Ölkədə abadlıq və quruculuq işləri geniş vüsət alıb
Prezident İlham Əliyev paytaxtın dəmir yolu vağzalının qarşısındakı yeraltı piyada keçidində görülmüş əsaslı yenidənqurma işləri ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə ətraf ərazidə görülmüş yenidənqurma və təmir işləri haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, dəmir yolu vağzalının binası mükəmməl layihə əsasında yenidən qurulur. Dilarə Əliyeva küçəsindəki 235 və 237 nömrəli binalarda təmir işləri başa çatdırılmış, 235 nömrəli binada 3 müasir lift quraşdırılıb. Cəfər Cabbarlı meydanı da görkəmini tamamilə dəyişib. Yeraltı keçiddə görülmüş işlərlə yaxından tanış olan Prezident İlham Əliyev obyektin sxemlərinə, layihələrinə, keçidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxdı. Məlumat verildi ki, bir il əvvəl başlanmış əsaslı yenidənqurma işlərini "Azəryolservis" ASC-nin sifarişi əsasında "Samur Holdinq" şirkətlər qrupuna daxil olan "Azərtikintibərpa" MMC həyata keçirib. Pilləkən çıxışları da daxil olmaqla, 750 metr uzunluğundakı keçiddə yenidənqurma işlərində təxminən 1000 nəfər çalışıb. Tamamilə müasir görkəm almış keçidin divarları və döşəməsi İtaliya və Türkiyə istehsalı olan mərmər və qranitlə üzlənib. Burada Yaponiya texnologiyası əsasında havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.
Keçidin 9 çıxışı vardır. Ən müasir standartlara cavab verən keçiddə 150 nəfərdən çox adamın işlə təmin olunduğu 77 mağaza və kafe fəaliyyət göstərir. Fasiləsiz elektrik enerjisi vermək üçün 2 yardımçı stansiya vardır. Prezident İlham Əliyevə dəmir yolu vağzalı binasının yenidənqurma layihəsi barədə də məlumat verildi. Bildirildi ki, bina tezliklə müasir görkəm alacaq, burada müasir kassalar, istirahət guşələri və mehmanxana fəaliyyət göstərəcək. Hazırda Bakıda daha 4 yeraltı piyada keçidində yenidənqurma işləri davam edir və yaxın vaxtlarda başa çatdırılacaqdır. İnşaatçılar prospektindəki keçiddə isə işlər tamamlanıb. Prezident İlham Əliyev ətrafda həyata keçirilən yenidənqurma işləri ilə də maraqlandı. Cəfər Cabbarlının heykəlinin ətrafı da abadlaşdırılmış, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Dövlətimizin başçısına 1926-cı ildə istifadəyə verilmiş Bakı-Sabunçu elektrik dəmir yolunun vağzal binasında görülən yenidənqurma işləri haqqında da məlumat verildi. Binada təmir işlərində milli və müasir memarlıq üslubları peşəkarlıqla uzlaşdırılır. Prezident İlham Əliyev Bakının yol-nəqliyyat kompleksinin yenidən qurulması ilə bağlı əlavə tapşırıq və tövsiyələrini verdi.