti önündə xatirə şəkli çəkdirdi.

Digər xəbərlər