PDF Oxu

Siyasət

  • 8

Güclü dövlət xalqın rifahını təmin edir

Güclü dövlət xalqın rifahını təmin edir
Son illər regionların sosial-iqtisadi inkişafını sürətləndirməyə yönəldilmiş layihələrin maliyyə təminatı artırılıb. İnkişafın perspektivli strategiyası bölgələrin inkişafı ilə sıx bağlıdır. Regionlarda sosial-iqtisadi durumun yaxşılaşması dövlət quruculuğunun əsas məqamlarından biridir. Hazırda ölkə rəhbərliyi bununla bağlı çox vacib proqramları həyata keçirir. Prezidentin qarşıya qoyduğu vəzifələr baxımından bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Nəzərdə tutulan işlərin reallaşması, faktiki olaraq, uzun müddət üçün Azərbaycanın davamlı inkişafını təmin etməyə gətirib çıxaracaq.
Maraqlı məqamlardan biri də, qısa müddətdə ölkəmizdə istehsal olunan məhsulların keyfiyyətinin artması, müxtəlifliyin təmin olunması və bu məhsulların ən yüksək dünya standartlarına cavab verməsidir. Artıq ölkəmizin qeyri- neft sektorunun məhsullarının xarici ölkələrə ixracı başlanılıb və bu tendensiya getdikcə daha da artacaq.
Ölkə Prezidenti ardıcıl olaraq bu məsələnin konkret tərəflərini diqqətdə saxlayan addımlar atıb. Verilən sərəncamlarda regionların sosial-iqtisadi və mədəni inkişafını təmin və təsdiq edən müddəalar öz əksini tapıb. O cümlədən, regionlarda mənəvi və maddi dəyərlərin artırılması ilə bağlı proqramların mövcudluğunu qeyd etmək gərəkdir.
Bu proqramlar həm icra orqanlarını, həm də özəl strukturları cəmiyyətin rifahı naminə çalışmağa istiqamətləndirir. Bölgələrdə mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı işlərin görülməsi zərurəti həm iş yerlərinin açılmasına, həm tarixin qorunmasına, həm də yeni tikintilərin aparılmasına gətirib çıxarır. Maddi dəyərlərin artırılması isə bölgələrdə tikinti işlərinin istiqamətini və iş yerlərinin açılması tempini müəyyənləşdirməkdədir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev regionların inkişafını daim diqqət mərkəzində saxlayır. Bu səfərlər zamanı yeni-yeni istehsal və xidmət müəssisələri açılıb, bəzilərinin isə təməlqoyma mərasimi keçirilir. İqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi, enerji və su sektorunun maliyyə intizamının gücləndirilməsi, dolayı subsidiyaların azaldılması, bank sisteminin inkişafı, əmək haqqı və pensiyaların artırılması istiqamətində də ardıcıl tədbirlər görülür.
İişsizlik probleminin aradan qaldırılması istiqamətində də böyük işlər görülüb. Məhz bu məqsədlə 750 mindən çox yeni iş yeri açılıb. Nəticə etibarilə son vaxtlar yoxsulluğun aşağı salınması, işsizliyin aradan qaldırılması insanların həyat səviyyəsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb.
Ölkə başçısı İlham Əliyev özünəməxsus məharətlə dövlət idarəçiliyinin mükəmməl sistemini formalaşdırır, bu sistemin xalqın mənafeyinə uyğun fəaliyyətini təmin edir.
Siyasətin əsas məqsədini iqtisadiyyatın inkişafı ilə bağlayan dövlətimizin başçısı İlham Əliyev xüsusi olaraq vurğulayır: "Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, güclü dövlət yaradaq. Çünki iqtisadiyyat hər bir dövlətin təməl sistemidir. Güclü iqtisadiyyatı olan ölkə isə siyasi cəhətdən müstəqil olur və öz maraqlarını daha da uğurla müdafiə edə bilir."
Azərbaycanın harmonik inkişafı üçün kənd təsərrüfatı sahəsinin irəliləməsinə xüsusi diqqət yetirilir. Bu sahədə ölkə rəhbərliyinin yeni addımlar atmaqda olduğu müşahidə edilir. Nəticədə, kənd təsərrüfatı sahəsi qeyri-neft sektoru kimi Azərbaycanda özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunun çox müsbət təsirinin olacağına şübhə yoxdur.
Beləliklə, ölkəmizin regionları özünün daha yüksək inkişaf mərhələsinə qədəm qoyur. Qısa müddətdən sonra Azərbaycanın bütün guşələri yaşamaq və işləmək üçün rahat bir məkana çevriləcək. Azərbaycanın tarixində görünməmiş dinamik inkişaf dövrü başlayır.

Digər xəbərlər