PDF Oxu

Siyasət

  • 8

Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsində

Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsində
Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə və dövlətin maliyyə imkanları genişləndikcə əhalinin yaşayış səviyyəsi də artır. Ölkə Prezidenti İlham Əliyevin xalqın sərvətlərindən əldə olunan gəlirlərin əhalinin sosial müdafiəsi məqsədilə sərf olunması siyasəti özünü son illər daha geniş şəkildə büruzə verir. Son 5 ildə ölkənin sürətli iqtisadi inkişafı dövlət büdcəsinin rekord məbləğə 15 milyard manata çatması, Azərbaycanın ümumdaxili məhsulunun 20-30 faiz həcmində artımı ilə dünyada liderliyi qoruması, starteji valyuta ehtiyatlarının 20 milyarda çatması bunu deməyə əsas verir. Dövlət başçısı həyata keçirdiyi düzgün iqtisadi siyasətin bəhrələrindən bütün vətəndaşların faydalanması üçün əldə olunan imkanlardan maksimum istifadə edir.
2009-cu il dünyanın iqtisadi və maliyyə sistemində böhranlı illərdən biri kimi xarakterizə olunur. Belə ki, hazırda dünyanın əksər ölkələri bahalaşmadan, iqtisadi böhrandan, ərzaq qıtlığından əziyyət çəkir. Azərbaycanda bu tendensiyanın mənfi nəticələri müşahidə olunmur. Əksinə, bu il əhalinin gəlirləri daha da artdı, məhsul bolluğu baş verdi, əsas ərzaq məhsullarının qiymətləri ucuzlaşdı.
Bu, onun göstəricisidir ki, Prezidentin və hökumətin yürütdüyü maliyyə-iqtisadi siyasət doğru yolla gedir. Dünya birjalarında gedən proseslər, neftin və qızılın qiymətinin qalxması, dolların avroya nisbətdə dəyərdən düşməsi kimi tendensiyalar bütün dünyada inflyasiya tempinin artmasına səbəb olub. Azərbaycanda isə hazırda deflyasiya müşahidə olunur.
Azərbaycanda il ərzində əməkhaqqı və pensiyaların artım faizi inflyasiya tempini bir neçə dəfə üstələyir. Təkcə Prezidentin son sərəncamları nəticəsində minimum pensiya və əməkhaqqı 25 faiz artırılıb. Bu il ərzində nə birinci, nə də sonuncu belə artımdır. 
 2009-cu ildə hökumətin qarşısında mövcud makroiqtisadi durum şəraitində 3 başlıca vəzifə durur: birincisi, inflyasiyanın aşağı saxlanması, ikincisi, istehsal sektorunun stimullaşdırılması, üçüncüsü, qeyri-neft sektorunun inkişafını təmin olunması.
Ümumiyyətlə, dövlət başçısının imzaladığı kənd təsərrüfatına dəstəklə bağlı sərəncam və ərzaq təhlükəsizliyi haqda 2008-2015 illəri əhaət edən Dövlət Proqramını ekspertlər çox vacib və mühüm qərarlar hesab edirlər. Çünki artıq hökumət ərzaq təhlüksizliyinin təmin edilməsi üçün əməli fəaliyyətini gücləndirib. Ölkədə taxıl fondu yaradılıb, ərzaq sektorunda məhsul bolluğu yaradılıb və bazar qiymət artımlarından sığortalanıb.
Hazırda mal və xidmətlərin qiyməti əvvəlki aylara nisbətən xeyli aşağı düşüb. Bu, o deməkdir ki, obyektiv səbəblərdən baş verən qiymət artımlarının qarşısı alınıb. Üstəlik, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verdiyi sərəncamlar nəticəsində əməkhaqqı və pensiyalar da artırılıb ki, bu da əhalinin alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarıb.
Ölkədə yoxsulluğun azaldılması tədbirləri davam etdirilir. Bir qədər əvvəl ehtiyac meyarının daha 10 manat artırılması və ünvanlı sosial yardımların əhatə dairəsinin genişləndirilməsi imkansız təbəqənin dövlətin müdafiəsi altına alınması işində daha müsbət rol oynayıb. Əhalinin gəlirlərinin artmasının iflyasiyanı sürətləndirəcəyi təhlükəsinə qarşı da tədbirlər görülüb. Milli Bank milli valyutanın kəskin möhkəmlənməsinin qarşısını alıb.
 İqtisadi inkişafın nəzərə çarpdığı digər sahə kənd təsərrüfatıdır. Xüsusən, Prezident İlham Əliyev tərəfindən fermerlərə yaradılan normal iş və biznes mühiti imkan verib ki, kənd təsərrüfatı məhsullarının bolluğu yaradılsın. Yanacağın və enerji daşıyıcılarının qiymətlərinin artımının fermerlərin işinə mənfi təsirini önləmək üçün Prezident İlham Əliyevin sərancamı ilə onlara dövlət büdcəsindən kompensasiya ayrıldı. Eyni zamanda, fermerlərin güzəştli kreditlər alması intensivləşdi.
 Ümumiyyətlə, regionların inkişaf etdirilməsi, ölkədəki miqrasiya işini də tənzimlədi. Əgər əvvəllər regionlardakı əhali paytaxta axışaraq burada məskunlaşmağa çalışırdısa, indi artıq bu proses əks-məcraya yönəlib və regionlarda açılan yeni iş yerləri paytaxta işçi qüvvəsi axınının qarşısını alıb. Artıq əyalət əhalisi ilə paytaxt əhalisi arasındakı yaşayış fərqi minumuma endirilib. Bu isə regionların inkişafında yüksək göstəricilərin əldə edilməsi deməkdir.
Son 5 ildə həmin istiqamətdə kompleks tədbirlər hazırlanaraq uğurla həyata keçirilib. Xüsusən, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın (2004-2008-ci illər) reallaşması, bu proqramın daha böyük ictimai maraq kəsb etməsi və ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi dəyərləndirilməsi nəhəng işlərin 5 il ərzində həyata keçirilməsi deməkdir.
Proqrama əsasən, hökumət regionlarda kənd təsərrüfatının inkişafını, o cümlədən, emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin dirçəldilməsi fonunda yeni iş yerlərinin açılmasını təmin edib. Ümumiyyətlə, həmin proqramın ötən illər ərzində uğurla yerinə yetirilməsi Prezident İlham Əliyevin 5 il müddətində Azərbaycanda 600 min yeni iş yerinin açılacağı barədəki vədinin vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirildiyini göstərir. Hazırda 750 min yeni iş yerinin açılması bir faktdır.
Beləliklə, Azərbaycanda həyata keçirilən iqtisadi və maliyyə siyasəti əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasını təmin edib. Bütün bu qeyd olunanları nəzərə aldıqda, söyləmək olar ki, bəzi müxalifət ekspertlərinin proqnozlarının əksinə olaraq, ölkədə qiymət artımı baş verməyəcək, əksinə, əksər əmtəələrin qiymətində azalma müşahidə olunacaq. Bunu şərtləndirən əsas amillərdən biri də odur ki, ötən il ölkənin kənd təsərrüfatı sektorunda rekord məhsul əldə edilib. Prezidentin qeyri-neft sektoruna, xüsusilə də, aqrar sektora qayğısı, fermerlərə dövlət dəstəyinin göstərilməsi, həmçinin, regionların inkişafı ilə bağlı məlum Dövlət Proqramı ölkənin əmtəə bazarında təklifin çoxalmasına gətirib çıxarıb. Bu, o deməkdir ki, tələb üstələnib və bazarlarda nəinki qiymət artımları gözlənilmir, əksinə, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi və iqtisadi strategiya artıq öz bəhrələrini verib və gələcəkdə də verəcək. Bütün bunların nəticəsidir ki, getdikcə Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz dünyada söz sahiblərindən birinə çevrilir. Bu, artıq ulu öndər Heydər Əliyev siyasətinin tam qələbəsi deməkdir. Bu qələbənin başında Heydər Əliyev məktəbinin ən layiqli tələbəsi İlham Əliyev dayanır.

Digər xəbərlər