Bakıda beynəlxalq neft-qaz sərgisi öz işinə başlayıb
İyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Builki ekspozisiyada neft, qaz, neft kimyası sahələri üçün maşın və avadanlığın geniş çeşidləri, neft-qaz sənayesi məhsulları, yeni texnologiyalar və xidmətlərlə bağlı işlər nümayiş olunur. Prezident İlham Əliyev açılış mərasimində nitq söyləyib.
Bu gün Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində 16-cı "Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası" Sərgi-Konfransı başlayıb. SİA-nın məlumatına görə, sərginin açılışında Prezident İlham Əliyev də iştirak edib. Açılışda qeyd olunub ki, sərgidə 22 ölkədən 300-ə yaxın şirkət iştirak edir. Onlardan 60-ı ilk dəfədir ki, sərgiyə qatılıb. O da bildirilib ki, sərginin keçirilməsi neft və qaz sənayesinin inkişafına yönəlib.
Sərgidə Azərbaycan Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı deyib ki, 1994-cü ildən başlayaraq Azərbaycanın neft-qaz sektoruna diqqət artıb, həmin il "Əsrin müqaviləsi" imzalanıb: "Baxmayaraq ki, həmin vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət sabit deyildi, ölkə çox risqli hesab olunurdu, belə bir müqavilə imzalandı. Belə bir vaxtda bu, çox böyük hadisə idi". Azərbaycanın qitənin enerci təhlükəsizliyində böyük rol oynadığını qeyd edən Prezident neft amilinin ölkəmiz üçün məqsəd yox, vasitə olduğunu bildirib.
İlham Əliyev onu da deyib ki, növbəti addımlar, da ilk növbədə, Azərbaycanın milli maraqlarına xidmət edəcək, eyni zamanda, beynəlxalq səviyyədə öz töhfəsini verəcək. Dövlət başçısı bildirib ki, sərginin keçirilməsi neft və qaz sənayesinin inkişafına yönəlib. Azərbaycan enerji sektorunda bütün Avropa üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın qitənin enerji təhlükəsizliyində böyük rol oynadığını qeyd edən Prezident neft amilinin ölkəmiz üçün məqsəd yox, vasitə olduğunu bildirib. Prezident qeyd edib ki, dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, bu il Azərbaycanın ümumi iqtisadi inkişafı 4,3 faiz, qeyri-neft sektorunun inkişafı isə 13,7 faiz təşkil edib: "Xarici şirkətlər Azərbaycana dəvət olunub, ölkəyə böyük investisiyalar cəlb edilib. Su altında və çox dərinliklərdə olan sərvətlərimizdən belə istifadə olunur. Bu gün Azərbaycanın iştirakçısı olduğu 7 qaz və neft kəməri var. Regionda çox gərgin vəziyyət olmasına baxmayaraq, iş çox uğurla gedir. Azərbaycan elektrik enerjisinin ixracatçısı kimi çıxış edir. Regional müstəvidə çox fəal əməkdaşlıq müşahidə olunur. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə layihələri çox uğurla həyata keçirilir".
İlham Əliyev onu da qeyd edib ki, növbəti addımlar da, ilk növbədə, Azərbaycanın milli maraqlarına xidmət edəcək, eyni zamanda, beynəlxalq səviyyədə öz töhfəsini verəcək: "Bu il neft hasilatı 45 milyon ton, qaz hasilatı isə 25-27 milyard/kub metr təşkil edəcək. Azərbaycanın qaz ehtiyatı 2-5 trilyon kub/metr səviyyəsindədir. Bu, o deməkdir ki, Azərbaycan, gələcəkdə də etibarlı tərəfdaş rolunu oynayacaq". Prezident onu da bildirib ki, Azərbaycanın neft-qaz sahəsində əldə olunan şəffaflıq mühüm əhəmiyyət kəsb edir: "Biz bu istiqamətdə beynəlxalq təşəbbüsə ilk qoşulan ölkələrdənik. Şəffaflıq bütün maliyyə sektoruna aid edilməlidir. Azərbaycanda neft-qaz gəlirlərindən səmərəli istifadə olunur".
Prezident enerji təhlükəsizliyinin çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "İstehlakçılar, tranzit və istehsalçılar arasında əməkdaşlıq azad, ədalətli və sağlam şəraitdə qurulmalıdır. Beynəlxalq normalar gözlənilməlidir. Qiymət, tranzit şərtləri ədalətli olmalıdır. Yalnız belə yanaşma normal əməkdaşlığa şərait yaradar. Azərbaycanın iştirakı olmadan enerji təhlükəsizliyi tam təmin oluna bilməz. Son vaxtlar neft-qaz məsələsi bir qədər siyasiləşib. Biz hesab edirik ki, bütün alqı-satqı müqavilələrində qiymət ədalətli olmalı, bir tərəfin maraqları digər tərəfin hesabına təmin olunmamalıdır".
Dövlət başçısı daha sonra sərgi ilə tanış olub.
Qeyd edək ki, sərgidə bir sıra dövlətlərin rəsmiləri də iştirak edib. Gürcüstanın baş naziri Nika Gilauri isə bildirib ki, Azərbaycanın regionda enerji təchizatçısı rolunun artması, paralel olaraq, Gürcüstanın tranzit imkanlarını artırır.
"Regionun enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Bu, eyni zamanda, Gürcüstanın da Avropanın enerji təchizatında tranzit ölkəyə çevrilməsinə imkanlar yaradır" deyə baş nazir vurğulayıb.
Gürcüstanın baş naziri onu da əlavə edib ki, cari ilin yanvarında bütün Avropa qaz böhranı ilə üzləşsə də, heç bir qaz hasilatı olmayan Gürcüstan Azərbaycanın bilavasitə yardımı ilə bundan problemsiz ötüşüb.
Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Yusif Yazar isə Cənubi Qafqaz regionunda Azərbaycan tərəfindən reallaşdırılan enerji layihələrinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir müavini yaxın vaxtlarda "Nabucco" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilənin imzalanacağını vurğulayıb.
ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar isə Azərbaycanın enerji təchizatında lider ölkə olmaqla yanaşı, həm də mühüm tranzit ölkə olduğunu qeyd edib. Morninqstar ABŞ prezidenti Barak Obamanın sərgi ilə bağlı Azərbaycan prezidentinə ünvanladığı məktubu oxuyub.
Qeyd edək ki, sərgi Böyük Britaniyanın "İTE Group PLC" şirkətinin təşkilatçılığı ilə keçirilir. Artıq 16-cı dəfə keçirilən bu sərgi və konfrans regionun ən aktual mövzularını əhatə edən beynəlxalq foruma çevrilib. Bu il sərgidə Azərbaycan bazarına ilk dəfə çıxan çoxlu yeni şirkət iştirak edir. Yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini təşkil edir. Sərginin ekspozisiya sahəsinin 40 faizindən artıq hissəsi isə dünya şöhrətli şirkətlər tərəfindən tutulmuşdu ki, onların bir çoxu Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır.
Sərgi bir sıra şirkətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün mühüm rol oynayıb. SİA-nın məlumatına görə, "Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası" sərgisi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sərgidə iştirak edən bir sıra xarici şirkətlərlə Azərbaycan qazının satılmasına dair danışıqlar aparacaq. Bu barədə jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.