Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında, həmçinin, onun beynəlxalq nüfuzunun artırılmasında böyük inkişaf mərhələsi olan 2003-2009-cü illərdə neft strategiyası tədbirlərinin ardıcıl gerçəkləşdirilməsi, ölkə iqtisadiyyatında düşünülmüş islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafına güclü dəstək verilməsi, respublikanın ümumi tərəqqisi üçün bütün zəruri infrakstruktur sistemlərinin yaradılması, xalqın rifahının yüksəldilməsi və əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılması, xarici şirkətlər üçün əlverişli investisiya mühitinin bərqərar edilməsi və qeyri-neft sektoru sahələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən möhtəşəm işlər Azərbaycanın tezliklə ümumi iqtisadi dirçəlişini təmin etdi.
Son illər ölkənin hərtərəfli yüksək inkişafını səciyyələndirən məlum faktları sadalamadan təkcə onu qeyd etmək kifayətdir ki, tərəqqi yolunu inamla davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrinin yüksək səviyyəyə qaldırılmasına nail oldu. Möhtəşəm neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi vaxtında başa çatdırıldı.
Yeni şəraitdə ölkənin daha sürətli və hərtərəfli inkişafını təmin etmək üçün sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsasında regionların sosial-iqtisadi inkişafi vəzifəsi ön plana çəkildi. Bu böyük məqsədə nail olmaq üçün cənab İlham Əliyev hələ Nazirlər Kabinetinin sədri olarkən ölkədə qarşıdakı 5 il ərzində 600 min yeni iş yerinin yaradılmasını təmin etməyin mümkünlüyünü bildirdi.
Prezident seçildikdən sonra isə ölkə əhəmiyyətli mühüm sənədlərdən birini- 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramını təsdiq etdi. Nəticədə verilmiş vədlər artıqlaması ilə yerinə yetirildi, 5 ildə 750 min yeni iş yeri yaradıldı.
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində regionların malik olduğu zəngin maddi sərvətlərdən və əmək ehtiyatlarından istifadə etmək əsasında qeyri-neft sektorunun mühüm sahələrinin inkişafının sürətləndirilməsinə, xidmətin və geniş infrastruktur təminatının, habelə, onların keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, əlverişli investisiya mühitinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və yoxsulluğun azaldılmasına nail olundu. Bu zəruri tədbirlərin həyata keçirilməsi ilə regionlarda məhsuldar qüvvələrin ümumi artım imkanları əsaslı surətdə genişləndirildi.
Ölkə Prezidenti cənab İlham Əliyev birinci Dövlət Proqramının davamı olaraq 14 aprel 2009-cu ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında yeni Fərman imzaladı.
Ölkə rəhbəri qeyd edirdi ki, əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Bu iki proqram arasında prinsipial fərq ondan ibarətdir ki, birinci proqramda üstünlük infrastruktur sisteminin əsaslı surətdə yenidən qurulmasına verilirdisə, ikinci proqramda bu işi davam etdirməklə ölkənin təbii və əmək potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulurdu. Başqa sözlə, ikinci proqramda bu gün regionların sosial-iqtisadi inkişafı üçün çox vacib olan istehsalın müxtəlif sahələrinin inkişafı məsələsi ön plana çəkilir.
Ümumiyyətlə, ölkənin bu sahədə imkanlarının hərtərəfli qiymətləndirilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan pambıq və ipək parça toxuculuq məmulatları ilə nəinki öz tələbatını tam ödəyə bilər, eyni zamanda, müasir texnologiyalara əsaslanaraq yüksək keyfiyyətli rəqabətə davamlı ixracyönümlü parça məmulatları istehsalına görə dünya bazarlarında layiqli yer tutar.
Bu fikirləri kənd təsərrüfatında üzümçülük, çayçılıq, zeytunçuluq və meyvə-tərəvəzçilik sahələrinin daha böyük həcmdə genişləndirilməsi hesabına müvafiq emal sənayesi məhsulları istehsalını artırmaq barədə də demək olar.
Təqdirəlayiq haldır ki, hazırda ilk dəfə ölkədə ərzaq təhlükəsizliyində mühüm rol oynayan arıçılıq kimi mühüm təsərrüfat sahəsi 9 rayonda kənd təsərrüfatının aparıcı sahələrindən biri səviyyəsində qiymətləndirilr. Bu sahədə əldə ediləcək uğurlar gələcəkdə ölkədə sənaye əsasında bu sahənin daha da geniş miqyasda inkişafına zəmin yarada bilər.