PDF Oxu

Siyasət

  • 13

Prezident İlham Əliyevin Yeni Fərmanı mövcud problemlərin həll olunmasını təmin edəcək

Prezident İlham Əliyevin Yeni Fərmanı mövcud problemlərin həll olunmasını təmin edəcək
Son illər ölkədə aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi inkişaf həyatımızın bütün sahələrini əhatə edib, iqtisadi potensial güclənib, dövlət büdcəsi artıb, sosial sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini zəruri edir.
Vətəndaşlardan daxil olan müraciətlərin ümumiləşdirilməsi göstərir ki, bəzi hallarda dövlət və bələdiyyə vəsaitləri, o cümlədən, dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramları çərçivəsində ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, dövlət və bələdiyyə əmlakının, maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanlar nəzərə çarpır, vəsaitlərin istifadə olunmasına, tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh vəzifəli şəxslərin fəaliyyətində korrupsiya halları müşahidə edilir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar dövlət vəsaitlərinin nəzərdə tutulmuş istiqamətlərdə xərclənməsinin qarşısını almaqla dövlətə və cəmiyyətə böyük ziyan vurur, ölkəmizin daha sürətlə inkişafına mane olur, əhalinin rifahının artırılması sahəsində görülən tədbirlərin səmərəsini azaldır.
Keçən dövr ərzində ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə, qəbul edilmiş dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər həyata keçirilib, normativ-hüquqi baza təkmilləşdirilmiş, vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə dövlət nəzarət mexanizmləri inkişaf etdirilmiş, korrupsiya cinayətlərinə qarşı cinayət təqibinin səmərəliliyini artırmaq üçün bu sahədə ixtisaslaşmış qurum yaradılıb.
Lakin görülən tədbirlərlə kifayətlənməyərək ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması tələb olunur. Bunun üçün dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, habelə, tamamilə dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin (bundan sonra- dövlət müəssisəsi) idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində şəffaflıq təmin edilməli, qanun pozuntuları ilə mübarizə gücləndirilməli, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərdə göstərilən halların yoxlanılmasına diqqət artırılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında Fərmanında deyilir: Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın ki:
1.1. Dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etsinlər;
1.2. Bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş sahələrdə cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə, müvafiq sənədləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərsinlər.
Fərmana görə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 saylı Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icra edilməsi vəziyyətinə dair Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilən məlumatlarla birgə, bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə hesabat verməlidirlər.
Fərmanla Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılır ki, öz səlahiyyətləri daxilində bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə aparılan yoxlamaların və digər dövlət nəzarət tədbirlərin gücləndirilməsi, effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etsinlər, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar olunması və qarşısının alınması məqsədilə konkret tədbirlər həyata keçirsinlər, görülmüş tədbirlərin nəticələri barədə 3 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Fərmanda hüquq-mühafizə orqanlarına sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 saylı Fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələbinə həmin orqanların əməkdaşları tərəfindən ciddi riayət olunmasını təmin etməsi və bu sahədə pozuntulara yol vermiş əməkdaşlar barəsində məsuliyyət tədbirləri görülməsi tapşırılır.
Bundan başqa 5.1 bəndində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, komissiyaya daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin mütəmadi olaraq ümumiləşdirilməsini həyata keçirsin, ümumiləşdirmənin nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə, dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasının dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edilməsini və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etsin, bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər haqqında dövlət orqanları tərəfindən təqdim olunmuş hesabatları təhlil etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat versin.
Fərmanımn 6-cı bəndində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət üzrə ilkin yoxlamanın aparılması və bunun üçün kifayət qədər əsas olduqda müvafiq sahədə mütəxəssislərin cəlb edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərarın qəbul edilməsi, dövlət və ya bələdiyyə orqanlarında, dövlət müəssisələrində müraciətdə göstərilən halların mövcud olub-olmamasının prokurorluq orqanları tərəfindən, zərurət olduqda, mütəxəssislərin iştirakı ilə yoxlanılması tövsiyə edilir.
Dövlət başçısının sözügedən fərmanında yoxlamalar zamanı fiziki və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini qorumaq məqsədilə prokurorluq orqanlarına daxil olan müraciətlərin araşdırılmasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsini təmin edilməsi də nəzərdə tutulur.
Belə ki, dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə yoxlamalar və digər nəzarət tədbirləri həyata keçirən dövlət orqanları ilə məlumat mübadiləsinin və qarşılıqlı əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 saylı Fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələblərinin, hüquq-mühafizə orqanları tərəfindən icra olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmələri tapşırılır.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, bir ay müddətində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ-hüquqi aktların ekspertizasının aparılması qaydası haqqında müvafiq layihəni təqdim etsin.
Göründüyü kimi, Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı naminə fəaliyyətini daha yüksək kriteriyalar üzərində qurur. Bu siyasət həm də dövlət və bələdiyyə əmlakının qorunması, korrupsiyanın qarşısının alınması, vətəndaşların sərbəst işgüzar fəaliyyətinə dövlət orqanlarının müdaxilə hallarının məhdudlaşdırılmasına xidmət edir.
Belə ki, sahibkarların əsas şikayətləri əsassız yoxlamalarla bağlı olur. Lakin bu yoxlamaların aparılması əksər hallarda zəruri olur. Bu səbəbdən də, dövlət orqanları bu işi elə bir mexanizmlə aparlamalıdır ki, sahibkarın işinə maneçilik törətməsin, lakin qanunun tələblərinin də qorunmasını təmin etsin. Bu, çox mürəkkəb bir mexanizmdir və bu prosesin müvafiq dövlət orqanlarının iştirakı ilə obyektiv aparılmasını əmin etmək vacibdir.
Sonuncu Fərmanla dövlət başçısı, məhz bu mexanizmin  dəqiq konturlarını verib və həm dövlətin, həm də sahibkarların mənafelərinin qorunmasını təmin edib. Fərmanın əsas əhəmiyyəti də məhz bundadır.
Məlum olduğu kimi, bəzi bələdiyyə orqanları tərəfindən son illərdə korrupsiya və saxtakarlıq halları aşkar olunurdu. Bələdiyyələr müstəqil qurum olduqlarından dövlət orqanları onlara nəzarət etməkdə çətinlik çəkirdi. Lakin bələdiyyələrin Milli Məclis qarşısında hesabat vermələri haqda qanunun qəbul olunması, bu sahədə vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək.
Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkədə dövlət və vətəndaşlar arasında qarşılıqlı etimadın yaranmasını təmin edir ki, bu da, öz növbəsində, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, vətəndaşların dövlətə inamının artmasına gətirib çıxarır.

Digər xəbərlər