Prezident İlham Əliyev Bakı-Quba- Rusiya sərzədi avtomobil magistralında körpünün açılışında iştirak edib
İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil magistralında, Masazır qəsəbəsi yaxınlığında tikilmiş körpünün açılışında iştirak edib.
Körpünün planı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, "Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 6-cı və 16-cı kilometrlik hissəsinin yenidən qurulması" layihəsinə 3 körpünün yenidən qurulması və bir yeni körpünün tikintisi daxildir. Yolun 12-ci kilometrində inşa edilən altı zolaqlı körpünün uzunluğu 84 metr, eni 24,5 metrdir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Körpünün hər iki kənarı boyunca piyadaların hərəkəti üçün səki salınmışdır. Yerdən hündürlüyü 9 metr olan körpünün tikintisində yüksək təzyiqə davamlı tirlərdən istifadə edilib. İnşaat işləri zamanı 47 min kubmetr torpaq işləri görülmüş, 4773 kubmetr beton və 12 min 540 ton asfaltdan istifadə edilmişdir. Çexiya İxrac Bankının maliyyələşdirdiyi layihənin sifarişçisi Nəqliyyat Nazirliyidir. İnşaat işlərini "Azərinşaatservis MMC" həyata keçirib.
Xırdalandan və Masazırdan gələn avtomobil yollarını magistralla birləşdirən yeni körpü bu ərazidə nəqliyyat vasitələrinin hərəkət rahatlığının təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev körpünün açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına ətrafda aparılan abadlıq işləri barədə də məlumat verildi. Prezident İlham Əliyev görülən işləri yüksək qimətləndirdi, əlavə tapşırıq və tövsiyələrini verdi.