Azərbaycan iqtisadiyyatının son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri qeyri-neft sektorunun dəstəklənməsi, habelə, prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında reallaşdırılmasıdır.
Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur.
İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.
2008-ci ildən dünyanı bürüyən qlobal maliyyə böhranının cari ildə daha da dərinləşməsinə rəğmən, Azərbaycan iqtisadiyyatı bu prosesə ciddi müqavimət göstərir və tarazlığını qoruyub saxlayır.
Neftin qiymətlərinin 3-4 dəfəyədək aşağı düşməsinə rəğmən, son 6 ayda ümumi daxili məhsulun 3.6 faizlik artımı respublikada iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin praktik nəticəsindən xəbər verir.
Dövlət başçısının iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti xüsusi cəlb edir.
"Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik"- Prezident bildirib.
Bu fərmanların əsas qayəsi ölkədə sahibkarlığın inkişafını sürətləndirməklə, əmək ehtiyatlarından, təbii resurslardan səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin daha da azaldılmasına nail olmaqdan ibarətdir.
Cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz hesab etməklə yanaşı, qeyri-neft sektorunun daha çox respublikanın bölgələrində inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışır.
Dövlət başçısı çıxışlarında hər zaman vurğulayır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-sabitlik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür.
Hazırda dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir.
Regionlara göstərilən diqqətə görədir ki, ötən 5 ildə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artıb. Bunun nəticəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13 faizə enib.
Bu gün digər ölkələrdən fərqli olaraq Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür, milli valyuta devalvasiyaya məruz qalmır, əhalinin sosial mənafeyi dövlət tərəfindən qorunur. Dünya ölkələrində 2009-cu ilin ilk yarısında iqtisadi tənəzzül müşahidə edilsə də, Azərbaycanda əksinə olun- iqtisadi artım müşahidə olunub.
Qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri də regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir.
Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Artıq milli sahibkarlığın ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatıb. Azərbaycan bu gün nəinki öz iqtisadiyyatını daxili imkanlar hesabına inkişaf etdirir, hətta bəzi dövlətlərin iqtisadiyyatına investisiyalar yatırır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qlobal maliyyə böhranının zərbəsi ilk növbədə bank sektoruna dəyir, bankların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problem yaranmayıb.
Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında Azərbaycanın tarazlı və davamlı inkişafı üçün əsas konturları bir daha bəyan etdi. Dövlət tərəfindən sahibkarlığın inkişafına yardımların davam etdirilməsi nəzərdə tutulur və bu da real sektora maliyyə dəstəyinin davamlı şəkildə həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Bu vəsaitlərin, eyni zamanda, ipoteka bazarının canlandırılmasına yönəldilməsi nəzərdə tutulur. İpoteka kreditlərinin verilməsinə başlanılması tikinti sektorunun da böhranla üzləşməsinin qarşısının alınması baxımından vacibdir.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm nəticələrindən biri də ölkənin sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsiylə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür.
Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır.
Dövlət başçısı hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə, xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər.
Xüsüsən də, məhsullarını dünya bazarlarına ixrac edən emal sənayesi müəssisələrinə dövlət dəstəyinin göstərilməsi son dərəcə zəruridir. Qlobal maliyyə böhranı şəraitində sənaye müəssisələrinə dövlət yardımlarının göstərilməsi antiböhran tədbirlərinin mühüm tərkib hissəsidir.
Bütün bunların fonunda əminliklə demək olar ki, Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi prosesi demokratik prinsiplərə söykənməklə yanaşı, respublikada makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, real sektorun dinamik inkişafına, onun maliyyə təminatının gücləndirilməsinə xidmət edir.
Azərbaycanda həyata keçirilmiş düzgün iqtisadi siyasət Azərbaycanın dinamik inkişaf edəcəyinə, qarşıya qoyduğu bir sıra vəzifələri uğurla yerinə yetirəcəyinə etibarlı zəmin yaradır. Bu siyasət artıq öz müsbət nəticələrini verib- bu, 2009-cu ilin ilk 6 ayının yekunlarında daha aydın göründü.