PDF Oxu

Siyasət

  • 12

Azərbaycanın kompleks inkişaf prioritetləri: davamlı iqtisadi yüksəliş, güclü sosial müdafiə və demokratik vətəndaş cəmiyyəti

Azərbaycanın kompleks inkişaf prioritetləri: davamlı iqtisadi yüksəliş, güclü sosial müdafiə və demokratik vətəndaş cəmiyyəti

Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Azad və demokratik cəmiyyət inkişafın əsasıdır. Bütün vacib iqtisadi və siyasi məsələlərlə yanaşı, əlbəttə ki, ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bu uğurlar müvəqqəti xarakter daşıyacaq. Ona görə də, Azərbaycan hökuməti istər iqtisadi, istər siyasi sahədə və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni tətbiq etməkdə maraqlıdır.

Ədalətli vətəndaş cəmiyyəti dövlətin güzgüsüdür

Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açır.
Bir məqamı da xüsusi qeyd etməliyik ki, sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə danışmaq mümkün deyil. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin yüksək səviyyədə təmin olunduğu şəraitdə inkişaf edir ki, Azərbaycanda da bu sahədə heç bir problem yoxdur.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınması iqtisadi və siyasi islahatların vəhdətindən irəli gəlir. Zaman təsdiqlədi ki, qəbul olunan qanunlar, Konstitusiyamız mütləq həqiqət kimi qəbul olunmur, daim dövrün tələbinə uyğun olaraq təkmilləşir, yeniləşir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər də təqdir edilir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir.
Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.

Digər xəbərlər