Qeyri-neft sektorunun inkişafı əsas prioritetə çevrilib
Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə edib, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. Regional inkişaf proqramının, habelə, digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapıb.
Uğurların mənzərəsini görmək üçün öncə son 5 ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Sözügedən dövrdə ölkədə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artıb. Yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 13 faizə qədər azalıb. Beş il ərzində büdcə xərcləri on dəfədən çox artıb. Belə göstəricilərin sayını daha da artırmaq olar.
Bu deyilənləri Prezident İlham Əliyevin çıxışlarında daha aydın görmək olar: "... Son 5 ildə Azərbaycanın inkişafı çox uğurlu olub. Biz ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirmişik. Biz artıq elə bir iqtisadiyyat yaratmışıq ki, o, enerji amilindən ciddi şəkildə asılı deyil. İqtisadi islahatlar siyasəti və enerji strategiyamız nəticəsində, biz dünyada görünməmiş iqtisadi artıma nail olmuşuq... Biz sosial infrastruktura, təhsil, səhiyyə və informasiya texnologiyalarının inkişafına böyük sərmayələr yatırmışıq. Özəl sahibkarlığın dəstəklənməsi məqsədilə bir çox işlər görülmüşdür. Bu gün iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Onu da qeyd edim ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda özəl sektor sıfır dərəcəsində idi...".
Prezident İlham Əliyev bildirir ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Azərbaycanda möhkəm siyasi sistem yaradılıb, qanunun aliliyi və cəmiyyətin demokratikləşməsi təmin edilib. Bütün bunlar, o cümlədən də, iqtisadi islahatlar bu gün də diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda iqtisadi və siyasi islahatlar son 5 il ərzində paralel şəkildə aparılıb. Bunlar bir-birini tamamlayır. Məhz elə bunun nəticəsidir ki, ölkədə davamlı iqtisadi inkişafa nail olunub.
Azərbaycanda son illər infrastruktur və xidmət sahəsinə böyük həcmdə investisiya cəlb edilib. Sahibkarlığa diqqət daha da artırılıb. Bu il özəl sektorun dəstəklənməsinə 150 milyon dollar məbləğində uzunmüddətli güzəştli kreditlər ayrılıb. Əlbəttə, bu, iqtisadiyyatın şaxələndirilməsinə və onun dinamik inkişafına öz müsbət təsirini göstərəcək.
Yeri gəlmişkən, bir məsələyə diqqət yetirək. Bəzən belə bir fikir yürüdürlər ki, Azərbaycanda iqtisadi artım neft və qaz amili ilə bağlıdır. Burada müəyyən həqiqət var. Amma əslində, dövlət başçımızın dediyi kimi, ölkədə, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyulur. Başqa sözlə, neft və qaz amili bizim üçün hədiyyə deyil. Azərbaycanda bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə mühüm uğurlar əldə edilib. Neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilib.
Bu gün maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsiri barədə çox danışılır. Amma bu mənfi meyil Azərbaycana o qədər də ciddi təsir göstərməyib. Prezident İlham Əliyev bu barədə deyir: "... Bu il neft qiymətləri üç-dörd dəfə aşağı düşüb. Buna baxmayaraq, iqtisadiyyatımız inkişaf edir. Cari ilin birinci yarısında Azərbaycanda iqtisadiyyatın artımı 3,6 faiz səviyyəsində olub. Milli valyutamız sabitdir. Ölkənin ümumi inkişafı çox müsbətdir. Bu ilin birinci yarısında qeyri-neft sektoru daha çox inkişaf edib.
Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir. 2008-ci ildə Azərbaycanın Dünya Bankı tərəfindən "Doinq Business" hesabatında bir nömrəli islahatçı ölkə kimi elan edilməsi bütün bunların göstəricisidir. Bu, o deməkdir ki, biz bütün ölkələr arasında islahatlara görə birinci yerdəyik. Bu qiymət ciddi iqtisadi islahatlar nəticəsində qazanılıb".
Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfəri zamanı Avropa Siyasi Mərkəzində keçirdiyi görüşdə ölkəmizin enerji sektorunun maliyyə sistemində yüksək şəffaflığa nail olduğunu vurğulayıb. Dövlət başçımız bildirib ki, Azərbaycan Dövlət Neft Fondu tam şəffaf strukturdur. Bu qurum toplanmış kapital barədə ictimaiyyət qarşısında dövri hesabatlarla çıxış edir. Onun fəaliyyətini beynəlxalq audit nəzarətdə saxlayır. Məhz bunun nəticəsidir ki, BMT 2007-ci ildə Dövlət Neft Fondunu şəffaflıq mükafatı ilə təltif edib.
Azərbaycanda neft hasilatı getdikcə artır. Hesablamalara görə, bu il ölkəmizdə hasil edilən neftin həcminin 50 milyon ton olacağı gözlənilir. Qaz istismarında da uğurlar əldə edilir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan enerji siyasətində əsas məqsədlərə nail olub.
Ümumiyyətlə, ölkəmizin enerji siyasəti bu gün uğurla həyata keçirilir. Ötən əsrin 90-cı illərinin ortalarından bu günə kimi sözügedən sahənin dinamik inkişafı məqsədilə müxtəlif tədbirlər reallaşdırılıb. Bununla əlaqədar bir məqama diqqət yetirək. 2006-cı ildə Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanıb. Avropa Birliyi bu baxımdan ölkəmizin strateji tərəfdaşıdır. Elə buna görə də hazırda Azərbaycan bu nüfuzlu təşkilatla birgə təchizatın şaxələndirilməsini əngəlləyən məsələlərin həlli üzərində işləyir.
Azərbaycanda neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsi də diqqət mərkəzində saxlanılır. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını şərtləndirir.
Onu da deyək ki, makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən, regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcək.
Valyuta gəlirlərinin artırılması, inflyasiya risqlərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və s. tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
Hazırda ölkədə xüsusi diqqət yetirilən məsələlərdən biri də ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqinə mühüm əhəmiyyət verilməsidir. Belə ki, ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunması məqsədilə Ümumdünya Ticarət Təşkilatının prinsipləri diqqət mərkəzində saxlanacaq.
Kənd təsərrüfatının daha da inkişafı prioritet istiqamətlərdən olacaq. Aqrar bölmənin normativ hüquqi bazası, elmi-metodik təminatı və kadr hazırlığı sistemi təkmilləşdiriləcək. Sözügedən sahənin xammal istehsalı stimullaşdırılacaqdır. Aqrar bölməyə maliyyə dəstəyi artırılacaq, kənd təsərrüfatında suvarma və meliorasiya təminatı yaxşılaşdırılacaq.
Beləliklə, Azərbaycanda iqtisadi inkişafın yüni dövrü başlayır. Bundan sonra ölkəmizin dünyada təkcə neft və qaz ölkəsi kimi deyil, həm də digər sahələrdə inkişaf etmiş dövlət kimi tanıyacaqlar.