PDF Oxu

Siyasət

  • 9

İlham Əliyev MDB-nin ən nüfuzlu siyasi və dövlət xadimidir

İlham Əliyev MDB-nin ən nüfuzlu siyasi və dövlət xadimidir
Mərkəzi  ofisi ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu "Gallup" təşkilatının keçmiş sovet respublikaları üzrə yeni sorğusunun nəticələrində ölkəmiz üçün də mühüm faktlar öz əksini tapmışdır. Sorğu hər ölkədə 1000 respondent arasında keçirilmişdir. Məlum olduğu kimi, "Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı" sualına Azərbaycanda respondentlərin 77 faizi müsbət cavab vermişdir. Bununla da, sorğunun nəticələrinə görə, Azərbaycan keçmiş SSRİ respublikaları arasında birinci yeri tutur.
Bu isə, bir daha sübut edir ki, ölkəmizdə əhalinin böyük əksəriyyəti hakimiyyətin fəaliyyətini dəstəkləyir. Bu nüfuzlu beynəlxalq təşkilatın keçirdiyi rəy sorğusunda Azərbaycanın birinci yerdə olması heç də təsadüfi deyildir. Bu uğurun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını Prezident İlham Əliyevin daha əzmlə, müasir dövrün tələblərinə uyğun davam etdirməsinin nəticəsidir. Aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən möhtəşəm layihələr Azərbaycanı bölgədə lider dövlətə, beynəlxalq aləmdə nüfuz sahibinə çevirmişdir.
Məlumdur ki, son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmış, adambaşına düşən gəlir 5500 dollara çatmışdır. Respublikamızda sənaye istehsalının həcmi 2,5 dəfə yüksəlmiş, sənayeləşmə prosesi geniş vüsət almış, 766 min yeni iş yeri açılmışdır. Həyata keçirilən islahatlar Azərbaycanda yoxsulluğun səviyyəsini kəskin şəkildə azaltmış, bu göstərici 49 faizdən 13,2 faizə enmişdir. Ötən beş ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 dəfədən çox artmışdır. Əhalinin minimum əmək haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4 dəfə yüksəlmişdir. Təsadüfi deyildir ki, Dünya Bankı tərəfindən açıqlanan "Doinq Bizines-2009" hesabatında da  Azərbaycan dünya ölkələri sırasında ən islahatçı dövlət elan edilmişdir.
Təbii ki, Azərbaycan rəhbərliyinə yüksək inamın əsasında bu  kimi inkişaf amilləri dayanır. Qeyd edək ki, "Gallup"un sorğusunun nəticələrinə görə, Ukraynada rəyi soruşulanların cəmi 4 faizi hakimiyyətin işindən razıdır. Litvada isə respondentlərin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada 25 faizi hakimiyyətin fəaliyyətini bəyənmişdir. Bu və digər faktlar onu göstərir ki, Azərbaycan hakimiyyəti nəinki daxili ictimai rəydə, eyni zamanda, beynəlxalq aləmdə böyük nüfuza malikdir.
Bir çox dövlətlərin praktikasından məlum olduğu kimi, əksər hallarda prezident kürsüsünə sahib olmuş siyasətçinin reytinqi seçkilər başa çatdıqdan bir müddət sonra tədricən aşağı düşməyə başlayır. Amma "Gallup"un keçirdiyi sorğunun nəticələri bir daha göstərir ki, Prezident İlham Əliyev nadir siyasətçilərdəndir ki, onun vətəndaşlar arasında reytinqi nəinki sabitdir, əksinə, durmadan yüksəlməkdədir. Prezident İlham Əliyevin əhali arasında nüfuzunun ildən-ilə artması, vətəndaşların dövlətimizin başçısına olan inam və etimadlarının yüksəlməsi əbəs yerə deyildir.
Söz yox ki, bu və digər  həm də rəqəmlər öz-özlüyündə tədiqləyir  ki, Prezident İlham Əliyevin  siyasətinə cəmiyyətdə dərin inam və böyük simpatiya mövcuddur. Sözsüz ki, respodentlər öz düşüncələrində haqlıdırlar. Artıq hamı tərəfindən  etiraf  olununur ki,  İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarixdir. Həmin tarixi dönəmin taleyüklü imtahanları isə müstəqilliyimizin ilk  illərinə düşüb. Ölkənin ən çətin, ziddiyyətli anlarının qarışıq mənzərəsini ifadə edən 1993-cü ildə dövlətçiliyin itirilməsi təhlükəsi az qala reallığa çevriləndə, xalqın ümummilli lider Heydər Əliyev qüdrətinə tapınması yeganə düzgün ünvan idi. Bu gün artıq özünü təsdiqləmiş, xalqın böyük etibarını əldə etmiş ideologiya Prezident İlham Əliyevin milli birlik, vətənçilik barədə düşüncələri ilə daha çevik, yeni məcrada davam və inkişaf etdirilir. Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azərbaycanda ulu öndər Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, müdaxilələri olmasaydı, bu gün dünya azərbaycanlılarının taleyi barədə şübhələr hökm sürərdi. Prezident İlham Əliyev indiki və gələcək dövr üçün dövlətin və vətəndaşların vəzifələrindən danışarkən soydaşlarımızın doğma vətənləri ilə hər cür faydalı əlaqələrdə hüquqi, mədəni, mənəvi əsasların möhkəmləndirilməsini zəruri istiqamət kimi vurğulayır. Dövlət başçısı ölkəmizin inkişafı müqabilində maddi-mənəvi imkanlardan istifadə edərək dünya azərbaycanlılarının normal səviyyədə bəhrələnməsinə imkan yaratmağı, onların milli və vətəndaş hüquqlarının qorunması yolunda səyləri gücləndirməyi çağdaş dövr üçün vacib amillərdən sayır. Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir.
Onun öz xalqının ruhuna uyğun, eləcə  də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, Türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm  birləşmiş özüldür. O, milli-mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməyində həlledici amildir.
Təbii ki, ən müxtəlif sorğularda əksini tapan ictimai rəyin  dövlət başçısına etimadı ilk növbədə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi uğurlu islahatlardan, səmərəli fəaliyyətdən, ən əsası, öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" - bu fikirlər bir daha göstərir ki, hər bir addımında ümummilli lider Heydər Əliyevin siyasi idarəetmə fəlsəfəsinə istinad edən və onu dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən İlham Əliyev üzərinə düşən vəzifənin məsuliyyətini yetərincə dəyərləndirir. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezidentin milli birliyin möhkəmləndirilməsi istiqamətində gördüyü prinsipial tədbirlərdəndir. Cəmiyyətdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə və onu irəli aparmağa layiq alternativsiz şəxsiyyət kimi qəbul edilməsi, eyni zamanda, onun malik olduğu fenomenal liderlik keyfiyyətlərindən irəli gəlir. Ölkə başçısı xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsi ilə bağlıdır.
İlham Əliyev hakimiyyətin ictimai rəydə  yüksək reytinqə malik olması həm də dövlətçiliyin və milli təhlükəsizliyin qorunub saxlanılması  baxımından çox böyük əhəmiyyətə malikdir. Çünki heç kəsə sirr deyil ki, bu gün müxalifət partiyalarının bir çoxu, ən əsas da radikal mövqe nümayiş etdirənlər maliyyə dəstəyini xarici dövlətlərdən alırlar və bu da birbaşa Azərbaycanın dövlət və milli təhlükəsizlik baxımından mənfi haldır. Fəaliyyətlərinin bütün məqamlarında xalqa yox, xarici havadarlarına işləyən müxalifət liderləri siyasi səhnədən düşməmək üçün uzun illərdir ənəvi olaraq istifadə etdikləri populizmdən yaxa qurtara bilmirlər. Fərdin siyasi sosiallaşması prosesinin sürətləndiyi dövrdə nəinki siyasi liderlik keyfiyyətlərindən uzaq olan, eyni zamanda, sivil siyasi mübarizə metodlarını inkar edən bu insanların perspektivdə Azərbaycan dövləti və xalqı üçün faydalı ola biləcəkləri  isə şübhə doğurur. Özlərini lider adlandıranlar anlamırlar ki, liderlik idarə üsulu  deyil, cəmiyyətin siyasi şüuru inkişaf etmiş müxtəlif sosial təbəqələrinin əksəriyyətinin hakimiyyətini təşkil etmək vasitəsidir. Vətəndaş cəmiyyətinin üzvləri siyasi həyatın fəal iştirakçısıdırlar, ona görə də, onlar özlərinə şüurlu şəkildə lider seçmək imkanına malikdirlər. Lider öz davranışı ilə onları inandırmalıdır ki, onun hərəkəti düzgündür və  heç bir şəxsi ambisiya və hakimiyyət hərisliyi güdmür. Sosial və siyasi partnyorluq, lider və tərəfdarları arasında qarşılıqlı anlayış müasir siyasi fəaliyyətin əsasını təşkil etməlidir.
Prezident İlham Əliyevin reytinqinin yüksəlməsinin əsas səbəblərindən biri dövlətimizin başçısının hələ 2003-cü ildə seçkilər ərəfəsində xalqa verdiyi vədlərin yerinə yetirilməsidir. Həmin seçkilərdən keçən 5 ildən artıq müddət ərzində bu vədlərin böyük əksəriyyətinin həyata vəsiqə alması günümüzün reallığıdır. Prezident seçilməsindən az sonra ölkədə iqtisadi və sosial islahatların sürətləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün müxtəlif dövlət proqramlarını təsdiq edən Prezident İlham Əliyev sonrakı illərdə öz əməlləri ilə vədinə sadiq dövlət başçısı olduğunu təsdiqlədi. Amma İlham Əliyev təkcə prezident seçkiləri ərəfəsində verdiyi vədlərlə kifayətlənmir və onun dövlət başçısı kimi fəaliyyəti həm də daha qlobal problemlərin həll edilməsi ilə əlamətdar olub.
Ölkəmizin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş inkişaf konsepsiyasının müasir dövrün tələbləri əsasında keyfiyyətcə yeni mərhələyə qaldırılaraq uğurla davam etdirilməsi Prezident İlham Əliyevin nailiyyətidir. Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar sahələrdəki yüksəlişi Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
2003-cü ildən başlayaraq ölkədə iqtisadi yüksəlişin təmin olunması üçün müxtəlif dövlət proqramlarının icra edilməsi, bu istiqamətdə dövlət siyasətinin yeni müstəviyə qədəm qoyması Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirdi. İlbəil inkişaf edən Azərbaycan iqtisadiyyatı artım tempinə görə artıq neçə illərdir ki, dünyada liderliyini qoruyub saxlayır. Ümumi daxili məhsulun artım tempinə görə, Azərbaycan dünya dövlətləri sırasında birinci yerdədir. Bu illər ərzində Azərbaycanın elə bir bölgəsi, şəhəri, rayonu qalmayıb ki, orada yeni istehsal və ya xidmət sahələri, zavod və fabriklər istifadəyə verilməsin. Dünənə qədər əksər sənaye məhsullarını xaricdən alan Azərbaycan tədricən rəqabətə davamlı sənaye məhsullarının ixracatçısına çevrilməkdədir.
İldən-ilə güclənən, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatı bütün parametrləri ilə yanaşı, həm də xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli, infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır. Dövlət siyasətinin prioritet istiqamətlərindən olan bu məsələlərin yoluna qoyulması üçün geniş imkanlar yaradılması bütün ölkədə rəğbətlə qarşılanır. Yeni müəssisələrin istifadəyə verilməsi iş yerlərinin açılmasına təkan verməklə zəncirvari şəkildə sosial sahənin də inkişafına yol açır. Bütün bunlar, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa verdiyi vədlərlə əməlinin vəhdətinin nəticəsidir.
Bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq etməklə yanaşı, sosial problemlərin də tədricən yoluna qoyulmasına nail olan Azərbaycan Prezidentinin sosial siyasəti daha böyük perspektivlərə hesablanıb. "Azərbaycanda sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. İnsanları narahat edən problemlər aradan qaldırılmalıdır. Biz hamımız insanlara böyük diqqət və qayğı ilə münasibət bəsləməliyik. Prezidentdən tutmuş onun yerlərdəki nümayəndələrinə qədər hamımız bu amala qulluq etməliyik. Azərbaycanın hərtərəfli inkişafı, əlbəttə ki, həm ölkəmizi gücləndirəcək, həm yeni iş yerlərinin açılmasına imkan yaradacaq və insanların yaşayış səviyyəsini yaxşılaşdıracaqdır" - deyə Prezident İlham Əliyev bildirir.
Prezident İlham Əliyevin fəaliyyətində diqqətçəkən məqamlardan biri də onun dövlət proqramlarının, verdiyi tapşırıqların, görülən işlərin icrası ilə şəxsən tanış olmaq, maraqlanmaq üçün mütəmadi olaraq bölgələrə səfərlər etməsidir. Yerli sakinlərlə keçirilən görüşlərlə, səmimi söhbətlərlə müşayiət olunan bu səfərlər və onun xoş izlər buraxan real nəticələri cənab Prezidenti xalqa daha da sevdirir, ona etimadı daha da artırır.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın yeni neft strategiyasının təntənəsi də cənab İlham Əliyevin Prezident kimi uğurlarından xəbər verir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası prosesində Prezident İlham Əliyevin müdrikliklə nümayiş etdirdiyi qətiyyət və iradə Azərbaycanın bir dövlət olaraq qarşısında dayanan strateji hədəflərə çatmasında mühüm rol oynadı. Bu qətiyyətin nəticəsidir ki, artıq Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olmaqla ABŞ-ın və Avropa Birliyinin strateji tərəfdaşına çevrilib.
Dövlətin qüdrətlənməsi onun regional və beynəlxalq miqyasda söz sahibi olan ölkəyə çevrilməsini şərtləndirən əsas meyarlardan sayılır. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirən Azərbaycan bir çox imkanlardan bəhrələnərək həm də dünya miqyasında söz sahibi olan dövlətə çevrilməkdədir. Dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident İlham Əliyevin dünya miqyasında qəbul edilən bir siyasətçi imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur.
Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər həm də dövlətimizin başçısının reytinqinə təsir edən əsas amillərdir. İlham Əliyev hakimiyyətin ictimai rəydə  yüksək reytinqə malik olması həm də dövlətçiliyin və milli təhlükəsizliyin qorunub saxlanılması  baxımından çox böyük əhəmiyyətə malikdir.
Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan və cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın ən müxtəlif spektrlərindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran konkret vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olub.  Bu mənada keçirilən bütün sorğularda hakimiyyətin fəaliyyətinə verilən  yüksək qiyməti təbii qəbul etmək lazımdır.

Digər xəbərlər