PDF Oxu

Siyasət

  • 8

İqtisadi və sosial proqramların icrası uğurla aparılır

İqtisadi və sosial proqramların icrası uğurla aparılır
Dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirib. Hökumətlər sosial müdafiəyəyə daha az vəsait ayırmağa məcbur olurlar. Belə halın müşahidə olunmadığı az sayda ölkələrdən biri də Azərbaycandır. Qlobal böhrana baxmayaraq ölkəmizdə sosial layihələr və iqtisadi islahatlar nəinki zəifləməyib, hətta əvvəlkindən daha artıq sürətlə aparılır. Bu tendensiya artıq nəticələrini verməkdədir. Ölkədə inflyasiya minimuma endirilib, əhalinin alıcılıq qabiliyyyəti xeyli artıb. Əhalinin bütün ehtiyacı olan təbəqələri dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub.
Hazırda geniş vüsət alan ayrı-ayrı sahələr üzrə müasir komplekslərin tikintisi, onların hər cür avadanlıqla təchiz olunması bir daha nümayiş etdirdi ki, sadə insanların maddi-məişət problemlərinin həlli dövlət başçısının sosial siyasətinin əsas xəttini təşkil edir.
Yoxsulluğun azaldılmasına xidmət edən məşğulluq tədbirlərinin vüsət alması bir daha sübut edir ki, Prezident İlham Əliyev üçün xalqın mənafeyi ilkin prioritetdir. Xalqa ali məqam sahibi tərəfindən verilən bu yüksək qiymət hər bir azərbaycanlının yaşayış və fəaliyyət çevrəsinin yaxşılaşmasına xidmət edir. Son bir neçə ildə yoxsulluq səviyyəsinin 2 dəfə aşağı salınması böyük uğurdur.
Əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dinamikası göstərir ki, dövlət quruculuğunun sosial aspektləri humanist xarakterlidir və sadə insanlara qayğıya əsaslanır. 2009-cu ilin vətəndaşların sosial müdafiəsi baxımından daha böyük dəyişikliklərlə xarakterizə olunacağı birmənalıdır. Belə ki, nəzərdə tutulan kompleks tədbirlərin və indiyə qədər görülən işlərin miqyası perspektivə inam aşılayır.
Prezident İlham Əliyev qarşıda duran vəzifələrə münasibət bildirərkən sosial sahənin qarşıdakı illərdə də xüsusi nəzarətdə olacağını bir daha vurğulayır: "Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz qəbul edilmiş proqramların icrasının təxminən ortasındayıq. Növbəti illərdə daha da fəal işləməliyik ki, Azərbaycanda yoxsulluq, işsizlik tamamilə aradan qaldırılsın. Yeni zavodlar, fabriklər daha da sürətlə işə başlasın, Azərbaycanın hərtərəfli və dayanıqlı davamlı inkişafı təmin olunsun. Bunu etmək üçün bizim bütün imkanlarımız var: ilk növbədə Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, güclü enerji siyasətimiz, regionların inkişafı, sosial infrastrukturun möhkəmlənməsi, sahibkarlığın inkişafı və Azərbaycanda böyük şirkətlərin yaranması."
Əksər beynəlxalq ekspertlər bildirirlər ki, Azərbaycan Ümumi Daxili Məhsulun artım tempinə liderliyini davam etdirəcək. Milli iqtisadiyyatın sahə strukturları arasında rabitə sektorunda ən yüksək artım müşahidə olunacağını proqnozlaşdıran ekspertlər hesab edir ki, bu da rabitə xidmətləri bazarının, həmçinin iqtisadiyyatda informasiya texnologiyalarının tətbiqi imkanlarının genişlənməsi ilə izah oluna bilər.
2008-ci ildən etibarən təsərrüfat subyektlərinin qeydiyyat sisteminin "Vahid pəncərə" prinsipinə keçirilməsi biznesə başlamağın xərcini və vaxtını azaldıb bu da həmin indikator üzrə Azərbaycanın beynəlxalq reytinqinin yaxşılaşmasına gətirib çıxarıb. Məhz bu sistemin tətbiqi nəticəsində əlavə minlərlə yeni sahibkarlıq subyekti qeydiyyatdan keçib və fəaliyyətə başlayıb.
Sadalanan iqtisadi və siyasi amillərə əsasən, demək olar ki, qarşıdakı illərdə iqtisadi inkişaf meyilləri güclənəcək, əhalinin maddi rifahı daha da yaxşılacaq. Qarşıdakı aylarda bir sıra əhəmiyyətli hadisələrinin şahidi olacağıq. Azərbaycan iqtisadi inkişafa nail olacaq, əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşacaq. Azərbaycan sonrakı illərdə daha böyük inkişaf əldə edəcək- nüfuzlu beynəlxalq təşkilatların- Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və digər maliyyə-iqtisadi sahədə tanınmış təşkilatların rəyi belədir.
Bəzi beynəlxalq təşkilatların və iqtisadçı ekspertlərin əhalinin maaş və pensiyalarının artırılacağı təqdirdə inflyasiya təhlükəsinin artacağı barədə fikirlərinə qarşı Prezident İlham Əliyev ölkədə sosial ödənişlərin və əməkhaqqının artırılıması haqda sərəncamlar verir. Təkcə bu fakt onu göstərir ki, dövlət başçısı yaranmış bütün imkanlardan istifadə edərək xalqın yaşayış səviyyəsinin yaxşılaşdırımasına çalışır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyət tərəfindən bütövlükdə dəstəkləməsi məhz sadaladığımız və sadalamadığımız amillərin nəticəsidir. Qısa müddətdə özünü doğruldan bu siyasət Azərbaycanı yaxın müddətdə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcək. İndi buna ölkədə daha çox insan inanır.
Keçirilmiş rəy sorğularının nəticələrinə əsasən deyə bilərik ki, optimist fikirdə olan vətəndaşlarımız əhalinin 80-90 faizini əhatə edir. Çünki Azərbaycan insanı nəinki bu günkü durumu görür və qiymətləndirir, hətta indi həyata keçirilməsinə başlanmış işlərin gələcəkdə hansı müsbət nəticələr verəcəyini də indidən hiss edir.

Digər xəbərlər