PDF Oxu

Siyasət

  • 6

“Dünya 65 minlik Qarabağ azərbaycanlılarının haqq səsini eşitməlidir”

“Dünya 65 minlik Qarabağ azərbaycanlılarının haqq səsini eşitməlidir”
SIA-nın məlumatına görə, iyunun 5-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə teatrın foyesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini, maddi-mədəniyyət abidələrini əks etdirən fotosərgi ilə tanış olublar. Müasir Azərbaycan tarixinin ən qanlı və dəhşətli hadisələrinin əks olunduğu bu fotoşəkillər Qarabağ həqiqətlərinin dünya birliyinin diqqətinə çatdırılması, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü tədbirlərin əhəmiyyətinin yetərincə dərk olunmasına xidmət edirdi.
Sərgidə nümayiş olunan sənədlər Azərbaycanın ayrılmaz tərkib hissəsi, hazırda Ermənistan hərbi birləşmələrinin işğalı altında olan Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir. Bunu sübut edən faktlar - maddi-mədəniyyət nümunələrimiz, qədim abidələrimiz, islam mədəniyyətinin ən qədim daşıyıcıları olan Qarabağ azərbaycanlılarının tarixə əmanət etdiyi yadigarlardır. Bu sərgidə erməni vəhşətinin müasir tariximizə qanla yazdığı görüntülər də təqdim olunub.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə ordu quruculuğuna verdiyi mühüm töhfələr, Prezident İlham Əliyevin də bu istiqamətdə həyata keçirdiyi tədbirlər, Azərbaycan hakimiyyətinin bütün qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların rifahının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər də sərgiyə baxanların diqqətini çəkir. Sərgi həm də ona ümid yaradır ki, bu münaqişə tezliklə ədalətli həllini tapacaq və beynəlxalq birlik Dağlıq Qarabağın azərbaycanlı icmasının hüquqlarının bərpasına yardım edəcək.
Qurultay başlamazdan əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dağlıq Qarabağın tarixindən, mədəniyyətindən və ermənilərin Azərbaycanın bu ərazisinə ədalətsiz iddiasından, burada baş verən qanlı hadisələrdən bəhs edən "Ulu yurdum Qarabağ" adlı film nümayiş etdirilib.
Sonra qurultayın rəyasət heyətinin 10 nəfərdən ibarət tərkibi, katiblik və redaksiya komissiyasının üzvləri müəyyən olunmuş, gündəlik və iş qaydası təsdiqlənib.
Şuşa rayon İcra hakimiyyətinin başçısı, qurultayın təşkilat komitəsinin sədri Bayram Səfərov məruzə ilə çıxış edərək deyib ki, 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi ilə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı başa çatıb. İcmanın fəaliyyət istiqamətlərinə yenidən baxmaq, onun təşkilati strukturunu formalaşdırmaq və bu məqsədlə nizamnaməyə əlavə və dəyişikliklər etmək zərurəti yaranıb.
B.Səfərov onu da deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması ötən dövrdə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində dəfələrlə öz doğma torpaqlarına qayıtmaq niyyətində olduqlarını bəyan ediblər. İcma üzvləri münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməsini istəyir. Amma ermənilər bu prosesə zərbə vururlar. Onların Dağlıq Qarabağda dünya tərəfindən tanınmayan seçkilər keçirməsi də bunu göstərirdi.
B.Səfərov deyib: "İcma Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"nin keçirilməsinə də prinsipial münasibətini bildirib. Biz hesab edirik ki, Dağlıq Qarabağda separatçı qüvvələr tərəfindən keçirilən hər bir saxta seçki Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək məqsədi daşıyır və işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlib.
Natiq bildirib ki, Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşan ermənilərin torpaq iddialarının heç bir əsası yoxdur. İndi ermənilər dünyanın bir çox ölkələrində yaşayırlar. Dağlıq Qarabağa müstəqillik verilməsi isə müxtəlif ölkələrdə yaşayan ermənilərin analoji niyyətlə çıxış etmələrinə geniş imkanlar yaradar.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı icma qarşısında duran vəzifələrdən də danışaraq deyib: "Qurultayımızın əsas məqsədlərindən biri icma qarşısında duran növbəti vəzifələri müzakirə etmək və gələcək dövr üçün fəaliyyət proqramını müəyyənləşdirməkdir. Bugünkü qurultay icmamızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyur. İş elə gətirib ki, beynəlxalq ictimaiyyət uzun illərdən bəri daha çox Dağlıq Qarabağın erməni icmasının səsini eşidib.
Əlbəttə, belə ədalətsizlik davam edə bilməz. Biz bu ənənəyə son qoymalı, Dağlıq Qarabağın 65 min nəfərdən çox azərbaycanlı icmasının haqq səsini dünyaya eşitdirməliyik. Dağlıq Qarabağın azərbaycanlı icmasının öz varlığını göstərməsi artıq tarixi bir zərurətə çevrilib.
İcma Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın azərbaycanlı əhalisinin maraqlarını ölkə daxilində və xaricində təmsil edən, rəsmi statuslu qurum kimi tanınmalıdır. Bizim əsas vəzifələrimizdən biri də öz yurdundan didərgin düşmüş soydaşlarımızın hüquq və mənafelərinin müxtəlif instansiyalarda müdafiəsini təşkil etmək olmalıdır.
Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində icmanın fəaliyyəti genişləndirilməlidir. Bu məqsədlə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin təşkili, tarixən ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımları, qanlı faciələri, vəhşilikləri əks etdirən çap, audio-video materialların müxtəlif dillərdə hazırlanıb yayılmasına diqqət artırılmalıdır.
Eyni zamanda, münaqişənin tarixi kökləri, onun acı nəticələri, işğal olunmuş ərazilərdə yaşayış məntəqələri, tarixi mədəniyyət abidələrinin dağıdılması barədə məlumatlar müxtəlif dillərdə hazırlanmalı, dünya və ölkə mətbuatında yayılması təşkil edilməlidir. Xarici ölkələrdə icmanın filiallarını yaratmaq, müxtəlif beynəlxalq və diaspor təşkilatları ilə sıx əlaqələr qurmaq, birgə fəaliyyət göstərmək və əməkdaşlıq etmək işimizin əsas istiqamətləri olacaqdır".
Ermənistan bu işğala son qoymalı, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır,- deyən İcra hakimiyyətinin başçısı bir məqama da diqqət çəkib. O demişdir ki, Dağlıq Qarabağ hər bir yönü ilə Azərbaycana məxsusdur. Qədim tarix, zəngin mədəniyyət bunu bir daha sübut edir".
Natiq deyib: "Dövlətimizin başçısı işğal edilmiş torpaqlarımızın qaytarılması üçün titanik səylər göstərir, bir milyon qaçqın və məcburi köçkünümüzün, bütün Azərbaycan xalqının mənafeyinə görə, bəlkə də əl tutub görüşmək istəmədiyi şəxslərlə görüşməli, söhbət etməli, mübahisə etməli olur. Bu anlarda Prezidentimiz bilir ki, bütün qarabağlı anaların duaları, bütün Qarabağ ağsaqqallarının xeyir-duası onunladır. O gözəl bilir ki, bütün qarabağlılar onunladır, siyasətini, özünü, hər bir sözünü ürəkdən dəstəkləyir, bir əmri ilə istənilən tapşırığının icrasına hazırdırlar.
Ermənilər bir şeyi yaxşı bilməlidirlər. Biz nə Qarabağdan, nə də torpaqlarımızı işğal etmiş erməni separatçılarından heç vaxt əl çəkməyəcəyik! Biz öz torpaqlarımızı da, bu gün erməni millətçilərinin təzyiqi altında inləyən, əziyyət çəkən sadə, sülhsevər erməni qonşularımızı da bu boyunduruqlardan azad edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın həm tarixi, həm də faktiki ayrılmaz bir hissəsidir, Azərbaycan torpağıdır. Bunu tək biz demirik, bunu bütün dünya deyir".
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayının əhəmiyyətindən danışarkən qeyd edib ki, bu, icma üzvlərinin təşkilatlanması baxımından mühüm hadisə olacaq. Dövlətin və dövlət başçısının bu prosesə verdiyi dəstək də icmanın formalaşmasına və inkişafına xidmət edir.
Qeyd edək ki, dünən Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin üzvləri qurultaydan sonra xarici ölkələrin səfirləri ilə görüşüblər. Görüşdə Türkiyə, Belarus səfirləri, Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Yunanıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla məlumat verərək deyib ki, qurultayda Dağlıq Qarabağ İcması üzvləri geniş tərkibdə təmsil olunub.
"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağı olmaqla yanaşı, orada müəyyən tarixi dövrdə məskunlaşmış bütün insanlar yaşaya bilər. Bu gün Azərbaycanın bütün sahələr üzrə inkişafı göstərir ki, azərbaycanlılar mənəvi, psixoloji cəhətdən, dünyaya baxış cəhətdən dünənki deyillər.
Əgər biz müharibə gedən zaman qana-qan deyirdiksə, bu gün dünya ictimaiyyətinin etdiyi təkliflər əsasında, Prezidentimizin qətiyyət və cəsarətlə yeritdiyi siyasət nəticəsində azərbaycanlı icması Dağlıq Qarabağda tolerant şəkildə ermənilərlə yanaşı yaşamağa mənən hazırdır. İstərdik ki, bizim düşüncələrimizi, həyəcanımızı həm öz ölkələrinizin ictimaiyyətinə, həm də qonşu ölkələrin xalqlarına çatdırasınız.
K.Abdulla münaqişənin həlli məsələsində Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini xatırladıb: Biz problemi sülh yolu ilə həll etmək istəyirik. O qeyd edib ki, Azərbaycan öz problemlərini, bəlkə də, özü həll edə bilər. Amma yaşadığımız dünya yeni prinsiplər irəli sürür. O prinsiplərə əməl etməklə biz dünya ictimaiyyətinə hörmətimizi ifadə edirik. Sevindirici haldır ki, bizim haqq səsimiz bu gün dünyanın bir çox ölkələrinin parlamentlərinə çatır.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qurultayın uğurla yekunlaşmasından məmnunluğunu ifadə edib. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, münaqişə nəticəsində on minlərlə azərbaycanlının öz torpağında doğma ocağından didərgin düşməsini Azərbaycanın ən böyük problemi adlandırmış, bu problemlə bağlı ölkəsinin mövqeyindən söz açıb.
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Cavid Qurbanov və başqaları fikir və mülahizələrini bildirmiş, onları maraqlandıran suallarla diplomatlara müraciət ediblər.
Səfirlərdən xahiş olunub ki, bu qüvvələrlə əlaqələrin yaradılmasında yardımlarını əsirgəməsinlər. Xüsusi qeyd edilmişdir ki, məsələnin sülh yolu ilə həll edilməməsi müharibəyə əl atmaq demək deyildir. Çünki təcavüzkara qarşı sanksiya tətbiqi, müxtəlif təzyiq vasitələri mövcuddur.
Rusiya, ABŞ, Fransa səfirliklərinin təmsilçiləri deyilənlərə münasibət bildirib, sullara səlahiyyətləri daxilində cavab veriblər.

Digər xəbərlər