PDF Oxu

Siyasət

  • 10

Rusiya -Azərbaycan əlaqələri tarixi köklərə bağlıdır

Rusiya -Azərbaycan əlaqələri tarixi köklərə bağlıdır

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iyunun 29-da Azərbaycana işgüzar səfərə gəlib. Rusiyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rusiya Prezidentini Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan və Rusiya Prezidentlərinin təkbətək görüşü

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevi qarşıladı.
Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olundu. Həmçinin görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan və Rusiya Prezidentlərinin geniş tərkibdə görüşü

İyunun 29-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: -Hörmətli Dmitri Anatolyeviç!

Hörmətli qonaqlar! Sizi Azərbaycanda salamlamağa şadam. Xoş gəlmisiniz. Biz Sizin gəlişinizi gözləyirdik və bu səfər qısamüddətli olsa da, ümid edirik ki, kifayət qədər səmərəli olacaqdır. Son bir ildə biz bir neçə dəfə görüşmüşük və bu, bizim münasibətlərimizin dinamik xarakterini göstərir. Bu gün biz xatırladıq ki, düz bir il əvvəl Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz və həmin səfər çərçivəsində imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə uğurla yerinə yetirilir. Biz çox şadıq ki, bir il sonra Sizi yenidən Bakıda görmək, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional problemləri, - adətən olduğu kimi, - dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət ruhunda müzakirə etmək imkanı var. Biz Sizin gəlişinizə həmişə şadıq. Bir daha xoş gəlmisiniz.

Rusiya Prezidenti Dmitri MEDVEDEV təşəkkürünü bildirərək dedi:

-Çox sağ olun, İlham Heydər oğlu. Bu gün Azərbaycana gəlmək mənə də çox xoşdur. Bizim iş cədvəllərimiz çox gərgindir. Lap yaxın vaxtlarda Sizinlə Peterburqda görüşmüşdük, ondan əvvəl də Siz Rusiyaya səfər etmişdiniz. Mənim indiki səfərim işgüzar səfərdir, Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, nisbətən qısamüddətli, lakin məzmunlu səfərdir, çünki biz görüşün gündəliyini hərtərəfli hazırlamışıq. Bir sıra sənədlər üzərində iş aparılmışdır, onlar bu gün imzalanacaqdır. Əlbəttə, bu, ölkələrimiz arasında, xalqlarımız arasında münasibətlərin - xalqlarımızı bir-birinə bağlayan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin strateji xarakterini əks etdirir və biz həmin münasibətlərin daha da inkişaf etməsi üçün lazım olan hər şeyi etməyə hazırıq. Ümidvaram ki, bugünkü görüşün nəticəsində biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcək, iqtisadiyyat haqqında da söhbət edəcəyik, çünki bu da çox vacibdir. Əlbəttə, biz siyasət haqqında da, o cümlədən xarici siyasət məsələləri barədə də söhbət edəcəyik.

Azərbaycan-Rusiya sənədlərinin imzalanması

İyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Xəzər dənizi üzrə birgə Bəyannaməni və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə Bəyannaməni imzaladılar. Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtlərini Azərbaycan tərəfdən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Rusiya tərəfdən "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin prezidenti Aleksandr Miller imzaladılar. Azərbaycan Respublikası və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında razılaşmanı Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə Kabardin-Balkar Respublikasının prezidenti Arsen Konokov imzaladılar. Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında və Rusiya Federasiyasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi üzrə şərtlər haqqında sazişin hazırlanması barədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə Bəyannaməni Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov imzaladılar.

Rusiya Prezidentinin ölkəmizə işgüzar səfəri başa çatıb

İyunun 29-da Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana işgüzar səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Digər xəbərlər