PDF Oxu

Siyasət

  • 9

Azərbaycan - Böyük Britaniya əməkdaşlığı genişlənir

Azərbaycan - Böyük Britaniya əməkdaşlığı genişlənir

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə yola düşüb. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Londonun "Stansted" hava limanında qarşılanma

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə gəlib.
Londonun "Stansted" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Böyük Britaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan Prezidentinin xanımına gül dəstələri təqdim edildi.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Qordon Braunun görüşü keçirilib

İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Qordon Braunun görüşü olub.
Britaniyanın Baş naziri Azərbaycan Prezidentini ölkəmizdə əldə olunan iqtisadi uğurlar münasibətilə təbrik etdi. O, Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunan Qordon Braun ölkəmizin bu istiqamətdə fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Prezident İlham Əliyevi demokratiya sahəsində əldə edilmiş uğurlar münasibətilə də təbrik edən Q.Braun Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini müsbət hal kimi dəyərləndirdi. Bildirdi ki, Böyük Britaniya bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə müxtəlif sahələrdə dəstəkləyəcəkdir. "Biz Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə əlaqələri genişləndirmək əzmindəyik", - deyən Baş nazir Azərbaycanda iqtisadi inkişaf proseslərinin gedişini xəbər aldı və bunun Böyük Britaniyada da maraqla izlənildiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf edir. Enerji sahəsi qarşılıqlı əlaqələrin çox mühüm istiqamətlərindən biridir. Uzun illərdir Azərbaycanla bp arasında əməkdaşlıq sürətlə inkişaf edir. Əlaqələrin digər sahələrdə də inkişafı üçün yaxşı perspektivlər var.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə, enerji və qeyri-neft sektorunda əldə edilən uğurlardan danışdı. Azərbaycanın Avropa ailəsinə sürətlə inteqrasiya etdiyini bildirən dövlətimizin başçısı bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional inkişafa böyük əngəl törətdiyini bildirdi. Azərbaycanın antiterror koalisiyasında iştirakı ilə bağlı dövlətimizin başçısı dedi ki, ölkəmiz bu işdə fəal iştirak edir, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Azərbaycan Prezidenti Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolundan da danışdı və vurğuladı ki, bu rol getdikcə daha da artır. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

***
Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın bp şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalandı. Sənədi Azərbaycan tərəfdən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və bp şirkətinin hasilat üzrə prezidenti Endi İnqlis imzaladılar.

***
Burada Böyük Britaniya Baş nazirinin xanımı Sara Braun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın görüşü keçirildi.

***
Böyük Britaniyanın Baş naziri Qordon Braun və xanımı Sara Braun Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı iqamətgahdan yola saldılar.

Prezident İlham Əliyev bp şirkətinin icraçı katibini qəbul edib

İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda bp şirkətinin icraçı katibi Toni Hayvordu qəbul edib.
Söhbət zamanı bp şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyi bildirildi, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Görüşdə "Şahdəniz" layihəsinin işlənilməsinin gedişi və perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Digər xəbərlər