PDF Oxu

Siyasət

  • 13

Prezidentlərin növbəti görüşü münaqişənin həlli yolunda atılacaq mühüm bir addımdır

Prezidentlərin növbəti görüşü münaqişənin həlli yolunda atılacaq mühüm bir addımdır
Ötən həftə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların yenidən geniş məcraya daxil olması ilə yadda qaldı. Belə ki, ilk olaraq İsrail və Rusiya prezidentlərinin, eləcə də, Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa məşğul olan ATƏT-in sədri Dora Bakoyaninin səfəri və ölkə başçısı Prezident İlham Əliyevlə keçirilən görüşlərdə problemin qabardılması və müzakirə obyektinə çevrilməsi danışıqların aparılmasında çox mühüm bir mərhələ kimi qeyd oluna bilər. Ötən həftə, həmçinin, Azərbaycan və Ermənistan ziyalılarının Rusiyadakı səfirlərin başçılığı altında Dağlıq Qarabağa səfər etməsi, oradakı vəziyyətlə tanış olması da münaqişənin həlli və tərəfləri barışdırmaq məqsəd ilə atılan mühüm bir addım kimi qiymətləndirilməlidir. Bütün bunların son nəticəsi kimi Dağlıq Qarabağa səfər etmiş ziyalıların hər iki ölkə prezidenti ilə görüşü zamanı münaqişənin həllinin mümkün yolları müzakirə olunub və mərhələli həll variantının mümkünlüyü qeyd olunub.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunmasından, yəni 1994-cü ildən bəri aparılan danışıqlar, hələ builki qədər intensiv olmayıb. Belə ki, Dağlıq Qrabağ münaqişəsi ətrafında aparılan danışıqlar ötən ilin sonlarından başlayaraq daha intensiv xarakter almağa başlamışdır. Moskvada keçirilən ikitərəfli və üçtərəfli görüş və imzalanan bəyannamə danışıqların yeni bir məcraya daxil olması üçün zəmin yaratmış oldu. Bundan sonra isə 2009-cu ilin əvvələrindən başlayaraq prezidentlər arasında keçirilən ikitərəfli və region ölkələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşlər münaqişənin həlli üçün lazım olan bir çox məsələlərin müzakirəsi ilə yadda qaldı. Burada Türkiyənin də rolunu xüsusilə qeyd etmək lazımdır. Türkiyənin bu münaqişə ilə əlaqədar öz mövqeyini açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirməsi, Azərbaycanla olan strateji müttəfiqliyin bariz nümunəsidir. Bir neçə gün bundan öncə isə Türkiyə prezidenti Abdullah Gülün ABŞ prezidenti Barak Obamayla telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun rolu barədə də danışdıqları barədə məlumat yayılıb. Bundan əlavə bu günlərdə ABŞ prezidentinin Rusiyaya səfəri zamanı D.Medvedevlə görüşündə münaqişənin həllinin də müzakirə obyekti olacağı güman edilir.
Onu da qeyd etmək lazımdır ki, bu il ərzində iki ölkə prezidenti arasında 4 görüş keçirilib ki, bu da hələ indiyə kimi müşahidə olunmamış bir haldır. Münaqişənin həllində dünya dövlətlərinin də maraqlı olması özünü büruzə verir. Belə ki, ABŞ prezidentinin administrasiyası münaqişənin həlli ilə bağlı hər cür yardımın göstərilməsinə razı olduqlarını bildirib. Görünür, Cənubi Qafqaz regionunda sülhün bərqərar olunması dünya dövlətlərinin də diqqət mərkəzindədir. Bu da bir çox səbəblərlə bağlıdır. Belə ki, burada Azərbaycanın xüsusi rolunu qeyd etmək lazımdır. Ölkənin müxtəlif təbii resurslarının zənginliyi buraya investisiya qoyuluşunun ən yüksək səviyyədə olmasına gətirib çıxarmışdır. Burada Rusiya, ABŞ kimi dünyanın güc mərkəzləri strukturlarının fəaliyyət göstərməsi, onların ölkədə sabitliyi qorumaqda maraqlı olmalarına zəmin yaradır. Bir sözlə, region onların diqqət mərkəzindədir. Bu günlərdə Rusiya ilə imzalanmış təbii qazın satışı ilə bağlı müqavilə də buna sübut ola bilər. Müqavilənin imzalanmasından sonra Rusiya Xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin həllinin çətinliklə də olsa, tezliklə baş tutacağı barədə yaydığı bəyanat da yuxarıda dediklərimizə sübut ola bilər. Görünür, Azərbaycan yenidən öz təbii resurslarından istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşa bilər.
Bir neçə gündən sonra isə, daha doğrusu, iyulun 9-da Minsk Qrupunun həmsədrlərinin yenidən regiona səfər edəcəyi gözlənilir. Həmsədrlərin yenidən prezidentlərin görüşünü təşkil edəcəyi də güman edilir. Səfər öncəsi amerikalı həmsədr Metyu Brayzanın verdiyi açıqlamada bildirilir ki, münaqişənin həlli bu ilin sonuna kimi baş tuta bilər. M.Brayza, həmçinin, bildirib ki, ilin sonuna kimi çərçivə razılaşmasının əldə olunması mümkündür. Əlbəttə, qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün bundan daha yaxşı bir zəmin, hələ ki, olmayıb. Bu mənada M.Brayzanın sözlərinə haqq vermək olar. Lakin nəzərə alsaq ki, ölkə başçıları arasında keçirilən görüşlərdə heç bir konstruktiv nəticə əldə olunmayıb, onda belə bir bəyanatla razılaşmaq olmaz. Əgər sülh razılaşması əldə olunursa, bu, hər iki tərəfin maraqlarının nəzərə alınması zəminində baş verməlidir. Lakin əgər Ermənistan tərəfi bu gün öz iddialarından əl çəkmir və qoşunlarını Dağlıq Qarabağdan çıxarmaq istəmirsə, hansı çərçivə razılaşmasından söz gedə bilər.
Azərbaycanın mövqeyi isə burada uzun illərdir ki, hamıya məlumdur. İstər ümummilli lider Heydər Əliyevin, istərsə də onun davamçısı Prezident İlham Əliyevin apardığı danışıqlarda ortaya qoyulan yeganə mövqe bundan ibarətdir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilməlidir. Dəfələrlə vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ona heç vaxt müstəqillik verilə bilməz.
Bu mövqe ilə, hətta Ermənistan prezidenti Serj Sarkisyan da razı olduğunu Azərbaycandan olan nümayəndə heyəti ilə görüşündə bildirib. Azərbaycan prezidenti isə bu günlərdə Rusiyanın VESTİ kanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin və Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsinin mümkünlüyünü bildirib.
O ki qaldı prezidentlərin növbəti görüşünə bu görüşdən M.Brayza kimi mütərəqqi nəticələr gözləmək olmaz. Lakin keçirilən hər bir görüş münaqişənin həlli yolunda atılmış bir addımdır. Bunları yüksək qiymətləndirmək və maksimum dərəcədə faydalanmaq lazımdır. Hər halda, mütərəqqi nəticənin əldə olunması Ermənistan tərəfinin göstərəcəyi mövqedən asılıdır. Əgər ermənilər hansısa bir konstruktiv mövqe göstərməyib öz iddialarından əl çəkməzlərsə, onda münaqişənin həlli daha da çətinləşir.

Digər xəbərlər