Prezident Təbrik məktubu göndərib
Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Nikola Sarkoziyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
Hörmətli cənab Prezident, Milli bayramınız - Bastiliyanın alınması günü münasibətilə Sizi və dost Fransa xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Çox şadam ki, ötən illər ərzində münasibətlərimiz daim yüksələn xətt üzrə inkişaf edərək genişmiqyaslı və çoxsəpkili əməkdaşlığımıza gətirib çıxarmışdır.
Hazırda ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar və layihələr çərçivəsində səmərəli iş birliyi mövcuddur. Bu mənada Avropaya inteqrasiya yolunda atdığımız addımlara, eləcə də Avropa İttifaqı tərəfindən həyata keçirilən proqramlarda Azərbaycanın iştirakına ölkənizin dəstəyindən məmnunluq duyuruq.
Eyni zamanda ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın səylərinə böyük ümidlər bəsləyirik. Bu əlamətdar gündə Sizə, cənab Prezident, bir daha öz təbriklərimizi və ən xoş arzularımızı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm.