Polis peşəsi elə bir peşədir ki, orada çalışan adamlardan təkcə peşəkarlıq, səriştə və sayıqlıq deyil, başqa mühüm vəzifələr də tələb olunur - Vətəni sevmək, xalqı sevmək, insanpərvərlik və ən başlıcası, ədalətli olmaq. On illik müstəqillik dövrümüz sübut etdi ki, bizim daxili işlər orqanlarımızda məhz bu tələblərə cavab verən insanlar istənilən qədərdir.
HEYDƏR ƏLİYEV
2 iyul Azərbaycan polisi özünün peşə bayramını qeyd etdiyi tarixi gündür. Təkcə postsovet məkanında deyil, ümumiyyətlə, bütün dünyada öz siyasi nüfuzunun ən ali səviyyəsində olan müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin fəaliyyəti barədə söz açmaq heç də çətin deyil. Çünki bütün islahatlar aparılıb, ən yüksək səviyyədə uğurlar əldə edilib, polis orqanlarının maddi-texniki bazası dünya standartları səviyyəsinə çatdırılıb, polis əməkdaşlarının sosial-rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı dövlət tədbirləri reallaşdırılıb, DİN əməkdaşları sırasına təsadüfi adamların düşməsinin qarşısı tamamilə alınıb və s. Bəs müstəqillikdən əvvəl vəziyyət necə idi? Müstəqilliyin ilk illərində xaos və anarxiyanın qurbanına çevrilmiş, bəzi natəmiz siyasi qüvvələrin öz mənafeyi naminə istifadə etmək istədiyi polis orqanlarını ümummilli liderimiz Heydər Əliyev necə xilas etdi və saflaşdırdı?
Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunana qədər sovetlər birliyində yaşamağa məhkum olan Azərbaycan və xüsusilə də Azərbaycan polisi olduqca çətin və şərəfli bir yol keçmişdir. Əlbəttə ki, 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana təcavüzü baş verən zaman Azərbaycan polisinin göstərdiyi qəhrəmanlıq nümunələri ayrıca tədqiqatın mövzusudur. O zamanlar siyasi hakimiyyətdə mövcud olan boşluqlar, milli məsuliyyət hissindən uzaq olan insanların hakimiyyətə təsadüfi gəlişləri və onların dövlətçiliyə biganə münasibətləri Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağda Azərbaycan polisini Ermənistan dövləti və onun havadarları ilə üz-üzə qoydu. Qeyri-bərabər döyüşlərdə Azərbaycan polisi öz şərəfini qorumaqla yanaşı, həm də düşmənə ağır itkilər verdi. Şuşada, Xocalıda, Laçında və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində misilsiz igidliklər göstərdilər. Neçə-neçə polis zabiti və sıravi əməkdaş qəhrəmanlıq tariximizə yeni imzalar atdı. Müstəqilliyə keçid dövrünü olduqca ağır yaşayan Azərbaycanda bütün digər strukturlar kimi hüquq-mühafizə orqanları da keşməkeşli bir yol keçdi. 1993-cü ildən başlayaraq hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsi başladı. Hüquq-mühafizə sisteminin inkişaf mərhələlərini isə ümummilli lider Heydər Əliyevsiz təsəvvür etmək qətiyyən mümkün deyil. Azərbaycanın hüquq-mühafizə sistemi və ümummilli lider Heydər Əliyev mövzusuna kompleks şəkildə nəzər salsaq görərik ki, bu sistemdə formalaşma proseslərinin bünövrəsi və başlanğıcı hələ 1969-cu ildə ulu öndərin hakimiyyətə birinci dəfə gəlişi dövründən başlayır. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi təyin olunana qədər respublikanın, digər sahələrində olduğu kimi, hüquq-mühafizə orqanları sistemində və eləcə də beynəlxalq təcrübəyə, həm də dünya standartlarına cavab verən hüquqşünasların hazırlanması istiqamətində nəinki heç bir əməli addım atılmamış, bu barədə heç düşünülməmişdi. Xalqın və millətin ehtiyaclarını yalnız böyük liderlər duya bilər və bu ehtiyaclar yalnız böyük liderlər tərəfindən ödənilə bilər. Birinci dəfə hakimiyyətə gəldiyi ilk andan ümummilli lideri düşündürən əsas faktorlardan biri, bəlkə də birincisi bu idi: necə etmək olar ki, imperiyasız, yəni ittifaqsız Azərbaycan yaşaya bilsin? Cəmiyyətə hər şeydən əvvəl hüququn, qanunun və qanunun keşiyində duran insanların lazım olduğunu dəqiq bilən Heydər Əliyev ölkədə və eləcə də xaricdə təhsil alan sözün həqiqi mənasında, savadlı milli hüquqşünas kadrların hazırlığına diqqəti artırdı. Respublikada kadr potensialının gücləndirilməsi məqsədilə atılan addımlar bir neçə ildən sonra öz bəhrəsini verdi. 1973-cü ildə isə şəxsi prinsipiallığı və əzmkarlığı ilə İttifaq hökumətinə təsir edərək Bakıda Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan milli lider Heydər Əliyev bu sahədə, demək olar ki, ən böyük fundamental təhsil kompleksinin əsasını qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanması istiqamətində əldə edilən nailiyyətlər ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi.
Müstəqillik əldə edildikdən sonra isə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun möhkəm əsasları qoyulmağa başladı. Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını, idarəçiliyin hakimiyyət bölgüsü prinsipi ilə təşkil edilməsini təsbit edən Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə məhz Heydər Əliyevin Sədrliyi ilə hazırlandıqdan sonra referendum yolu ilə qəbul olundu. Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ulu öndər hələ 1994-cü ildə "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı imzalamaqla dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yaratdı. Həmçinin, ümummilli liderimiz Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi günü elan olundu.
Çox keçmədi "Məhkəmələr və hakimlər", eləcə də "Prokurorluq haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar hazırlanaraq qüvvəyə mindi. Penitensiar sistemdə əsaslı islahatların həyata keçirilməsi üçün ciddi hüquqi tədbirlərə başlanıldı. Hüquq sisteminin heç bir sahəsi islahatlardan kənarda qalmadı. "Polis haqqında" Qanunun qəbulu isə ölkədə vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanının yaradılması demək idi. Qanun, insan hüquq və azadlıqlarını təmin etmək və polisin fəaliyyətini tənzimləmək baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Həmin qanunla polisin fəaliyyətini tam tənzimləyən hüquqi əsasları yaradıldı. Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan polisin təyinatı həmin qanuna görə vətəndaşların həyatını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətlərini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan polisi dövlətin və dövlətçiliyin qorunması üçün, ölkədə sabitliyin və əmin-amanlığın qorunması üçün, vətəndaşlarımızın Konstitusiya ilə təsbit olunan hüquq və azadlıqlarının qorunması üçün dövlətin qarşıya qoyduğu bütün vəzifələri şərəflə yerinə yetirir. Bu gün ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev, ölkə həyatının bütün sahələrinə olduğu kimi, hüquq-mühafizə orqanlarına da böyük qayğı və diqqətlə yanaşır.
Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycanda hakimiyyətlə xalq arasında sıx birlik mövcuddur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı ölkədəki milli həmrəyliyi gücləndirməklə yanaşı, xalqın hakimiyyətə inam və etimadını daha da möhkəmləndirib.
Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan polisinin inkişaf və yeniləşmə mərhələsini yaşadığını dönə-dönə qeyd edib: "Müasir dövrün çağırışlarına cavab olaraq aparılan islahatlar nəticəsində onun üzərinə qoyulan vəzifələrin dairəsi genişlənir. Cinayətlərin qarşısının alınması ilə yanaşı, insan hüquq və azadlıqlarının qorunması daxili işlər orqanlarının əsas prioritetlərindən birinə çevrilir. Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədi ilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcək. Bu isə, öz növbəsində, polis orqanlarının məsuliyyətini artırır. Hakimiyyətin nümayəndəsi kimi xalqa xidmət etməyə borclu olan polis qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük inamını qazanmalıdır. Polisin sosial funksiyalarını effektiv yerinə yetirməyə imkan verən, müasir dövrün tələblərinə və dünya təcrübəsinə cavab verən müasir iş metodları tətbiq edilməli, institusional islahatlar davam etdirilməli, cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilməlidir".
Məhz bu məqsədlə ölkə ictimai təhlükəsizliyin gücləndirilməsi üçün polis yanında ictimai şuralarının yaradılmasının böyük əhəmiyyəti var. Bu şuraların fəaliyyəti polisin işin gücləndirməklə yanaşı, həm də vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına imkan verəcək.
Ölkə Prezidenti əmindir ki, xalqa, vətənə, dövlətçiliyə və peşə borcuna sadiq olan daxili işlər orqanlarının əməkdaşları bundan sonra da Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində öz vəzifələrini vicdanla yerinə yetirəcəklər.