PDF Oxu

Siyasət

  • 6

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışında iştirak edib
İyunun 30-da Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib. Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Məlumat verildi ki, 2008-ci ilin yanvarında başlanmış inşaat işləri bu ay başa çatdırılıb. Altımərtəbəli binanın sahəsi 8544 kvadratmetr, idarənin ümumi ərazisi isə 1,3 hektardır. Ən müasir standartlara uyğun tikilmiş binanın inşaat işlərində Almaniya və Türkiyədən gətirilmiş, eləcə də yerli materiallardan istifadə olunub. Tikintidə yerli işçi qüvvəsi çalışıb. Binada bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunmuş 150 xidməti otaq, növbətçi otağı, "102" xidməti otağı, brifinq zalı, 200 nəfərlik akt zalı, yeməkxana vardır,  ayrıca qaraj və digər yardımçı sahələr yaradılıb.  Binanın mərkəzləşdirilmiş havalandırma sistemi, transformator yarımstansiyası, avtomobil dayanacağı vardır.  Dövlətimizin başçısı birinci mərtəbədə növbətçi və "102" xidməti otaqlarına baxdı. Məlumat verildi ki, qanun pozuntuları və vətəndaşlara qarşı törədilən digər hüquqazidd əməllər barədə "102" xidmətinə daxil olan məlumatlar dərhal "on-line" rejimində yerli polis orqanlarına ötürülür. "102" xidməti otağında, eyni zamanda, "Təhlükəsiz şəhər" sisteminin məntəqəsi də fəaliyyət göstərir. "Təhlükəsiz şəhər" sistemi Prezident İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi "Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrdən biridir. Sistem müxtəlif yerlərdə quraşdırılmış kameralar ilə paytaxtda hüquq qaydasına riayət olunmasına nəzarətin müasir informasiya-kommunikasiya texnologiyaları, o cümlədən videomüşahidə yolu ilə həyata keçirilməsini, fasiləsiz şəkildə canlı izlənilməsini, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsini təmin edir.
Birinci mərtəbənin foyesində Azərbaycanın dövlət rəmzlərini əks etdirən stendlər quraşdırılıb.
İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin, üçüncü mərtəbənin foyesində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin  polis orqanlarına diqqət və qayğısını əks etdirən fotoguşələr vardır. Dəhlizlərin divarlarında qədim və müasir Bakının mənzərələrini əks etdirən fotoşəkillər asılıb.
Dövlətimizin başçısı binanın müasir səs avadanlığı ilə təchiz edilmiş akt zalına, xidməti otaqlarına, 100 nəfərlik yeməkxanasına da baxdı.  Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyələrini verdi.

Digər xəbərlər