PDF Oxu

Siyasət

  • 16

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası
İyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Ali qonağa muzeyin tarixi haqqında ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, muzeyin yerləşdiyi bina Bakının ən gözəl memarlıq abidələrindən biridir. 1895-1897-ci illərdə tikilmiş bu bina azərbaycanlı milyonçu və xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin mülkiyyəti idi. 1920-ci ildə binada muzey yaradılıb. Burada Azərbaycan tarixinin qədim dövrlərdən başlayaraq müxtəlif mərhələlərini əhatə edən qiymətli eksponatlar toplanıb. Bildirilib ki, Atropaten, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətlərinin mövcud olduğu dövrlərə aid eksponatlar Azərbaycanın dövlətçilik tarixinin qədimliyinə dəlalət edir. Atropaten hökmdarı ilə Makedoniyalı İsgəndərin görüşü haqqında məlumat, qədim Azərbaycan əhalisinin məişəti və həyat tərzi barədə eksponatlar Suriya Prezidentinin xüsusi marağına səbəb olub. Qeyd edilib ki, 130 nəfərdən çox əməkdaşı olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin binası əsaslı təmir edilib.
300 mindən çox eksponat saxlanılan muzeydə hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və tarixi sənədlər, habelə ona məxsus qiymətli əşyalar da toplanıb. Qonağa bildirilmişdir ki, Azərbaycan xalqının bir sıra görkəmli nümayəndələri Z.Tağıyevin vəsaiti hesabına xarici ölkələrdə təhsil alıblar. Hacı Zeynalabdin Tağıyevin xatirə salonunun eksponatları Suriya dövlətinin başçısının xüsusi marağına səbəb olub. Prezident Bəşşar əl-Əsəd Muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Digər xəbərlər