Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi
İyulun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya Prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Suriya Prezidentinə raport verdi. Suriyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları İlham Əliyev və Bəşşar əl-Əsəd fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Suriya Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Bəşşar əl-Əsədə, Suriya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü
İyulun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə birgə görüşü olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü keçirilib. Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə etdilər.
Prezidentlər dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirdilər, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğuladılar. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
Prezidentlərin geniş tərkibdə görüşü
İyulun 8-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən bir daha sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana ilk rəsmi səfərinizdir və mən əminəm ki, səfər çox uğurlu keçəcəkdir. Səfər çərçivəsində imzalanacaq sənədlər və əldə ediləcək nailiyyətlər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qalxmasına xidmət göstərəcəkdir. Biz çox istəyirik ki, Suriya-Azərbaycan əlaqələri bütün sahələrdə genişlənsin və iki xalqa fayda versin. Əminəm ki, səfəriniz uğurlu keçəcək və gələcək münasibətlərə güclü təkan verəcəkdir.
Bir daha xoş gəlmisiniz.
Suriya Prezidenti Bəşşar əl-ƏSƏD səmimi qəbul üçün təşəkkür edərək dedi: -Cənab Prezident, öz adımdan və məni müşayiət edən nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirirəm. Sizin ölkənizə gələndən bəri biz isti qonaqpərvərlik duyuruq. Biz səfər başlayandan bəri hiss edirik ki, iki ölkə arasında əməkdaşlıq üçün qapılar açıqdır və bu, bizi daha da güclü gələcəyə inandırır.
1990-cı illərin əvvəllərində Prezident Heydər Əliyev və Prezident Hafiz Əsədin də münasibətlərimizin inkişafı barədə böyük niyyətləri var idi. Ölkələrimiz dünya səviyyəsində strateji mövqelərə malikdir. Həm bölgədə olan ölkələrlə, həm qonşuluğumuzda olan ölkələrlə dövlətlərimizin dost və xoş münasibəti vardır. Əminəm ki, bu münasibətlərin ümumən bizim vəziyyətimizə çox müsbət təsiri vardır.
Azərbaycan-Suriya sənədlərinin imzalanması
İyulun 8-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin iştirakı ilə Azərbaycan-Suriya sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələblərindən azad olunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem imzaladılar. "Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu"nu, "Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imzaladılar.