Prezident İlham Əliyev Paulo Antonionun etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev iyunun 22-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paulo Antonionun etimadnaməsini qəbul edib.
Səfir Paulo Antonio Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi. Paulo Antonio etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Braziliyanın ölkəmizdə səfirinin təyin olunmasını Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev ölkələrimizin əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu dedi və bundan istifadə etməyin vacibliyini vurğuladı. Səfir Paulo Antonio ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi-iqtisadi sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu söylədi və respublikamızdakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.