PDF Oxu

Siyasət

  • 12

Azərbaycanda bütün sahələr dinamik şəkildə inkişaf edir

Azərbaycanda bütün sahələr dinamik şəkildə inkişaf edir
Məlum olduğu kimi, son illər regionların sosial-iqtisadi inkişafını sürətləndirməyə yönəldilmiş layihələrin maliyyə təminatı artırılıb. İnkişafın perspektivli strategiyası bölgələrin inkişafı ilə sıx bağlıdır. Regionlarda sosial-iqtisadi durumun yaxşılaşması dövlət quruculuğunun əsas məqamlarından biridir. Hazırda ölkə rəhbərliyi bununla bağlı çox vacib proqramları həyata keçirir. Prezidentin qarşıya qoyduğu vəzifələr baxımından bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Nəzərdə tutulan işlərin reallaşması faktiki olaraq uzun müddət üçün Azərbaycanın davamlı inkişafını təmin etməyə gətirib çıxaracaq. Maraqlı məqamlardan biri də, qısa müddətdə ölkəmizdə istehsal olunan məhsulların keyfiyyətinin artması, müxtəlifliyin təmin olunması və bu məhsulların ən yüksək dünya standartlarına cavab verməsidir. Artıq ölkəmizin qeyri-neft sektorunun məhsullarının xarici ölkələrə ixracı başlanılıb və bu tendensiya getdikcə daha da artacaq. Ölkə Prezidenti ardıcıl olaraq bu məsələnin konkret tərəflərini diqqətdə saxlayan addımlar atıb. Verilən sərəncamlarda regionların sosial-iqtisadi və mədəni inkişafını təmin və təsdiq edən müddəalar öz əksini tapıb. O cümlədən, regionlarda mənəvi və maddi dəyərlərin artırılması ilə bağlı proqramların mövcudluğunu qeyd etmək gərəkdir. Bu proqramlar həm icra orqanlarını, həm də özəl strukturları cəmiyyətin rifahı naminə çalışmağa istiqamətləndirir. Bölgələrdə mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı işlərin görülməsi zərurəti həm iş yerlərinin açılmasına, həm tarixin qorunmasına, həm də yeni tikintilərin aparılmasına gətirib çıxarır. Maddi dəyərlərin artırılması isə bölgələrdə tikinti işlərinin istiqamətini və iş yerlərinin açılması tempini müəyyənləşdirməkdir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev regionların inkişafını daim diqqət mərkəzində saxlayır. Bu səfərlər zamanı yeni-yeni istehsal və xidmət müəssisələri açılıb, bəzilərinin isə təməlqoyma mərasimi keçirilir. İqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi, enerji və su sektorunun maliyyə intizamının gücləndirilməsi, dolayı subsidiyaların azaldılması, bank sisteminin inkişafı, əməkhaqqı və pensiyaların artırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Son 5 ildə ölkədə böyük sosial-iqtisadi layihələr həyata keçirilir. Məhz bunların nəticəsində son 5 ildə ölkəmizdə 750 min yeni iş yeri açılıb, yüzlərlə yeni müəssisə fəaliyyətə başalayıb. Sevindirici haldır ki, bunların 80 faizi bölgələrin payına düşür. Özəl sektorun iqtisadiyyatda payı isə 84 faizə çatıb. Özəl sektor isə, məlum olduğu kimi, əsasən, qeyri-neft sektoru çərçivəsində fəaliyyət göstərir. Ölkə rəhbərinin, hökumətin həyata keçirdiyi ən uğurlu layihələrdən biri olan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tətbiqində əsas məqsəd bölgələrdə yerli xammal və ehtiyat mənbələrindən istifadə etməklə yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. Geniş miqyasda tətbiq olunan islahatlar nəticəsində keyfiyyətcə yeni mərhələyə başlayan, dinamik və davamlı sosial-iqtisadi inkişaf özəl bölmədə daha çox hiss olunur. Prezident İlham Əliyevin bildirdiyi kimi ölkədə əmtəə istehsalı həcminin yüksəldilməsində məqsəd odur ki, Azərbaycanın idxaldan asılılığı maksimum dərəcədə azaldılsın, gündəlik tələbat malları öz ölkəmizdə istehsal olunsun. Özəl bölmənin inkişafı üçün müəyyənləşdirilən tədbirlər öz bəhrəsini verir. Hazırda aqrar sektorun, sənaye, ticarət, mehmanxana və iaşə xidməti sürətlə inkişaf edir. Məşğulluq strategiyasının tətbiqi və "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə iqtisadi inkişafda xüsusi xidmətləri olan özəl bölməyə maraq artır. İşsizliyin və yoxsulluq səviyyəsinin minimum həddə çatdırılmasını qarşıya məqsəd qoyan dövlət başçısı, ilk növbədə, qeyri-neft sektoruna diqqətin artırılmasını tələb edir. Ölkədə makroiqtisadi göstəricilərin dinamikasında xüsusi rolu olan özəl bölmənin ÜDM-də payı 84 faizdən artıqdır. Bölgələrdə iri və orta səviyyəli istehsalyönümlü müəssisələrin açılması xeyli yeni iş yerinin yaranmasını şərtləndirir. Son 5 ildə Dövlət Proqramında nəzərdə tutulduğundan da artıq iş yerinin açılması, 2006-2015-ci illər üçün nəzərdə tutulan "Yoxsulluğun azaldılması və davamlı inkişaf proqramı"na uyğun tədbirlərin keçirilməsi sayəsində yoxsulluq səviyyəsi 16 faizə endirilib. Bu, birmənalı olaraq, ölkədə aparılan məqsədyönlü siyasətin uğurlu nəticəsidir. "Azərbaycana böyük ixrac qabiliyyətli iri sənaye kompleksləri lazımdır" mesajını verən Prezident İlham Əliyev xarici bazarlarda Azərbaycan markası ilə təmsil oluna biləcək mallar istehsal edən iri müəssisələrin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyur. Bununla da məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlavə imkanlar yaranır. Bu gün ölkəmizə yerli resurslar və xammal hesabına işləyə biləcək iri komplekslər, emal müəssisələri lazımdır, bu istiqamətdə işlər davam etdirilir. Dövlətin bu sahəyə göstərdiyi diqqət, ölkədə yaradılmış əlverişli mühit sahibkarlıq subyektlərinin dinamikasında öz əksini tapır. Əvvəllər sahibkarlıq subyektlərinin əksəriyyəti paytaxtda yerləşirdi. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tətbiqi ilə bu nisbətdə müsbətə doğru dəyişiklik hiss olundu, tarazlıq yarandı. İndi elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, orada kiçik və orta sahibkarlıq inkişaf etdirilməsin, yerli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan emal müəssisələri yaradılmasın. Özəl sektorun inkişafı mexanizmlərinin təkmilləşdirilməsi və kompleks tədbirlərin tətbiqi, münbit şərait yaradılması ilə daha yüksək nailiyyətlər qazanılır. Sahibkarlığın inkişafına əlavə maliyyə yardımının yönəldilməsi, infrastrukturun inkişafı, sahibkarlığın təşviqinə yönəldilmiş digər tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Qəbul olunmuş mühüm layihələrin reallaşması nəticəsində sahibkarlıq sistemli şəkildə inkişaf etdirilir. Kiçik və orta sahibkarlığa dövlət köməyi özəl bölmənin möhkəmlənməsinə imkan yaradır. 2009-2013-cü illərdə görüləcək işlərin daha mükəmməl və genişmqyaslı olacağını dəfələrlə qeyd edən dövlət başçısının əsas məqsədi budur ki, insanların sosial həyat şəraiti daha da yaxşılaşdırılsın, iqtisadi kapital insan kapitalı ilə əvəz olunsun, iqtisadiyyatın neft amilindən asılılığı minimuma endirilsin. Səmərəli məşğulluğun və əmək məhsuldarlığının artımına nail olmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi, bu baxımdan, vacib əhəmiyyət kəsb edir. Beləliklə, ölkəmizin regionları özünün daha yüksək inkişaf mərhələsinə qədəm qoyur. Qısa müddətdən sonra Azərbaycanın bütün guşələri yaşamaq və işləmək üçün rahat bir məkana çevriləcək. Azərbaycanın tarixində görünməmiş dinamik inkişaf dövrü başlayır.

Digər xəbərlər