Prezident İlham Əliyev avqustun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Dövlətimizin başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər ehtiramla qarşıladılar. Milli geyimli qızlar Prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim etdilər. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi. Prezident İlham Əliyev Naxçıvan MR-in rəhbər şəxsləri ilə görüşdü.
Ulu öndərin abidəsini ziyarət
Avqustun 3-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Naxçıvan şəhərində Heydər Əliyev sarayının əsaslı yenidənqurmadan sonra açılışı olub
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 3-də Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak ediblər. Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını alqışlarla qarşıladılar. Milli geyimli uşaqlar Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya gül dəstələri təqdim etdilər. Prezident İlham Əliyev sarayın açılışını bildirən lenti kəsdi, bu mədəniyyət ocağı ilə tanış oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, Heydər Əliyev Sarayının yenidən qurulması işlərinə 2008-ci ilin yanvarında başlanılıb. Tikintinin ümumi ərazisi 1,8 hektar, binanın ümumi sahəsi isə 14 min 920 kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə bina 4 mərtəbədən ibarətdir. İnşaatda yerli materiallarla yanaşı, Almaniya və Türkiyədən gətirilmiş tikinti məmulatından istifadə edilib. Tikintidə 405 nəfər çalışıb. Sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rəsm qalereyası və film fondu da sarayın binasında yerləşir. "Gəmiqaya" şirkətinin yenidən qurduğu sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki vasitələr quraşdırılıb. Sarayda xüsusi qonaqlar üçün ayrılmış otaq da vardır. Bundan əlavə, ikinci mərtəbədəki iki foyedə də minə qədər tamaşaçının mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Şüşəbənd foyeni bol və təbii işıqla təmin edir. Müasir havalandırma sistemi ilə təchiz olunmuş sarayın səhnə hissəsi 586 kvadratmetrdir. Eni 35, uzunluğu 94 metr olan ikimərtəbəli səhnə böyük konsert proqramlarının, muxtar respublikanın və ölkəmizin həyatı ilə bağlı mərasimlərin keçirilməsinə imkan yaradır. Səhnənin beş girişi vardır.
Sarayın üçüncü mərtəbəsində rəsm qalereyası fəaliyyət göstərir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300 əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən "Ulu öndər", "Zərifə Əliyeva", "21-ci əsr - Heydər Əliyev" əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir. Bildirildi ki, sarayın ətrafında abadlıq işləri aparılmış, xüsusi zövqlə salınmış parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Sarayın qarşısında ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin nümayiş olunduğu monitor quraşdırılıb. Dövlətimizin başçısı burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodu istismara verilib
Prezident İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun açılışında iştirak ediblər.
Mərasimə toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi və xanımını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni basdı. Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada süzgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur. Zəngin tarixə malik "Badamlı" zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərib. Hələ sovet dövründə bu müəssisənin şöhrəti ittifaq miqyasında dolaşırdı. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilirdi. 1990-cı ildə "Badamlı" zavodu fəaliyyətini yenidən bərpa edib. 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarıb. "Gəmiqaya Mineral sular" MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir. Naxçıvan şəhərində elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında yaradılmış yeni zavod rəqabətə davamlı məhsullar buraxmağa başlayıb. Naxçıvan şəhərində tikintisinə 2008-ci ilin avqustunda başlanmış zavod 2,1 hektar ərazidə yerləşir. Binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetrdir.
Müəssisəyə iki boru xətti çəkilib. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, bu cür qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir. Diqqətə çatdırıldı ki, zavodda Fransanın məşhur "SİDEL" şirkətinin avadanlığı quraşdırılıb. "SİDEL" mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısıdır. İlkin mərhələdə aparılan marketinq və menecment axtarışları nəticəsində Badamlı suyu Rusiya və bir sıra ərəb ölkələrinə ixrac oluna bilər. Bu barədə artıq ilkin danışıqlar aparılıb. Məhsullar alıcılara şüşə və polietilen butulkalarda çatdırılır. Polietilen və şüşə xətlərinin hər birinin saatda istehsal gücü 15 min butulkadır. Hazırda müəssisədə bir növbədə 62 nəfər çalışır. Tələbat artdıqca iş üç növbədə aparılacaq, işçilərin sayı 200-ə çatacaq. Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətinə tam zəmanət verir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu digər mineral sulardan şəffaflığı və qoxusuz olması ilə fərqlənən "Badamlı" suyuna bu ilin iyulunda rəy verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zavodun məhsullarının nümunələrinə və Badamlı suyunun dadına baxdılar.
Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.
Naxçıvan şəhərində Şahmat Mərkəzi istifadəyə verilib
Avqustun 3-də Prezident İlham Əliyev Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin açılışında iştirak edib.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2007-ci ilin sentyabrında başlanılan bina üçmərtəbəlidir. Tikintinin ümumi ərazisi 1,2 hektar, binanın sahəsi isə 4254 kvadratmetrə bərabərdir. Ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 6 sinif otağı və kompyuter otağı vardır. Böyük yarış salonundakı 65 şahmat masasından 12-si internetə qoşulub. Həmin masalarda aparılan şahmat oyunlarını mərkəzin internet saytına daxil olaraq izləmək mümkündür. Bundan əlavə, salonda quraşdırılan monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olar. Kiçik yarış salonunda isə 25 masa vardır. Hazırda mərkəzdə 600 şagird şahmatın sirlərinə yiyələnir. Onların təlimi ilə 15 müəllim məşğul olur. Bildirilib ki, Naxçıvanda şahmat məktəbi 1982-ci ildə yaradılıb. Uzun illər köhnə binada fəaliyyət göstərmiş Naxçıvan şahmat məktəbinin yeni bina ilə təmin olunması burada dərslərin daha mükəmməl formada təşkilinə imkan yaradacaq. Mərkəzin şagirdləri müxtəlif vaxtlarda beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr qazanıblar. 2002-ci ildə Bakıda, sonra Batumidə keçirilən yarışlarda mərkəzin yetirmələri fərqləniblər. 2003-cü ildə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında mərkəzin iki yetirməsi iştirak edib. Avropa məktəblilərinin Kiprdə keçirilən şahmat festivalında mərkəzin nümayəndəsi birinci mükafata layiq görülüb. Binanın zirzəmisində kompyuter təlim-tədris və internet mərkəzi də fəaliyyət göstərir. Mərkəzin Culfa və Şərur rayonlarında filialları yaradılıb. Burada kompyuterlərə texniki servis xidmətləri də göstərilir. Binanın ətrafı abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb.
Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarı işna ediləcək
Avqustun 3-də Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində muxtar respublikada tikiləcək yeraltı qaz anbarının texniki təklifinin sxemi ilə tanış olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Nazirlər Kabinetinin 2008-ci il 11 yanvar tarixli iclasında dövlətimizin başçısının muxtar respublikada yeraltı qaz anbarının yaradılması tapşırığının icrası çərçivəsində görülən işlər haqqında məruzə etdi.
Naxçıvan Muxtar Respublikası ərazisində bu istiqamətdə aparılan böyük həcmli tədqiqat işləri barədə məlumat verən ARDNŞ prezidenti bildirdi ki, mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində muxtar respublikada təbii qazın sıxılması və izotermik üsulla saxlanılması kompleksinin yaradılması haqqında texniki təkliflər hazırlanıb. Təkliflərə əsasən qazın maye halına salınıb saxlanılması üçün dünya standartlarına uyğun ən müasir texnologiyadan istifadə ediləcəkdir. Yeraltı qaz anbarının yaradılması muxtar respublikanın il ərzində fasiləsiz mavi yanacaqla təmin olunması məqsədi daşıyır.
Naxçıvan - Sədərək avtomobil yolu açılıb
Avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan-Sədərək avtomobil yolunun açılışında iştirak edib.
Yolun Duzdağ qovşağında inşaatçılar dövlətimizin başçısını və xanımını mehribanlıqla qarşıladılar. Prezident İlham Əliyev yolun sxeminə baxdı. Məlumat verildi ki, muxtar respublikanın əsas strateji magistrallarından olan Naxçıvan-Sədərək yolunun yenidən qurulması, burada əsaslı tikinti işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yol Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yoludur.
Tikinti işlərinə 2008-ci ilin martında başlanılıb. Yolun ümumi uzunluğu 78,5 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Yolun 55,5 kilometri artıq hazırdır, qalan hissədə tikinti işləri davam etdirilir. Magistral yolun kənarlarında xüsusi su ötürücüləri və arxlar çəkilib. Dördzolaqlı yolun üzərində inşa olunan 6 körpüdən dördü artıq hazırdır. İnşaat işlərini Naxçıvan MR Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə "Gəmiqaya" şirkəti həyata keçirir. Magistral yol muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə yanaşı, Böyük İpək yolunun bir hissəsi sayılır. Dövlətimizin başçısı yolun inşası zamanı istifadə olunmuş asfalt və çınqıl nümunələrinə baxdı. Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq işləri barədə də məlumat verildi. Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev sonra avtomobilin sükanı arxasına keçərək Şərur Olimpiya-İdman Kompleksinin açılış mərasiminə yola düşdü.
Şərurda Olimpiya-İdman Kompleksi istifadəyə verilib
Avqustun 3-də Prezident İlham Əliyev Şərur rayonunda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Şərur ictimaiyyətinin və Naxçıvan MR idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Son illərdə muxtar respublikada inşa olunan nəhəng infrastruktur obyektləri sırasında Şərur Olimpiya-İdman Kompleksi də vardır. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Bu, regionlarda idmana olan xüsusi münasibətdən, digər tərəfdən də gənc nəslin sağlam böyüməsi istiqamətində dövlət dəstəyinin yüksək səviyyəsindən xəbər verir. Dövlətimizin başçısının tapşırığına əsasən təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olub. Hazırda 20-dən çox kompleks inşa olunur. Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni olimpiya-idman komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi, Pekində keçirilən Yay Olimpiya Oyunlarından sonra bu sahəyə qayğının daha da artdığını göstərir. Yeni idman obyektləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın idmançılara diqqət və qayğısı da idmanın inkişafına mühüm töhfələr verir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin ciddi nailiyyətlər əldə etməsi ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olub. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, Olimpiya-İdman Kompleksi ilə tanış oldu. Məlumat verildi ki, kompleksin tikintisinə 2007-ci ilin iyununda başlanılıb. Binanın ümumi sahəsi 12.086 kvadratmetrdir. Bura mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki 145 tamaşaçı yeri olan oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə 2 trenajor zalı da vardır. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana diqqət və qayğısını, habelə Şərur idmançılarının uğurlarını əks etdirən guşə də yaradılıb. Olimpiya-İdman Kompleksi Şərur rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təmin olunub.
Kompleksin ərazisi abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, burada müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev mehmanxanada, idman kompleksində, qapalı meydançada, stadionda yaradılan şəraitlə tanış oldu.
Dövlətimizin başçısı Olimpiya-İdman Kompleksinin açılışı münasibətilə Şərur idmançılarını təbrik etdi, onlara hədiyyələr verdi. Şahmatçı Fəridə Ələsgərova idmana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə idmançılar adından minnətdarlığını bildirdi. Dövlətimizin başçısı futbol topunu dəqiq zərbə ilə qapıya yönəltdi. Üzgüçülük hovuzunda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev Şərur ictimaiyyətinin və muxtar respublika idman ictimaiyyətinin nümayəndələrini kompleksin açılışı münasibətilə təbrik etdi, onlarla xatirə şəkli çəkdirdi.