PDF Oxu

Siyasət

  • 6

Prezident İlham Əliyevin səhiyyəyə qayğısı öz bəhrəsini verir

Prezident İlham Əliyevin səhiyyəyə qayğısı öz bəhrəsini verir
Bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətdə olduğu bütün dövrdə millətin sağlamlığına, tibb elminin inkişafına böyük diqqət yetirən ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə səhiyyə işçiləri iyunun 17-ni peşə bayramı kimi qeyd edirlər. Artıq ənənə halı almış bu bayramlarda dövlətimizin başçısının müvafiq sərəncamları ilə səhiyyə işçilərinə fəxri adlar və mükafatlar verilir, onların əməyi yüksək qiymətləndirilir.
Builki bayram ərəfəsində də Prezident İlham Əliyevin sərəncamları ilə səhiyyənin inkişafındakı xidmətlərinə görə, 11 nəfər tibb işçisi "Tərəqqi" medalı ilə təltif edilmiş, 10 nəfər əməkdar həkim, 2 nəfər əməkdar elm xadimi, 1 nəfər isə əməkdar müəllim adına layiq görülüb.
İyunun 17-də Azərbaycan tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, ulu öndərin məzarı önunə əklil qoymuşlar.
Tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül çələngi qoyulub.
Sonra səhiyyə işçiləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
Səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycanda səhiyyə sahəsinin keçdiyi inkişaf yolundan söz açmışdır. Nazir ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hələ ötən əsrin 70-80-ci illərində bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
O.Şirəliyev bildirmişdir ki, ulu öndərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyev tərəfindən xalqımızın sağlamlığı və rifahı naminə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Azərbaycan dövləti tibb sahəsində çalışan işçilərin əməyini daim yüksək qiymətləndirir.
Son vaxtlar səhiyyə sahəsinin inkişafı naminə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların əhəmiyyətindən söz açan nazir deyib ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib.
Əksər tibb müəssisələri beynəlxalq standartlar səviyyəsində təmir edilmiş, müasir avadanlıqla təchiz olunub. Dövlətimizin başçısının tapşırığına əsasən Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının, Respublika klinik uroloji xəstəxananın təmirinin başa çatdırılması, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yenidənqurma işlərinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi səhiyyənin inkişafına göstərilən qayğının bariz nümunəsidir.
Nazir deyib ki, müasir təcili tibbi yardım avtomobillərinin alınması və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinə verilməsi üçün də ciddi işlər görülür. Dövlətimizin başçısının səhiyyə sahəsinə göstərdiyi bu diqqət və qayğını daim yüksək qiymətləndirən tibb işçiləri işlərini bundan sonra da günün tələbləri səviyyəsində quracaqlar.
Qeyd edək ki, ulu öndərin Azərbaycana qayıdışından sonra burada yenidən canlanma başladı, yeni təkliflər irəli sürüldü, ilkin layihə daha da təkmilləşdirildi və müəyyən müddətdən sonra institutun tikintisinin davam etdirilməsi üçün lazımi tədbirlər də görülməyə başlandı.
Son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsi işində çox böyük addımlar atılıb, böyük işlər görülüb, müvafiq qərarlar verilib. Azərbaycanda son illər ərzində artıq istifadəyə verilib və inşa edilən səhiyyə müəssisələri əhalinin tibbi xidmətə olan tələbatını tam şəkildə ödəməyə qadirdir.
Hazırda Tibb Universitetinin terapevtik və cərrahiyyə korpusları tikilir. Bunların hər ikisi özlüyündə çox mühüm və böyük xəstəxanadır. İndi bu binada ən müasir səviyyədə tikinti işləri gedir. Eyni zamanda, Milli Onkoloji Mərkəzin tikintisi uğurla davam edir və həmçinin, onun nəzdində Uşaq Onkologiya Mərkəzi tikilir. Xüsusilə, vurğulanmalıdır ki, Azərbaycanda belə bir mərkəz heç vaxt olmayıb.
Hazırda Böyrəkköçürmə Mərkəzinin tikintisi də uğurla aparılır. Şübhə yoxdur ki, bu mərkəz, nəinki Azərbaycan üçün, bütün bölgə üçün ən qabaqcıl mərkəz olacaq. Bu yaxınlarda Talassemiya Mərkəzinin açılışı oldu və dövlət başçısı Mərkəzin açılışında şəxsən iştirak etdi.
Bu Mərkəzin fəaliyyəti nəticəsində bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyəti də yaxşılaşdırılacaq. Eyni zamanda, Prezident qeyd edib ki, o mərkəzin əsasında gələcəkdə böyük qan mərkəzinin yaradılması nəzərdə tutulub. Bunu etmək üçün ölkəmizdə bütün imkanlar var.
Hərbi hospitalın, Daxili İşlər Nazirliyinin hospitalının, Gömrük Komitəsinin hospitalının istifadəyə verilməsi- bütün bu addımlar da ümumi işimizə bir töhfədir. Bir sözlə, Azərbaycanda çox böyük, müasir, ən yüksək standartlara cavab verən mərkəzlər tikilir və Azərbaycan vətəndaşları bu imkanlardan istifadə edirlər.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının sağlamlığına və cəmiyyətin gələcəyinə nə qədər böyük önəm verdiyinin əyani göstəricisidir. Dövlət başçısı səhiyyə sistemini dünya standartlarına uyğun qurmaqla bunu təmin etmiş olur.
Sağlam cəmiyyətin formalaşmasında əm böyük rolu olan tibb işçiləri Azərbaycanın inkişafına öz töhfələrini veriblər.
"Səs" qəzeti olaraq biz də bütün səhiyyə işçilərini öz peşə bayramları münasibəti ilə tərik edir, onlara öz müqəddəs işlərində uğurlar arzulayırıq.

Digər xəbərlər