Prezident İlham Əliyev Valid əl-Muallemi qəbul edib
Dövlətimizin başçısı Suriyanın xarici işlər naziri Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini və Bakıda keçirdiyi uğurlu görüşlərini əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi. Bu yaxınlarda Azərbaycanın Suriyada səfirliyinin açıldığını deyən Prezident İlham Əliyev bunu əlaqələrimizin inkişafı istiqamətində vacib amillərdən biri hesab etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Suriyanın xarici işlər naziri Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verəcək. Xarici işlər naziri Valid əl-Muallem Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Valid əl-Muallem ölkəmizə ilk dəfə 2006-cı ildə səfər etdiyini, ötən dövr ərzində Bakıda çox böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu dedi və əldə olunan yüksək nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Suriyanın dövlət başçısına çatdırmağı xahiş etdi.