PDF Oxu

Siyasət

  • 7

Azərbaycan və İsrail xalqları arasında münasibətlər yüksək səviyyədədir

Azərbaycan və İsrail xalqları arasında münasibətlər yüksək səviyyədədir

İyunun 28-də İsrail Dövlətinin Prezidenti Şimon Peresin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Şimon Peresi böyük səmimiyyətlə qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi.
İsrailin və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları İlham Əliyev və Şimon Peres fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsrail Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Şimon Peresə, İsrail nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Geniş tərkibdə görüş

İyunun 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar! Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, səfər uğurlu olacaqdır.
Biz sizinlə ikitərəfli münasibətlərə, o cümlədən regional və beynəlxalq məsələlərə dair geniş müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərimizin üzvləri də bir-biri ilə söhbət edə biləcəklər və ikitərəfli münasibətlərimizə aid məsələləri nəzərdən keçirəcəklər. Münasibətlərimiz uğurla inkişaf edir. Əməkdaşlığımızın səviyyəsindən məmnunuq. İqtisadiyyatın müxtəlif sahələrində yaxşı imkanlar var. Humanitar sahədə məsələlər üzrə də əməkdaşlıq edirik. Siz bizə ölkənizin iş adamlarından ibarət böyük bir qrupla gəlmisiniz. Hesab edirəm ki, işgüzar dairələr arasındakı əlaqələr ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
Mən sizə uğurlu səfər arzulayıram.

İsrail Prezidenti Şimon PERES səmimi qəbul üçün təşəkkür edərək dedi:

-Çox sağ olun. Şəxsən öz adımdan və nümayəndə heyəti adından olduqca səmimi qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Bizə demişdilər ki, Bakıda hava çox isti olacaq. Amma əslində gördük ki, hava o qədər də isti deyil. Bizə göstərdiyiniz hərarətli qəbula görə minnətdarıq. Biz bir çox məsələləri müzakirə etdik.
İsrail Prezidenti dedi ki, nümayəndə heyətinin tərkibində iştirak edən nazirlər də əməkdaşlığımızın vəziyyəti barədə öz fikirlərini söyləyəcəklər.

Azərbaycan-İsrail sənədlərinin imzalanması

İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin iştirakı ilə Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev və İsrailin elm və texnologiya naziri Daniel Herşkovitz imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İsrailin milli infrastruktur naziri Uzi Landau imzaladılar.

Prezidentlər mətbuat üçün bəyanatlarla çıxış ediblər

İyunun 28-də Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Şimon Peres mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz bu gün bir sıra məsələlər üzrə yaxşı müzakirələr apardıq. Biz ikitərəfli əlaqələrə dair məsələləri müzakirə etdik və əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizin uğurlu inkişafında çox önəmli rol oynayacaqdır. Biz iqtisadiyyatın inkişafına dair məsələləri də müzakirə etdik. Ölkələrimiz arasında birgə ticarət dövriyyəsinin həcmi artmaqdadır və bu rəqəm otən il 3,6 milyard dollara bərabər olmuşdur.


Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin 2009-cu ildə də bu rəqəm civarında olacağına əminliyini vurğuladı. Kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlərin olduğunu birdirən dövlətimizin başçısı, ölkələrimizin bu sahələrdəki nailiyyətlərindən danışdı və müsbət meyli gələcəkdə inkişaf etdirməyin planlaşdırıldığını söylədi.  Ölkələrimiz arasında enerji sektorundakı əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirdi. Humanitar əməkdaşlıqdan söz açan dövlətimizin başçısı Azərbaycan və İsrail xalqları arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi.
Prezident İlham Əliyev dedi: Azərbaycanın yəhudi icması əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıb və yaşayır. Bu gün müzakirə etdiyimiz kimi, Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar əslində İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər. Yəqin ki, insanlar arasında ünsiyyət cənab Prezidentin səfərindən sonra daha geniş vüsət alacaqdır.
Biz, eyni zamanda, bu gün regional məsələləri, regional vəziyyəti, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdik. Mən cənab Prezidenti Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsuslar olsun ki, atəşkəsin əldə edilməsindən 15 ildən də çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir.
Əminəm ki, uğurla başlanan səfər bu gün və sabah da belə davam edəcəkdir. Qəbul ediləcək qərarlar və əldə olunacaq razılaşmalar ikitətərəfli əlaqələrimizi inkişaf etdirmək üçün yeni imkanlar yaradacaqdır.
Cənab Prezident, bir daha xoş gəlmisiniz və diqqətinizə görə minnətdaram.

X X X

İsrail Prezidenti Şimon PERES bəyanatla çıxış edərək dedi:

-Hörmətli cənab Prezident! Xanımlar və cənablar!
Əvvəlcə mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.
Xoş münasibətə, məsələləri geniş şəkildə müzakirə etmək imkanına görə Sizə səmimi qəlbdən təşəkkürümü çatdırıram. Qeyd edə bilərəm ki, ölkənizə səfərimdən öncə Azərbaycana vurğun idim. Lakin bu gün Sizinlə apardığım söhbətdən sonra anladım ki, bu sözlər hamı tərəfindən deyilə bilər. Prezident Şimon Peres dedi ki, ölkələrimiz arasında oxşarlıqlar var. Ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir. İsrail dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına da münasibət bildirdi.
Prezident Şimon Peres dedi: İşğala baxmayaraq, siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə bir milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri qaçqın və məcburi köçkündür. Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz.
Şimon Peres əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda yüksək tolerantlıq mühiti vardır. İsrail Prezidenti ölkəmizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığını bildirərək dedi: Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar.
Biz bu səfərə böyük nümayəndə heyəti ilə gəlmişik. Onun tərkibində üç nazir var. Bundan əlavə, 50-yə yaxın nüfuzlu iş adamı da var. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq. Prezident Şimon Peres Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirdi. Ali qonaq ona və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi.

Heydər Əliyev Fondu ilə tanışlıq

 İsrail Prezidenti Şimon Peres iyunun 28-də Heydər Əliyev Fondunda olub. Azərbaycan Prezidenti İlham Əliyevi və İsrail Prezidenti Şimon Peresi Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qarşıladı.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verildi.
Prezident İlham Əliyev İsrail Prezidentini ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış etdi.
Dövlətimizin başçısı bildirdi ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanıb. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. İsrail Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı. Prezident Şimon Peres Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. İsrail Prezidentinə hədiyyə təqdim olundu. Dövlət başçıları və Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.

Ali qonağın şərəfinə

İyunun 28-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İsrail Dövlətinin Prezidenti Şimon Peresin şərəfinə rəsmi ziyafət təşkil edilib.
Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

İsrail Prezidentinin rəsmi səfəri başa çatıb

İyunun 29-da İsrail Prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İsrail dövlətinin başçısını Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola saldılar.

Digər xəbərlər