PDF Oxu

Siyasət

  • 6

Prezident İlham Əliyev Bakıdakı Teleqülləyə baxış keçirib

Prezident İlham Əliyev Bakıdakı Teleqülləyə baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə Kompleksinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olublar. Burada görülən işlər və yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verilib. Tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 310 metr hündürlüyü olan teleqüllədən şəhərin mənzərəsini seyr ediblər.
Qeyd edək ki, Teleradio İstehsalat Birliyinin Teleqüllə Kompleksi, ümummilli lider Heydər Əliyevin Azərbaycanda qurub-yaratdığı saysız-hesabsız obyektlərdən biridir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarı əsasında Azərbaycan Respublikası Rabitə Nazirliyinin sifarişi ilə SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələşdirilib.
Tikinti işlərinə 1979-cu ildə başlanılıb. Layihəyə əsasən inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin müəyyən səbəblər üzündən kompleksdə tikinti işləri dayandırılmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra teleqüllənin tikintisi davam etdirilmiş və 1996-cı ildə ulu öndərin iştirakı ilə kompleksin rəsmi açılış mərasimi keçirilmişdi.
2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə, digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də böyük inkişafa nail olundu. İnformasiya və kommunikasiya texnologiyaları sektorunu prioritet sahələrdən biri elan edən dövlətimizin başçısı bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar verdi.
Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və genişmiqyaslı tətbiqi ölkədə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə də əlverişli zəmin yaradıb.
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin yeni inşa olunmuş inzibati binası yüksək tələblər səviyyəsindədir. Burada çalışan əməkdaşlar üçün hər cür şərait yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva teleqüllənin yenidən qurulduqdan sonrakı vəziyyəti ilə yaxından tanış olmaq üçün əraziyə gəliblər.
Dövlətimizin başçısına məlumat verilib ki, ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir.
Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. Dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni televiziya ötürücüləri quraşdırılıb ki, bunlar da yayımın keyfiyyətini yüksək standartlar səviyyəsinə qaldırıb.
Bakı şəhəri və ətraf ərazilərdə televiziya və radio proqramlarının yayımının əhatə dairəsi, respublikada mövcud televiziya və radio yayım şəbəkəsi, Bakı və Abşeron yarımadasında rəqəmsal televiziya yayımının inamlı qəbul xəritəsi, respublika ərazisində DVB-T rəqəmsal televiziya yayım planı, Azərbaycan Respublikasının Radiomonitorinq Şəbəkəsi və kompleksin digər fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.
Bildirildi ki, qüllədə Yaponiya istehsalı olan və hər biri 12 nəfərlik 2 "Hitachi" lifti quraşdırılıb. Qüllənin 28-ci mərtəbəsində yerdən 180 metr hündürlükdə televiziya və radio yayım avadanlığı, 1712 kilometr uzunluğa malik RRX şəbəkəsinin baş stansiyası, mobil operatorların SDH şəbəkələri yerləşdirilib.
10-cu mərtəbədə isə televiziya və radioverici-yayım avadanlığı, peyk yayımı avadanlığı, audio-video kommunikasiya qurğuları, habelə, dispetçer xidməti, radio-rele kommunikasiya qurğuları və digər xidməti avadanlıq yerləşdirilib.
Prezident İlham Əliyev teleqüllə kompleksinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendlə tanış oldu. Sonra dövlətimizin başçısı və xanımı qüllənin 27-ci mərtəbəsində, yerdən 175 metr hündürlükdə olan döşəməli restorana baxdılar.
 Bildirildi ki, ümumi sahəsi 330 kvadratmetr olan restoranın yükgötürmə qabiliyyəti 15 tondur. Restoranın salonunda eyni vaxtda yüz nəfərə xidmət göstərilə bilər. Burada hər şey zövqlə quraşdırılıb və xidmət ən yüksək standartlar səviyyəsindədir.
Salon 1 saat 10 dəqiqə müddətində bir dəfə dövrə vuraraq, şəhərin və Xəzər dənizinin gözəl mənzərəsi ilə bura gələnləri valeh edir. Burada paytaxt sakinlərinin, eləcə də, qonaqların istirahəti üçün lazım olan hər cür şərait yaradılıb.
Daha sonra görülən işlər və yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verildi. Tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva buradan şəhərin mənzərəsini seyr etdilər.

Digər xəbərlər