İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik.
İlham ƏLİYEV
Son illər Azərbaycan iqtisadi və siyasi sahələrdə, cəmiyyətin demokratikləşməsi istiqamətində uğurlar əldə etməkdədir. Ölkəmizdə həyata keçirilən tərəqqi və inkişaf strategiyası əhalinin sosial-rifah halının günü-gündən yaxşılaşmasında, iqtisadiyyatın dinamik inkişafında, Azərbaycanın dünya birliyində layiqli yer tutmasında özünü göstərməkdədir. Təbii ki, misilsiz uğurlarımızın təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün də uğurla davam etdirilən yeni neft strategiyası ilə qoyulmuşdur.
Böyük təcrübəyə, yüksək texnika və texnologiyaya malik xarici neft şirkətləri ilə qurulmuş iş birliyi Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə təkan vermişdir. Söz yox ki, müasir texnologiyaların tətbiqi müasir biliklərə və vərdişlərə yiyələnmiş kadrların fasiləsiz, davamlı hazırlığını tələb edir. Ölkə Prezidentimiz İlham Əliyev neft gəlirlərinin ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri saymışdır: "Azərbaycanın qarşısında duran əsas məsələ neft gəlirlərinin insan kapitalına çevrilməsidir. Heydər Əliyevin neft strategiyası öz nəticəsini verib, bizim böyük gəlir gətirən inkişaf etmiş neft sektorumuz var". Bu da təsadüfi deyildir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların yüksəlişində aparıcı amil insan kapitalı, onun ayrılmaz elementləri olan bilik, elmi-texniki tərəqqi, yeni texnologiyalar olmuşdur. Azərbaycanda onilliklər boyu təbii ehtiyatlarla bağlı olmayan davamlı inkişafı təmin edəcək güclü intellektual potensialın yaradılması günümüzün reallığına çevrilib. Azərbaycanın qoşulduğu qlobal enerji layihələrinin həyata keçirilməsində savadlı kadrlara böyük ehtiyac vardır. Digər tərəfdən, müəyyən obyektiv səbəblərlə əlaqədar olaraq, neft və qaz sənayesində kadr çatışmazlığı problemi yaranmışdır. Bu problemin köklü surətdə həlli məqsədilə ARDNŞ-də genişmiqyaslı kadr hazırlğı proqramı işlənib hazırlanmışdır. Bu unikal layihə neft sənayesində tələbat duyulan ixtisaslar üzrə ən müasir beynəlxalq tələblərə cavab verə bilən yüksək səviyyəli mütəxəssislər hazırlanmasını nəzərdə tutur. Artıq bu istiqamətdə mühüm işlər görülmüşdür. Şirkətin həyata keçirdiyi Təqaüd Proqramına əsasən, 46 tələbə və magistr İngiltərə, Almaniya, Fransa, Hollandiya, ABŞ, Kanada və Türkiyənin nüfuzlu universitetlərində təhsil alır. Hazırda Təqaüd Proqramının 8 iştirakçısı təhsilini müvəffəqiyyətlə başa çatdıraraq vətənə qayıtmış və şirkətimizin müxtəlif strukturlarında müvafiq işlə təmin olunmuşdur. ARDNŞ respublikamızın ali məktəblərində neft mütəxəssislərinin hazırlığı işinə də mühüm töhfələr verir. Dövlət Neft Akademiyası başda olmaqla, neftçi mütəxəssislər hazırlayan ali məktəblərimizin əlaçı tələbələrinə təqaüdlər verilir, onların ən bacarıqlıları Şirkətin hesabına dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər. ARDNŞ daim öz təqaüdçülərinin təhsildə qazandığı nailiyyətləri diqqətlə izləyir və onlara lazım olan bütün dəstəyi verir. Şirkət həmçinin, öz mütəxəssislərini xaricdə tətbiq olunan yeni texnika və texnologiyalarla tanış etmək məqsədilə xarici istehsalçı şirkətlərin nümayəndələrinin iştirakı ilə seminar-təqdimatlar keçirir, həmin şirkətlərin istehsal etdikləri cihazların sınaqlarını aparır, habelə yerli mütəxəssislərin xarici ölkələrə ezam olunmalarını təmin edir. Neftçi peşəsinin əvvəlki şöhrətini özünə qaytarmaq, yeniyetmələrdə bu sahəyə maraq oyatmaq məqsədilə orta məktəb şagirdləri arasında aparılan işlər də nəticəsini verməkdədir. Təqaüd Proqramı çərçivəsində gənclərimiz dünyanın tanınmış ali təhsil müəssisələrində oxuyurlar. Onların tələbə yoldaşları arasında gələcəyin prezidentləri, nazirləri, yüksək dövlət məmurları var. Azərbaycan haqqında bu insanlarda ilkin olaraq hansı təsəvvürün yaranmasından çox şey asılıdr. Çünki gələcəkdə onların ölkəmizə münasibətləri məhz həmin ilkin təsəvvürlərdən qaynaqlanacaq. Bu mənada təqaüdçülərimizin xalqımızın qədim tarixi və zəngin adət-ənənələri haqqında malik olduqları dərin biliklər Azərbaycanı xarici vətəndaşlara tanıdan, onlarda ölkəmizə maraq və ehtiram hissi oyadan ən birinci və ən təsirli vasitə hesab olunur.
Gənclərin beynəlxalq əlaqələrinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu gün Azərbaycan tələbələri bəlkə də Avropanın ən fəal gəncləridir. Çünki möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi dinamik xarici siyasət nəticəsində artıq onlar dünyada Azərbaycanı tanıtmaq və ölkəmizə bəslənən etimadı daha doğrultmaq üçün təşəbbüskarlıq göstərirlər. Əlbəttə ki, bu sahədə dövlət səviyyəsində aparılan səmərəli iş təbliğati fəaliyyətlərində gənclərimizin yoluna işıq saçır. Bu gün Azərbaycan gəncləri müxtəlif beynəlxalq proqramların yalnız iştirakçısı deyil, eyni zamanda təşkilatçısıdır, hətta son illərdə bir sıra gənclərimiz Avropanın və dünyanın mötəbər gənclər təşkilatlarının rəhbər vəzifələrinə qədər yüksəlməyə müvəffəq olmuşlar.
Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycan sənaye üsulu ilə neftçıxarmanın beşiyi, eləcə də dənizdə neft hasil edən ilk ölkə kimi məşhurlaşmışdır. Azərbaycan neftçiləri hələ neçə onilliklər qabaq bir çox ölkələrdə neft sənayesinin inkişafı naminə yorulmadan çalışmış, ölkəmizi bütün dünyada layiqincə təmsil edərək, misilsiz nailiyyətlər əldə etmiş, böyük şöhrət və ad-san qazanmışlar. Dünya miqyasında sənaye üsulu ilə ilk neft quyusu 1848-ci ildə Bibiheybətdə qazılsa da, bu gün həmin tarixi faktın rəsmiləşdirilməsi ciddi iş aparılmasını tələb edir. ARDNŞ təqaüdçüləri bu məsələni daim xatırlatmalı, Azərbaycanın dünyanın ən qədim neft ölkələrindən biri olduğunu nümayiş etdirməli, neftin, onu hasil edən qəhrəman neftçilərin şöhrətini əks etdirən faktları ictimai fikrə çatdırmaq üçün səmərəli yollar axtarıb tapmalıdırlar. Belə faktlar isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən neft muzeylərində istənilən qədərdir. Təqaüdçülərin mövcud internet resurslarına sadəcə müraciət etmələri kifayətdir ki, yetərincə tutarlı məlumatlar toplaya bilsinlər. Azərbaycan haqqında məlumatları özündə əks etdirən elektron, video və audio daşıyıcılarından, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış müvafiq təbliğat disklərindən də fəal istifadə edilməlidir. Hər bir Azərbaycan vətəndaşının xaricdə olarkən əldə etdiyi uğur Azərbaycanın imicinə müsbət təsir göstərir, atılan səhv addım isə xələl gətirir. Bunun üçün xarici ölkədə təhsil almağa gedən hər bir gənc atdığı addımlarına görə məsuliyyət daşıdığını dərk etməlidir.
Bu gün Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər güclü və müstəqildir. Gənclər dövlətimizin müstəqilliyi ilə fəxr etməli, ondan ilham almalı, günü-gündən qüdrətlənən Azərbaycanla qürur duymalıdırlar. Nəsillər bir-birini əvəz edəcək, lakin məhz bugünkü gənc nəslin tarix qarşısında öz məsuliyyətini dərk etməsi, müvafiq addımlar atması dövlətimizin və ölkəmizin gələcəyi baxımından daha böyük əhəmiyyət daşıyır. Onlar Ulu Öndərimizin bizə ən böyük əmanəti olan müstəqil Azərbaycan dövlətini qoruyub-saxlamalı, onu daha da gücləndirməli və gələcək nəsillərə çatdırmalıdırlar.