PDF Oxu

Siyasət

  • 16

Prezident təbrik edib

Prezident təbrik edib
Prezident İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunu 70 illik yubileyi münasibəti ilə təbrik edib. Prezidentin təbrik məktubunda deyilir:
"Hörmətli Vaqif Səmədoğlu! Sizi - müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram. Siz respublikamızda ədəbi prosesin inkişafına töhfələr vermiş nəslin istedadlı nümayəndəsi olduğunuzu sənət aləminə gəldiyiniz ilk vaxtlardan nümayiş etdirmisiniz. Sizin yaradıcılığınız mövzu rəngarəngliyi, poetik təfəkkürün genişliyi və əhatəliliyi ilə səciyyələnir. Sənətsevərlərin diqqətini daim cəlb edən, özünəməxsus ifadə tərzinə malik poeziyanızda dünyanın, insanın və cəmiyyətin fəlsəfi dərki məsələləri mühüm yer tutmuşdur. Sözlərinizə bəstələnmiş mahnılar dilimizin geniş bədii imkanlarından ustalıqla faydalandığınızı təsdiq edir. Teatr və kino üçün yazdığınız əsərlər yüksək sənətkarlıq keyfiyyətləri ilə seçilmiş, tamaşaçıların rəğbətini qazanaraq Sizi, eyni zamanda, dramaturq kimi tanıtmışdır.
Ölkəmizin ədəbi-mədəni həyatında, həmçinin ictimai-siyasi sahədə yaxından iştirak etməklə göstərdiyiniz təqdirəlayiq səmərəli fəaliyyət Sizin əsl vətəndaşlıq mövqeyinizin aydın ifadəsidir.
İnanıram ki, Siz yeni əsərlərinizlə ədəbiyyatımızı daha da zənginləşdirəcək və xalqımızın milli mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığınızı əsirgəməyəcəksiniz".

Digər xəbərlər