Əhalinin sosial müdafiəsi gücləndirilir
Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə və dövlətin gəlirləri artdıqca əhalinin sosial müdafiəsi üçün daha geniş proqramlar həyata keçirilir. Hələ 2005-ci il oktyabrın 21-də imzaladığı Prezident İlham Əliyevin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun icrası nəticəsində əhalinin yoxsul təbəqəsinə göstərilən diqqət və qayğı daha da artıb. Bunun nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsinin həddi 49 faizdən 13 faizə enib. İlk öncə bu sistemin tətbiqi üçün qanunvericilik bazası yaradılıb, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli fərmanı imzalanıb.
Dövlətin əsas vəzifələrindən biri əhalinin həyat səviyyəsini yüksəltmək, onun sosial müdafiəsini təmin etmək və bu sahədə müxtəlif məsələləri həll etməkdir. Sosial yardım insanların yaşayış səviyyəsinin təmin edilməsinə, əhalinin sağlamlıqla bağlı və digər sosial problemlərinin aradan qaldırılmasına dövlət qayğısıdır.
Müstəqil ölkəmizdə həmin istiqamətdə işlər həmişə dövlətimizin diqqətindədir və bu fəaliyyət günü-gündən vüsət alır. Dövlət başçısı Prezident İlham Əliyev son 6 ildə ümummilli lider Heydər Əliyevin mahiyyətcə gələcəyə ünvanlanmış inkişaf strategiyasını çox böyük uğurla davam etdirərək Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb.
İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımızda həyata keçirilən köklü islahatlar, dünya iqtisadi məkanına sürətli inteqrasiya, davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın dinamikası ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına və xalqın firavan yaşamasına möhkəm zəmin yaradıb.
Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiə, həmçinin, sosial yardım sisteminin qabaqcıl dünya ölkələrinin səmərəli təcrübəsi əsasında təkmilləşdirilməsi, onun daha operativ işləməsi, dövlət yardımlarının verilməsində ünvanlılıq prinsipinin təminatı dövlət başçısının daim diqqət mərkəzində olub.
Xüsusilə, Prezident İlham Əliyevin 16 noyabr 2005-ci ildə imzaladığı "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi haqqında fərmanından sonra bu sahədə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verib və qısa vaxtda konkret tədbirlər planı işlənib hazırlanıb.
Ölkəmizdə yeni yaradılan sistemin tətbiqi kimi məsuliyyətli bir işin məhz dövlətin sosial siyasətinə, dövlət başçısının əhaliyə qayğısına layiq səviyyədə yerinə yetirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin sosial müdafiəsi mərkəzləri ilə çox ciddi işlər aparıb.
Ayrı-ayrı ölkələrin təcrübəsindən istifadə etməklə ünvanlı sosial yardım (ÜSY) sisteminin tətbiqi sahəsində görülən işləri ölkə Prezidenti cənab İlham Əliyev müsbət dəyərləndirib.
Respublikamızın hər yerində bu sistemin tətbiqi öz müsbət nəticəsini verib. İlk növbədə, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması prosesi ilə başlanan işlər artıq daha da təkmilləşib. Mütəxəssislər müasir kompüter sistemindən tutmuş vətəndaşların qəbuluna kimi yüksək peşəkarlıq və etik-davranış mədəniyyəti nümayiş etdirərək dövlət siyasətinin uğurla həyata keçirilməsinə səy göstərirlər.
2006-ci il may ayının 1-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naftalan və Şirvan şəhərlərində, 2006-ci ilin iyul ayının 1-dən isə respublikanın bütün ərazisində vətəndaşlardan qəbul edilmiş sənədlər üzrə ünvanlı sosial yardım təyinatı başlanıb. Həmin il ehtiyac meyarının məbləği 30 manat idi və bu məbləğ yaşayış minimumunun 51,7 faizini təşkil edirdi.
Ölkəmizdə ehtiyac meyarının tədricən yaşayış minimumuna yaxınlaşdırılması dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir ki, bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2008-ci il tarixli sərəncamına əsasən, respublikamızda ehtiyac meyarının məbləği 2009-cu il yanvar ayının 1-dən 60 manat məbləğində təsdiq edilib. Hazırda ehtiyac meyarı yaşayış minimumunun 71,4 faizini təşkil edir.
Tətbiq edildiyi 3 il müddətində ünvanlı sosial yardım mexanizmi günü-gündən təkmilləşib. Rayonlarda Əhalinin Sosial Müdafiəsi mərkəzləri sənədlərin qəbulu ilə işini bitmiş hesab etmir. Rayon mərkəzindən uzaq və dağlıq yaşayış məntəqələrində sosial siyasət sahəsində əhali ilə mütəmadi maarifləndirmə işləri aparılır. Bu tədbirlər mərkəzlərin normal işləməsinə böyük imkan yaradır.
Qanunun qəbulundan sonra da onun təkmilləşdirilməsi üçün tədbirlər görülüb. Belə ki, 2008-ci ilin iyun ayında "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilərək, ünvanlı sosial yardımın təyinatı üçün tələb olunan sənədlərin sayı 14-dən 9-a endirilib, yardımın verilmə müddəti 6 aydan 1 ilədək uzadılıb. Bu isə əhali tərəfindən rəğbətlə qarşılanıb və yoxsul ailələrə ölkə rəhbərinin qayğısının növbəti ifadəsi kimi dəyərləndirilib.
Sosial yardım təyin olunan ailələr arasında şəhid ailələri, çoxuşaqlılar, əmək qabiliyyəti məhdud olanlar, məcburi qaçqın və köçkün ailələri üstünlük təşkil edir. 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar olaraq uşaqların sosial müdafiəsi üçün bir sıra tədbirlər həyata keçirilib.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı sahəsində Azərbaycan istər dünya ölkələri, istərsə də MDB respublikaları arasında yüksək yerlərdən birini tutur. Artıq ölkədə sosial müavinətlər, Prezident təqaüdləri, kompensasiyalar, ünvanlı sosial yardımın ödənişi 2008-ci ildən tamamilə plastik kartlar-bankomat vasitəsi ilə aparılır.
Etiraf etmək lazımdır ki, dövlətin çox mühüm əhəmiyyət verdiyi əhalinin sosial müdafiə sisteminin möhkəmləndirilməsi naminə həyata keçirilən tədbirlər ölkə vətəndaşlarının rəğbətini qazanıb. Sevindirici haldır ki, ölkənin sosial müdafiə sisteminin daim təkmilləşdirilməsi, yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin, minimum əmək haqqının, pensiya və müavinətlərin dövlət tərəfindən mütəmadi olaraq artırılması respublikamızda yoxsulluq səviyyəsinin son 5 ildə kəskin şəkildə aşağı düşməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb.