Bakının dəyişən siması və ya xalqa göstərilən qayğı
SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Bakının Nəriman Nərimanov prospektindəki parkın, Nərimanovun abidəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Prezident İlham Əliyevin Bakı şəhərində parkların və xiyabanların əsaslı surətdə bərpa olunması ilə bağlı tapşırıqlarına əsasən paytaxtımızda daha bir park- Nəriman Nərimanov prospektindəki park da müasir standartlara uyğun yenidən qurularaq istifadəyə verilib.
Qeyd edək ki, baxımsızlıq üzündən tamamilə yararsız vəziyyətə düşən bu parkda, əvvəllər əhalinin istirahəti üçün, demək olar ki, heç bir şərait yox idi. Oturacaqlar sınıb-dağılmış, yaşıllıq zolaqları korlanmış, beton örtüyü və üzlük plitələr dağılmışdı.
1972-ci ildə salınan bu parkda, o vaxtdan bəri bərpa və yenidənqurma işləri aparılmamışdı. Nəriman Nərimanovun elə həmin il ucaldılmış abidəsinin postamenti də keyfiyyətini tamamilə itirmişdi.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən 2008-ci ilin iyulunda parkın əsaslı bərpası və yenidən qurulması işlərinə başlanılıb. Qısa vaxt ərzində həyata keçirilən yenidənqurma və bərpa işləri nəticəsində parkın siması bütünlüklə dəyişmiş, müasir standartlara uyğun şəkildə qurulan bu istirahət guşəsi yenidən sakinlərin istifadəsinə verilmişdir.
Dünən Prezident İlham Əliyev parkın əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, bərpa və yenidənqurma işləri nəticəsində bu park ən müasir standartlara uyğunlaşdırılıb.
Parkın beton örtüyü və köhnə üzlük plitələr yeniləri ilə əvəz olunub, yaşıllıq zolaqları yenidən salınıb, müasir oturacaqlar quraşdırılıb, əkilmiş ağac və gül kolları isə parka xüsusi yaraşıq verir.
Parkda quraşdırılmış avtomatlaşdırılmış sistem yaşıllıqların davamlı olaraq suvarılmasına xidmət edəcək. Nəriman Nərimanovun abidəsinin postamentinə yeni qranit üzlük çəkilib. Abidənin özü isə tam bərpa olunub. Burada parka xüsusi yaraşıq verən müasir fəvvarə inşa edilib.
Parkın işıqlandırma sistemi də təzələnib, işıq dirəkləri dəyişdirilib, yeni və keyfiyyətli lampalar quraşdırılıb. İndi bu lampalar gecələr ətrafı çıraqban edir. Parkın yaxınlığındakı binalarda da təmir və yenidənqurma işlərinin aparıldığı bildirilib.
Prezident İlham Əliyev parkın ətrafındakı binaların və yaşıllıqların bərpası və yenidən qurulması ilə bağlı da layihə hazırlamağı tapşırıb və bununla əlaqədar müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, son vaxtlar paytaxtımızda istifadəyə verilən və ya müasir standartlara uyğun təmir olunan parklar və digər ictimai istirahət obyektləri şəhərin ümumi simasını xeyli dərəcədə dəyişib.
İndi Bakı dünyanın ən inkişaf etmiş şəhərləri ilə bir sırada dayanır. Abad küçələr, gözəl parklar, səliqəli küçə və prospektlər, gözoxşayan binalar Bakının xarici simasını müsbət formada dəyişdirib. Lakin bununla belə paytaxtımız öz ənənəvi tarixi görkəmini də saxlayıb.
Hazırda Bakı Dənizkənarı Milli Parkda aparılan genişmiqyaslı quruculuq işləri də paytaxtımızın ən gözəl məkanlarından biri sakinlərin və xarici qonaqların sevdiyi istirahət yerinə çevriləcək. Bakı bulvarı özünün 2-ci həyatını yaşamağa başlayır. Milli Parkın ərazisi bir neçə dəfə genişlənəcək, burada istirahət üçün ən müasir şərait yaradılacaq.
Bakıda aparılan abadlıq və quruculuq işləri yanaşı, şəhərin ekoloji mühitinin sağlamlaşdırılması işi də sürətlə davam etdirilir. Son illərdə Bakıda xeyli yaşıllıq zonaları salınıb, şəhərin küçələri boyu, parklarda dekorativ bitkilər əkilib. Bütün bunlar şəhərin mikroiqliminin sağlamlaşdırılması işinə xidmət edir.
Beləliklə, son illərdə ölkədə həyata keçirilən infrastruktur layihələri nəticəsində təkəcə paytaxtın deyil, ölkənin bütün şəhər, qəsəbə və kəndlərinin siması dəyişib. Azərbaycan abad bir ölkəyə çevrilib. İnsanlarımız indi həm rahat şəraitdə çalışır, həm də istədikləri şəkildə istirahət edirlər.
Məlumdur ki, hər bir şəhər, ölkə haqqında ilk təəssüratı onun infrastrukturu, tikinti mədəniyyəti, nəqliyyat sistemi kimi elementlər formalaşdırır. İndiki Bakı Sovet Bakısından da məhz belə yüksək imkanlara malik olması ilə fərqlənir.
Təsadüfi deyil ki, artıq Bakı şəhərinə, Xəzər sahillərinə istirahətə gələnləri sayı artır. Nargin adasında 5 milyard dollarlıq turizm layihəsinin başa çatdırılması ilə, Bakı dünyanın iri turizm şəhərlərindən birinə çeviriləcək.
Beləliklə, Prezident İlham Əliyev əhalinin mənalı istirahəti, rahat yaşayışı üçün mümkün olan hər şeyi edib. Azərbaycan əhalisinin mədəni yaşam tərzinin yüksəldilməsi, sağlam cəmiyyətin formalaşdırılması, gələcək nəslin düzgün şəraitdə böyüdülməsi üçün dövlət başçısı əlindən gələn hər şeyi edib. Bu, Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Yalnız biri...