“İlham Əliyev. İnkişaf- məqsədimizdir” çoxcildliyinin ikinci cildi çapdan çıxıb
Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki nitqi ilə açılan bu cilddə, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilib daha da inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, sosial sahələrdə aparılan islahatlara dair materiallar- nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər əksini tapıb. Bu materiallar 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək olan dövrü əhatə edir.
"ATƏT-in Parlament Assambleyasının regiondakı vəziyyətə, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət yetirməsini yüksək qiymətləndirirəm. Bu münaqişə uzun illərdir davam edir.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması nəticəsində ölkəmizə böyük ziyan dəymiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və onların çox çətin şəraitdə yaşadıqlarını diqqətinizə çatdırıram.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hələlik səmərə vermədiyini təəssüflə vurğulayıram. Gələcəkdə bu qurumun fəaliyyətinin beynəlxalq normalar əsasında hansısa bir nəticə verəcəyinə ümidvar olduğumu da bildirirəm.
Bilirsiniz ki, danışıqlar prosesi davam edir, eyni zamanda, bildirim ki, münaqişənin həllində beynəlxalq ictimaiyyətin daha çox fəallıq göstərməsi də zəruridir.
Bu prosesdə əsas vasitəçi olan ATƏT-in Minsk Qrupu ilə yanaşı, digər beynəlxalq təsisatlar- ATƏT-in Parlament Assambleyası, Avropa Şurası, Avropa Birliyi də səylərini artırmalıdır. Mənim fikrimcə, onların bu sahədə fəaliyyətinin gücləndirilməsi münaqişənin sülh yolu ilə həlli yollarının tapılmasında böyük əhəmiyyətə malikdir".
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış "İnkişaf- məqsədimizdir" adlı çoxcildliyinin 2-ci cildindən, 2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki söhbətindən götürülüb.
Kitabda dövlətimizin başçısının Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitindəki nitqi, BMT-nin baş katibi Kofi Annan, həmçinin, bir sıra dövlət və hökumət başçıları ilə görüşlərdəki söhbətləri də verilib.
Eyni zamanda, xaricə- Fransaya ilk rəsmi səfəri zamanı Prezident Jak Şirakla, Fransa Senatının rəhbərləri və üzvləri, nüfuzlu işgüzar dairələrin, ölkənin xarici işlər, müdafiə, iqtisadiyyat, maliyyə, sənaye nazirliklərinin nümayəndələri, sahibkarlar təşkilatının üzvləri, Fransa Beynəlxalq Əlaqələr İnstitutunun kollektivi ilə görüşləri, çıxışları, nitqləri, ölkənin ən nüfuzlu mətbuat orqanlarına və televiziya kanalına verdiyi dolğun bəyanat və müsahibələri, "Kastel" qrupunun, "Total" şirkətinin prezidentləri ilə söhbətləri verilib.
İkinci cilddə, həmçinin, Prezident İlham Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfərinə, Moskvada keçirdiyi yüksək səviyyəli görüşlərə, apardığı danışıqlara, verdiyi bəyanata, imzalanmış dövlətlərarası sənədlərə dair materiallar da yer alıb.
Kitaba "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" də daxil edilib.
"Azərnəşr"də buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.