PDF Oxu

Siyasət

  • 6

Sağlam cəmiyyət qüdrətli dövlətin təməlidir

Sağlam cəmiyyət qüdrətli dövlətin təməlidir
Hər bir dövlətin əsas öhdəliklərindən biri də, xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009- cu il aprelin 14-də imzaladığı yeni Dövlət Proqramında deyilir: "Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm tədbirlər görülmüş, o cümlədən, tibb müəssisələrinin maddi-texniki bazası əsaslı dərəcədə yaxşılaşdırılmışdır".
Ötən illər ərzində, Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib. Çünki uğurla başlanan səhiyyə strategiyasında Azərbaycanda səhiyyənin diqqətçəkən sahələri içərisində ana və uşaqların mühafizəsi işi önə çəkilir və prioritet sahə olaraq müəyyən edilir. Əslində, bu, belə də olmalıdır, çünki uşaqlara tibbi xidmət, uşaqların sağlamlığı, uşaq səhiyyəsi, səhiyyənin ən əsas və vacib sahələrindən biridir.
Uşaqlara göstərilən tibb xidməti, onların sağlamlığının bərpa edilməsi bizim gələcəyimiz üçün vacibdir. Təsadüfi deyil ki, 22 dekabr 2008-ci ildə ölkə başçısının xüsusi sərəncamı ilə 2009- cu il bütövlükdə Azərbaycanda "Uşaq ili" elan edilib. Bu, təkcə səhiyyə məsələsi deyil, ölkəmiz üçün siyasi əhəmiyyəti olan bir məsələdir.
1992-93-cü illərdə Azərbaycanda uşaq xəstəlikləri ilə bağlı bir çox problemlər mövcud idi və onların həllinin çoxu sual altında idi. Poliomielit, difteriya, qızılca, məxmərək kimi bir çox xəstəliklər baş alıb gedirdi və hətta bu xəstəliklərin çoxu epidemiya həddinə çatmışdı.
Ulu öndərin apardığı uğurlu səhiyyə siyasəti nəticəsində MDB dövlətləri içərisində, ilk dəfə olaraq, o dövrdə Azərbaycan Avropadan külli miqdarda kredit əldə etdi və bu kredit, ilk növbədə, uşaqların peyvəndlə təmin olunması, vaksinasiya işinə və yoluxucu xəstəliklərin qarşısının alınmasına, mövcud xəstəliklərin müalicə və profilaktikasına yönəldildi.
Beləliklə, MDB ölkələri içərisində Azərbaycan ilk dəfə olaraq 1996-cı ildə həm poliomielit, həm difteriya kimi qorxulu xəstəliklərin, o cümlədən, qızılca və məxmərəyin epidemiya törətmək təhlükəsindən tam uzaqlaşdı. Hətta 1996-cı ildən 2002-ci ilə qədər Azərbaycanda poliomielit xəstəliyi müşahidə edilmədiyinə görə 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən Azərbaycan poliomielitsiz ölkə sertifikatı aldı.
Bunu difteriya xəstəliyi haqqında da demək olar. Difteriya ilə xəstələnmə sıfır həddinə çatıb. Yəni, bu, o deməkdir ki, bu gün bütöv respublika üçün qorxulu sayılan difteriya xəstəliyinə tutulan və ölən uşaqlar yoxdur.
Yeni qəbul edilən Dövlət Proqramında da tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur. 2009-cu ilin aprel ayının 21-26-da Azərbaycan Respublikasının da qoşulduğu "Avropa peyvənd həftəsi" keçirildi. Azərbaycan dövlətinin və Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən həmin peyvənd həftəsi Səhiyyə Nazirliyinin planlaşdırdığı tədbirlər içərisində, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da həyata keçirilən 9 xəstəliyə qarşı peyvəndin 10-cu peyvəndlə tamamlanması ilə başa çatdırıldı.
Azərbaycanda, Avropanın ən inkişaf etmiş ölkələrində olduğu kimi, 9 xəstəliyə, yəni uşaq doğulduğu gündən bir həftə ərzində 3 xəstəliyə- B virus hepatitinə, poliomielit və vərəmə qarşı, uşaqlar 2-3 aylıq olanda daha 3 xəstəliyə- difteriya, tetanus və göy öskürəyə qarşı, 1 yaşa çatdıqda isə, daha 3 xəstəliyə- qızılca, məxmərək və epidemik parotitə qarşı peyvənd aparılır.
Bunlara əlavə olaraq uşaqlar arasında bəzən çox ağır pnevmoniya və meningit törədə bilən hemofilus influensa çöplərinə qarşı da il ərzində yeni peyvəndin Azərbaycana gətirilərək dövlət hesabına tətbiqi nəzərdə tutulub.
Təqdirəlayiq cəhət də budur ki, əgər əvvəllər Azərbaycanda peyvənd işi müxtəlif təşkilatların dəstəyi və humanitar yardımı ilə həyata keçirilirdisə, indi peyvənd işi bütövlükdə dövlət vəsaiti hesabına aparılır. 2010- cu ilədək qızılca və məxmərək xəstəliklərinin də sıfıra endirilməsi gözlənilir. Artıq Azərbaycanda son bir ildə nə qızılca, nə də məxmərəyin, nə epidemiyası, nə də qrup halında xəstəliyi müşahidə edilməyib. Bu isə Azərbaycanda aparılan uğurlu milli immunizasiya proqramlarının, kampaniyalarının nəticəsində əldə edilib.
Məxmərək xəstəliyi uşaqlar böyüyərkən, xüsusən də, gənc qadınların hamiləliyi zamanı böyük fəsadlar verə bilər. Uşaqlar ağır inkişaf qüsurları ilə dünyaya gələ bilər. Buna görə də, bu kimi yoluxucu xəstəliklərin insanlarda tamamilə olmaması tələb olunur.
Son zamanlar Azərbaycan səhiyyəsində həm köklü islahatlar, həm də yenidənqurma və bərpa işləri çox böyük sürətlə davam etdirilir. Qeyd edək ki, təkcə 2005-2006-cı illərdə Azərbaycanda səhiyyənin inkişafına, yenidən qurulmasına həsr olunmuş 9 Dövlət Proqramı qəbul edilib. Bunlardan biri də "Azərbaycanda ana və uşaqların sağlamlıqlarının qorunması haqqında" Dövlət Proqramı idi. Daha biri isə, sırf uşaqların sağlamlığına həsr olunmuş "Azərbaycan Respublikasında yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Dövlət Proqramı idi.
Bundan sonra "İrsi qan xəstəliklərinin müalicə və profilaktikası haqqında" Dövlət Proqramı qəbul edilib. Böyrək çatışmazlığı, şəkərli diabetlə, onkoloji xəstəliklərlə bağlı qəbul edilmiş dövlət proqramları da, adlarından göründüyü kimi, uşaq yaşlarını da əhatə edir. Azərbaycan səhiyyəsində ana və uşaqların mühafizəsi işinin təcili və təxirəsalınmaz tibbi yardım ilə bərabər prioritet olaraq müəyyən edilməsindən sonra bu işlər daha da sürətlə həyata keçməyə başlayıb.
Bu gün səhiyyədə aparılan uğurlu və köklü islahatlar öz bəhrəsini verməkdədir. 2008-ci ilin sentyabr ayının 24-də Azərbaycanın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlar, o cümlədən, YUNİSEF təşkilatı, yəni BMT-nin Beynəlxalq Uşaq Fondu açıqlama verdi ki, Azərbaycanda keçən bir neçə il ərzində uşaq ölümü 2 dəfədən də çox azalıb.
1992-1993-cü illərdə hər 1000 nəfər diri doğulan uşaqdan 1 yaşa çatana qədər 28-30 nəfəri ölürdüsə, 2008-ci ilin yekunlarına görə, bu rəqəm 11-12 promilli arasında dəyişib və 2,5 dəfə azalıb. Bu göstərici Türkiyə Respublikasında 24, Afrika qitəsi ölkələrində 50-100-dən yuxarı, Asiya ölkələrində 20-40 arasında, MDB dövlətləri içərisində 15-20 arasında dəyişir. Amma elə ölkələr də var ki, onlarda uşaq ölümü sadaladığım ölkələrə nisbətən yox dərəcəsindədir. Almaniya, İsveç, Finlandiya, Norveç, Yaponiya kimi ölkələrdə bu göstərici 3-4 promilliyə bərabərdir. Azərbaycanda aparılan səhiyyə islahatlarının əsas məqsədi yaxın illərdə bu göstəricinin Avropanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırmaqdan ibarətdir.
Azərbaycan minilliyin məqsədlərindən 4-cü hesab edilən- dünyaya gəlib, sonra ölən uşaqların sayının 1990-cı illə müqayisədə 2015-ci ildə 3 dəfə azaldılmasına yönəlmiş proqrama qoşulub. Artıq Azərbaycanda uşaq ölümü göstəricisi 2 dəfə azalıb.
Azərbaycanda ötən son illər ərzində səhiyyə sahəsində irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəlib. Yeni tibb müəssisələri yaradılıb, müasir, son model aparatlarla təmin edilərək əhalinin ixtiyarına verilib. Azərbaycanda yaradılan səhiyyə müəssisələrinin çoxunun nəinki ölkəmizdə, o cümlədən də, qitədə analoqu yoxdur.
May ayında Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO -nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzinin açılışını misal göstərmək olar. Bu mərkəzin açılışı səhiyyənin ən ağrılı problemlərinin həlli yönündə görülən əvəzsiz işdir. Çünki yaradılmış belə bir mərkəz, orada quraşdırılan avadanlıqlar onun bu gün və gələcəkdə malik olduğu imkanların bölgədə analoqu yoxdur. Bu səhiyyə ocağında nəinki irsi qan xəstəliyi olan uşaqların müalicəsi və profilaktikası, hətta yaxın zamanlarda sümük iliyinin transplantasiyası kimi ağır əməliyyatın da həyata keçiriləcəyi reallaşacaq.
Bundan başqa, valideyn himayəsindən məhrum olan uşaqlara alternativ qayğı- deinstitusionalizasiya proqramı nəzərdə tutulub. Başqa sözlə, valideynini itirmiş, yaxud da valideyn himayəsindən uzaqda olan körpələrin ailələrə verilməsi- deinstitusionalizasiya proqramının təsdiq edilməsi və 2015-ci ilə qədər davam etdirilməsi Azərbaycanda uşaqlara qayğının ən bariz nümunəsidir.
Söhbət təkcə bu sahədə uşaqların problemlərinin həllindən deyil, Azərbaycanda gənc nəslin sağlam böyüməsi üçün silsilə tədbirlərin həyata keçirilməsindən gedir. Bəli, Azərbaycanda bu gün uşaqlara göstərilən dövlət qayğısı nəyinsə xatirinə, yaxud kampaniya xarakterli deyil, daimi və yüksələn xəttlə davam etdirilir.
Bundan başqa, respublika Milli Onkologiya Mərkəzində bu günə qədər problem olan uşaq onkologiyası xidməti sahəsinin yaradılması, o cümlədən, burada, onkohematoloji, yəni uşaqlar arasında rast gəlinən onkohematoloji xəstəliklərin mərkəzdə uğurla müalicə olunması və bu xəstəliklərin qarşısının alınması üçün tədbirlər uğurla həyata keçirilməkdədir.
Uşaqlara qayğının bariz nümunəsi olaraq 2009-cu ilin Azərbaycanda Uşaq ili elan olunmasının da çox böyük əhəmiyyəti var. Bu il Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsi və digər qurumlar tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir.
Bu gün Azərbaycan səhiyyəsində uşaqlara tibbi xidmətin nə dərəcədə vacib olduğunu çoxsaylı nümunələrlə göstərmək olar. Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun açılış mərasimində ölkə rəhbəri, Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanda səhiyyədə aparılan köklü islahatlar bu gün öz müsbət və gözəl nəticələrini verməkdədir.
Beləliklə, Azərbaycan səhiyyəsi bütövlükdə ölkə Prezidenti İlham Əliyevin ağıllı, müdrik siyasəti sayəsində durmadan və yüksələn xətlə inkişaf etməkdədir. Onu da qeyd edək ki, 2008-ci ilin fevral ayından dövlət tibb müəssisələrində xəstələrin, o cümlədən, uşaqların müalicəsi, onların dərmanla və qida ilə təchizatı, həm də uşaqların peyvənd işi ümumillikdə dövlət hesabına pulsuz həyata keçirilir. Bizi əhatə edən ölkələrin çoxunda isə pullu tibbi xidmət qalmaqdadır.
Bu gün bizi əhatə edən ölkələrin heç birində bütövlükdə bu xidmətlər dövlət tibb müəssisələrində pulsuz həyata keçirilmir. Bu da Azərbaycan dövlətinin xalqa, əhaliyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bütün bunlar, onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan səhiyyəsinin daha yeni-yeni uğurlarının şahidi olacağıq. Çox qısa zaman ərzində Azərbaycan əhalisinə göstərilən tibbi xidmətin səviyyəsi dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə çataçaq. Prezident İlham Əliyev Azərbaycan xalqının öz gələcəyinin əsasını bu gündən sağlam şəkildə qoyur.

Digər xəbərlər