PDF Oxu

Siyasət

  • 9

Naxçıvan tərəqqi və inkişaf yolundadır

Naxçıvan tərəqqi və inkişaf yolundadır
"Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əlindən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir.  Biz bu amili qoruyub saxlamalıyıq".
Heydər Əliyev
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri bir sıra əlamətdar məqamlarla yaddaqalan oldu. Səfərin gedişi növbəti dəfə təsdiqlədi ki, dövlət başçısı blokada şəraitində yaşayan bu qədim diyarın sosial-iqtisadi inkişafını, yerli infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasını, əhalinin faydalı məşğulluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır.
Prezidentin Naxçıvana son səfəri onu da təsdiqlədi ki, muxtar respublika dinamik inkişaf yolundadır və infrastruktur baxımdan müasirləşir. Bundan başqa, sadə naxçıvanlıları narahat edən problemlərin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirmiş naxçıvanlılar isə Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi islahatları, böyük quruculuq işlərini ürəkdən dəstəkləyirlər.
Bu səfər onu da nümayiş etdirdi ki, bütün resursları-ölkənin intelektual, maliyyə, kadr və s. potensialını Azərbaycanın  inkişafına səfərbər edən Prezident bununla verdiyi vədlərə sadiqdir. Prezident İlham Əliyevin son  vaxtlar imzaladığı mühüm dövlət proqramları, fərman və sərəncamlar bir daha göstərir ki, onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə təmənnasız xidmət prinsipi üzərində qurulub. Eləcə də Azərbaycanın bu müddətdə qazandığı böyük nailiyyətləri gündəlik həyatında hiss edən, möhkəm təməllərə söykənən iqtisadi-siyasi sabitlik, əmin-amanlıq və sülh şəraitində yaşayan orta statistik azərbaycanlının  aparılan siyasətdə münasibətinin son dərəcə düzgün və dəyişməz olduğu təsdiqlənib. Prezident İlham Əliyevin yorulmaz, əzmkar fəaliyyəti, tükənməz səyləri, prinsipiallığı ilə xalqın bu siyasi kursa inamını və dəstəyini daha da artırır.
Qeyd edək ki, İlham Əliyev Naxçıvana səfəri çərçivəsində bir sıra obyektlərlə yanaşı,  Naxçıvan şəhərindəki Doğum Evi, Şərurdakı Olimpiya İdman Kompleksi, Şahbuzdakı Mərkəzi Rayon Xəstəxanası  və digər sosial obyektlərin açılış mərasiminə qatılıb. İki gün  ərzində  muxtar respublikada keçirilən tədbirlər, dövlət başçının yerli  əhali ilə görüşləri, eyni  zamanda,  iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı Prezident tərəfindən müvafiq hakimiyyət orqanlarının rəhbərlərinə verilən tapşırıqlar bir daha sübut etdi ki, İlham Əliyev regionların sosial-iqtisadi inkişafına  xüsusi qayğı ilə yanaşır. Təbii ki, dövlət başçısının iqtisadi inkişaf konsepsiyası bütün regionların eyni səviyyədə inkişafını nəzərdə tutur.
Bu səfər həm də  İlham Əliyevin Azərbaycan lideri olaraq xalqın və dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu da növbəti dəfə sübut etdi.  Onun siyasi və dövlətçilik fəaliyyəti, istər daxili, istərsə də xarici siyasət məsələriylə bağlı hadisələrə münasibətləri biri digərini təkzib etmir, əksinə, məntiqi ardıcıllıqla bir-birini tamamlayır. İlham Əliyevin dövlət idarəçiliyi, xarici siyasət və s. fundamental məsələlərlə bağlı siyasi  baxışlarında ziddiyyətli və kəsişən xətlər yoxdur. Bu baxımdan onun proseslərə münasibəti birmənalı və dəqiqdir. Bu da, sözsüz ki, Prezident haqqında ictimai rəydə, eyni zamanda, beynəlxalq aləmdə daha dolğun təsəvvürlərin yaranmasına zəmin yaradıb. Və hər kəs onu olduğu kimi də qiymətləndirir.
 Naxçıvan əhalisi də buna sadiq qalaraq dövlət başçısına  layiq olduğu qiyməti verdi. Bu səfər İlham Əliyevin  harizmatik lider  keyfiyyətlərini  də nümayiş etdirdi.  Lakin təbii ki, Prezidentin Naxçıvan səfərinin bu cür uğurla başa çatmasında ideoloji faktorları da unutmaq olmaz. Təbii ki, İlham Əliyevin Naxçıvan ictimai rəyindəki üstün  mövqelərinin möhkəmlənməsinə təsir göstərən mühüm  məqamlardan bəlkə də ən birincisi onun təkmil siyasi ideologiyaya - Heydər Əliyev milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu faktorun Azərbaycan dövlətçiliyinin taleyində oynadığı tarixi və müstəsna rol artıq hər kəsə məlumdur.
Bu gün Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində böyük irəliləyişlər aşkar müşahidə olunmaqdadır.Dövlət başçısı   son beş il ərzində  dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfər etməsi, həmin səfərlər zamanı etdiyi proqram xarakterli çıxışlar, keçirdiyi yaddaqalan görüşlər, apardığı müzakirələr, irəli sürdüyü ideyalar bu qədim diyarın yeni yüksəlişinin başlıca strategiyasını müəyyən etmişdir: "Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır. Naxçıvanın çox qədim tarixi vardır. 3500 il bundan əvvəl insanlar burada yaşamış və yaratmışlar. Eyni zamanda, Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur. Naxçıvan Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etmişdir. Naxçıvan Azərbaycana və dünyaya xalqımızın ümummilli lideri Heydər Əliyevi bəxş etmişdir".
Bu gün Naxçıvanda-doğma məmləkətimizin ayrılmaz bir parçası olan, iqtisadi blokadanın ağrıları şəraitində yaşamağa məcbur olan bu qədim diyarda aparılan genişmiqyaslı quruculuq tədbirləri böyük zəhmət tələb edir. Məsələn, son illər məktəb tikintisi sahəsində Naxçıvan Muxtar Respublikasında müəyyənləşmiş strateji xətt daha böyük sürətlə davam etdirilməkdədir. İlham Əliyevin Prezidentliyi dövründə Naxçıvanda Dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondu xətti ilə 31692 yerlik 82 məktəb binası tikilib istifadəyə verilmiş, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Məktəblərin hamısı müasir avadanlıqlarla, kompüter texnologiyası ilə təmin edilmişdir.  2006-cı ilin dekabrında istifadəyə verilən Diaqnostika-Müalicə Mərkəzi isə nəinki Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, ətraf bölgədə analoqu olmayan tibb müəssisəsinə çevrilib.
Son vaxtlarda dövlət qayğısı sayəsində Naxçıvanda modul tipli elektrik stansiyasının quraşdırılması, Vayxır su anbarı üzərində elektrik stansiyasının yaradılması isə  Naxçıvan Muxtar Respublikasında enerji təminatı üzrə problemlərin aradan qaldırılmasına imkan verir. Eyni zamanda, bölgəni nəqliyyat mühasirəsindən çıxarmaq üçün Naxçıvanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşməsi məsələsi  hazırda müzakirə olunmaqdadır. Nəzərə alsaq ki, ötən 16 il ərzində regionun polad relslərində də hərəkət dayanıb, onda bu layihənin hansı əhəmiyyət kəsb etdiyini də aydın təsəvvür etmək olar. Qardaş Türkiyənin müvafiq vilayətləri ilə əlaqələrin daha da möhkəmlənməsi də bölgənin iqtisadi potensialnı xeyli möhkəmləndirəcəkdir.
Muxtar respublikada ordu quruculuğu sahəsində də ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi özünün real bəhrələrini verməkdədir.  Prezident İlham Əliyevin Naxçıvana olan bütün səfərləri zamanı hər dəfə ordu hissələrində olması, buradakı hərbi hazırlığın və maddi-texniki təchizatın səviyyəsi, vəziyyəti ilə yaxından maraqlanması, əlavə tədbirlər haqqında qərarlar qəbul etməsi, ərazi bütövlüyümüz üçün çox zəruri olan bu mühüm sahənin inkişafına xüsusi təkan vermişdir. Həmçinin, son illərdə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin tamamilə yenidən qurulması, bu təhsil ocağının bazasında nümunəvi hərbi təlim - tədris kompleksinin salınması dövlət başçısının ümidlərinin gerçəkləşəcəyinə tam təminat verir.
Etiraf etməliyik ki, son illər görülən işlər, tikilən binalar, salınan körpülər, çəkilən yollar da çəkilən əziyyətin hədər getmədiyini təsdiqləyir. Yeni tikilən ali, orta ixtisas və ümumtəhsil məktəblərini, səhiyyə ocaqlarını, mədəniyyət müəssisələrini xüsusi qeyd etmək olar. Onların hər biri arxitektura baxımından diqqəti cəlb edir. Hər bir obyektdə də müasir tikinti mədəniyyətinin, texnologiyalarının son nailiyyətlərindən istifadə olunur.
Muxtar respublikada görülən işlər sosial-iqtisadi inkişafımızda böyük irəliləyişlərin bəhrəsi olmaqla bərabər, adamların təfəkkür, düşüncə və psixologiyalarında da müəyyən dəyişikliklərin yaranmasına səbəb olur. İnsanların həyata və cəmiyyətə olan baxışları xeyli dəyişib, torpağa bağlılıq hissləri daha da artıb. Bunun da nəticəsidir ki, min bir əziyyətlə yaradılanlar, tikilənlər, qurulanlar əvvəlki dövrlərdə olduğu kimi, dağıdılmır, əksinə, onlara sahiblik hissi yarandığından göz bəbəyi kimi qorunub saxlanılır.
Son illər muxtar respublika iqtisadiyyatında yüksək inkişaf templərinin müşahidə olunduğu sahələrdən biri də sənayedir. Belə ki, təkcə 2009-cı ilin 6 ayı ərzində muxtar respublikada 122 milyon 181 min manatlıq sənaye məhsulu istehsal olunub. Onun 100 milyon 921 manatı özəl sektorun payına düşür. Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artıb. Artıma əsas səbəb yeni istehsal və xidmət obyektlərinin fəaliyyətə başlamasıdır. Ötən dövr ərzində dövlət dəstəyi ilə 32 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Onların arasında cem istehsalı sahəsi, ərzaq məhsulları terminalı, gücü ildə 3 milyon litr olan pivə zavodu, tütün-fermentasiya zavodu, plastik qapı-pəncərə, elastik boru, biohumus istehsalı sahələri, tikiş müəssisəsi və digər obyektlər var. Sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədi ilə onlara maliyyə dəstəyinin göstərilməsi də davam etdirilib. Muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən onlara 14 milyon 197 min manat güzəştli kreditlər verilib. İndi bölgədə 99 növ ərzaq, 155 növ qeyri- ərzaq olmaqla 254 adda məhsul istehsal olunur. Son illər yaradılan müəssisələr 83 növ ərzaq, 141 növ qeyri-ərzaq olmaqla 224 növ istehlak mallarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödəməyə imkan verir. Halbuki ötən ilin bu vədəsində cəmi 162 növ məhsula olan tələbat yerli istehsal hesabına ödənilirdi.
Təbii ki, son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi sosial yönümlü inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təşkili üçün əlverişli şərait yaradıb. Son 5 il ərzində muxtar respublika üzrə 35 min 740 yeni iş yeri açılması faktı bunu sübut edir. Onu da qeyd edək ki, açılmış iş yerlərinin 63,8 faizi daimidir. Bu isə, o deməkdir ki, ərazisi əsasən xarici dövlətlərlə sərhəddə yerləşən, sadələşdirilmiş birgə gömrük və keçid qaydaları fəaliyyət göstərən regionda iqtisadi cəhətdən fəal əhalinin iş dalınca yaxın-uzaq ünvanlara getməsinə ehtiyac qalmır.
Təbii ki, muxtar respublikanın sosial-iqtisadi inkişafında qazanılan uğurlar, ilk növbədə, ardıcıl və məqsədyönlü siyasətin  həyata keçirilməsi ilə  bağlıdır. Muxtar respublika rəhbərliyinin Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi əhalinin gündəlik yaşayış səviyyəsində, onların maddi-rifah halının yaxşılaşdırılmasında, şəhər və kəndlərin sosial mənzərəsinin dəyişilməsində öz əksini tapır.
Sözsüz ki, bütün bunlar  həm də onu təsdiqləyir ki,  qədim və böyük tarixə malik Naxçıvan  keçmişdə olduğu kimi, bu gün də öz dövlətçiliyinə, dahi  oğlu Heydər Əliyev ənənələrinə və möhtərəm Prezidentimiz cənab İlham Əliyev siyasətinə sadiqdir...

Digər xəbərlər