“Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir”
-Hörmətli xanımlar və cənablar, hörmətli sərgi iştirakçıları, əziz qonaqlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox əlamətdar bir gündür, bizim üçün ənənəvi bir gündür. On altıncı ildir ki, Bakıda Xəzər Beynəlxalq neft-qaz sərgisi keçirilir. Bu sərgi beynəlxalq müstəvidə öz yerini tutan bir tədbirdir. On altı il bundan əvvəl ilk dəfə olaraq Bakıda belə sərginin keçirilməsi Azərbaycanın enerji potensialının dünyaya təqdimatı kimi qəbul edilirdi. Bu münasibətlə mən sərginin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların səyi nəticəsində Azərbaycanı tanıdılar.
Deyə bilərəm ki, 1994-cü ildə ilk dəfə olaraq Azərbaycanda, ümumiyyətlə, nəinki enerji sahəsində, bütövlükdə Azərbaycan üçün ən önəmli tədbir keçirilmişdi. Azərbaycan gənc müstəqil dövlət idi. Azərbaycan müəyyən səbəblər üzündən o vaxt hələ öz imkanlarını tam şəkildə ortaya qoya bilmirdi. Ölkə iqtisadiyyatı çox ağır vəziyyətdə idi. Ölkənin gələcəyi o qədər də aydın deyildi. Məhz o şəraitdə Azərbaycanın neft-qaz sektoruna göstərilən maraq və bu marağın nəticəsində ondan sonrakı illərdə əldə edilmiş nailiyyətlər ölkəmizin ümumi gələcəyini müəyyən etdi.
O illər Azərbaycan üçün həlledici anlar idi. Azərbaycan hansı yolu seçəcək, hansı istiqamətlə irəliyə gedəcək? Müxtəlif variantlar var idi. Ancaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və birmənalı siyasəti nəticəsində Azərbaycan düzgün yol seçmişdi və biz bu yolun düzgün olmasını bugünkü Azərbaycanın inkişafında görürük. 1994-cü ildə isə Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı. Ölkədə ictimai-siyasi vəziyyət hələ tam sabitləşməmişdi. Ölkədə bütövlükdə iqtisadi inkişaf çox aşağı səviyyədə idi, daha doğrusu, iqtisadiyyatda və sənayedə tənəzzül müşahidə olunurdu. Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımızın işğal altına düşməsi də, əlbəttə ki, xarici investorlar üçün əlavə stimulverici amil sayıla bilməzdi.
O illərdə ölkəmiz üçün həlledici qərarlar qəbul edildi və sərginin keçirilməsi, Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması çox önəmli hadisə idi. İlk sərginin keçirilməsindən bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalandı. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanması demək idi. Bu gün uğurla icra edilən neft siyasətimiz həm Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, Azərbaycanı dünya birliyinə çox etibarlı ölkə və etibarlı tərəfdaş kimi təqdim etdi və eyni zamanda, bu gün bizim ölkəmiz və neft-qaz imkanlarımız geniş mənada qitənin enerji təhlükəsizliyi üçün əvəzolunmaz funksiyalar daşıyır.
"Əsrin müqaviləsi"nin imzalanması, ondan iki il sonra "Şahdəniz" yatağı üzrə müqavilənin imzalanması bu gün Azərbaycanın əsas enerji potensialını təşkil edir. Ondan sonrakı illərdə çoxsaylı beynəlxalq müqavilələr imzalanmışdır. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkə kimi özünü təqdim etməyi bacarmışdır. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi şübhəsiz, qeyri-neft sektoruna da öz müsbət təsirini göstərmişdir. Neft sektoru bizim üçün təkanverici bir vasitə idi. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim üçün neft amili bir məqsəd deyil, bir vasitədir. Biz bu vasitədən çox uğurla istifadə etdik. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir. Bu ilin, bütün dünya üçün böhranlı ilin ilk rübündə iqtisadi inkişaf 4,3 faiz, qeyri-neft sektorunun artımı isə 13,7 faiz təşkil etmişdir. Biz buna məhz neft siyasətinin uğurlu icrası nəticəsində, neftdən əldə edilmiş gəlirlərin səmərəli şəkildə digər sektorlara investisiya kimi qoyuluşu nəticəsində nail ola bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və əminəm ki, bütün son illər ərzində əldə edilmiş iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir.
Neft-qaz sahəsinə gəldikdə, Azərbaycan 1994-cü ildən bu günə qədər çox böyük və uğurlu yol keçibdir. Biz qarşıda duran bütün vəzifələri, demək olar ki, uğurla icra etmişik. Bu gün reallıq sayılan layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə və regionda tamamilə yeni situasiyanı yaratdı. İlk dəfə olaraq, xarici şirkətlər məhz Azərbaycan tərəfindən Xəzər dənizinə dəvət olundular və investisiyalar qoymağa başladılar. İlk dəfə olaraq Xəzər dənizinin nefti müxtəlif yollarla dünya bazarlarına çıxarıldı və artıq hasilat gündən-günə artır. İlk dəfə olaraq Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan qazı həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir, həm də qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ixrac daha da böyük rəqəmlərlə ölçüləcəkdir.
Biz investisiyaları cəlb edə bilmişik, çox dərin yerlərdə, minlərlə metr suyun altında yerləşən yataqların işlənilməsinə nail ola bilmişik. Neft-qaz sərvətimizi dünya bazarlarına ixrac edə bilmişik və bu gün Azərbaycan öz enerji potensialını müxtəlif boru kəmərləri ilə ixrac edir. Bizim 7 neft və qaz kəmərimiz var. Hər bir kəmər özlüyündə böyük məna daşıyır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri - onların hamısı bu gün işlək vəziyyətdədir, Azərbaycan neftini müxtəlif istiqamətlərə ixrac edir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan qaz kəmərləri. Bu dörd kəmərdən üçü bu gün işlək vəziyyətdədir və üç kəmər vasitəsilə Azərbaycan qazı ixrac edilir. Yəni, Azərbaycanın enerji, neft və qaz potensialının şaxələndirilməsi məsələlərini biz tam şəkildə həll edə bilmişik. Dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün bu, həlledici məsələdir. Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur. Ona görə mən deyirəm ki, Azərbaycanın neft-qaz sahəsində qarşısında duran bütün vəzifələr vaxtında yüksək keyfiyyətlə icra olundu. Çox gərgin regional vəziyyətdə, çox həlledici məqamlarda Azərbaycandan çox böyük qətiyyət tələb edilirdi və bu qətiyyət göstərildi.
Bu gün isə biz irəliyə baxırıq. Biz öz siyasətimizi artıq əldə edilmiş uğurlar əsasında genişləndiririk. Bu gün Azərbaycan artıq elektrik enerjisi ixracatçısı kimi çıxış edir. Biz elektrik enerjisini qonşu ölkələrə ixrac edirik və əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində bu sahədə də çox böyük - həm iqtisadi, həm də siyasi məsələlər həllini tapacaqdır. Biz regional müstəvidə çox fəal iştirak edirik və bölgədə ənənəvi olaraq Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı bu gün də davam edir. Bu əməkdaşlıq artıq yeni layihələrə keçir. Bakı-Tbilisi-Qars dəmir yolu da Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən bir layihədir. Necə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri artıq regional müstəvidən çıxıb və qlobal xarakter daşıyır. Bu layihələr olmasaydı, bu gün hər hansı bir "Cənub dəhlizi"ndən söhbət gedə bilməzdi. Bu layihələr olmasaydı, bu gün Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə başqa istiqamətdə həll olunacaqdı. Məhz bu layihələr barədə bax, burada, Azərbaycanda, Bakıda xarici şirkətlərin sərmayələri ilə, Azərbaycan hökumətinin qərarları ilə, beynəlxalq birliyin və beynəlxalq maliyyə qurumlarının maliyyə dəstəyi ilə həlledici qərarlar qəbul edildi.
Bu, təsadüfi deyil, çünki hamımız yaxşı bilirik ki, dünyada sənaye üsulu ilə ilk neft məhz Bakıda hasil edilib. İlk dəfə olaraq dəniz yataqlarından neft məhz Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Ona görə də Bakı və Azərbaycan ənənəvi neft paytaxtıdır, - bu gün isə yeni reallıqlar əsasında, - amma əslində, eyni mənzərəni biz bu gün də görürük. Bizim növbəti addımlarımız da bu vaxta qədər olduğu kimi, ilk növbədə, Azərbaycanın milli maraqlarını təmin edəcək, eyni zamanda, əməkdaşlığın dərinləşməsi, beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə də çox müsbət təsir göstərəcəkdir.
Keçən il noyabr ayında Bakıda keçirilmiş enerji sammiti və qəbul edilmiş qərarlar, ondan sonra keçən ay Praqada keçirilmiş "Cənub dəhlizi" mövzusunda enerji sammiti və orada qəbul edilmiş qərarlar bir-biri ilə uzlaşır, bir-birinin elə bil ki, məntiqi davamıdır.
Bu gün biz artıq əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, bizə yeni imkanlar açacaq, qarşımızda yeni üfüqlər açılacaqdır. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda bugünkü neft-qaz hasilatı nəinki bizim tələbatımızı ödəyir, eyni zamanda bölgənin enerji təhlükəsizliyini təmin edir. Müxtəlif hesablamalara görə, bu il Azərbaycanda hasil ediləcək neftin həcmi minimum 45 milyon ton təşkil edəcəkdir. Təbii qazın hasilatı 25-27 milyard kubmetr təşkil edəcəkdir. Düzdür, bu qazın bir hissəsi təzyiqin artırılması üçün yenidən laylara vurulacaqdır. Ancaq bu gün bax, bu rəqəmlər Azərbaycanın real imkanlarını göstərir. Nəzərə alsaq ki, Azərbaycanda ən minimal hesablamalara görə, qaz ehtiyatları 2 və orta hesabla 5 trilyon kubmetr səviyyədədirsə, görmək olar ki, uzun illər bundan sonra, onilliklər bundan sonra Azərbaycan enerji sahəsində çox önəmli və strateji tərəfdaş kimi öz rolunu oynayacaq və bu rol getdikcə artacaqdır.
Biz çalışmalıyıq və çalışırıq ki, bu gözəl imkanlardan gələcəkdə də səmərəli şəkildə istifadə edək, Azərbaycanı hərtərəfli inkişaf etdirək. Bu gün Azərbaycanın enerji potensialı ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Biz neft kapitalını insan kapitalına çevririk. Bu gün neftdən əldə olunan gəlirlər sosial məsələlərin həllinə yönəldilir. Bu gün işğaldan əziyyət çəkən soydaşlarımız yeni qəsəbələrə köçürülür. Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayıbdır. Bu, məhz, neft siyasətinin sayəsində mümkün olubdur. Minlərlə yeni məktəblər, yüzlərlə yeni xəstəxanalar, yollar, elektrik stansiyaları bugünkü Azərbaycanın reallıqlarıdır və bunun təməlində enerji siyasəti dayanır. Növbəti illərdə biz elə etməliyik ki, ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapsın. Bunun üçün həm bizim maddi imkanlarımız var, eyni zamanda, iradə də var. Bir məsələni də qeyd etmək istəyirəm, o da çox böyük əhəmiyyət daşıyır və bugünkü uğurlu neft siyasətimizdə sonuncu rol oynamır - bu, şəffaflıq kriteriyalarıdır. Biz ilk illərdən çalışmışıq və hesab edirəm ki, buna nail olmuşuq ki, neft-qaz sahəsində maksimum dərəcədə şəffaflıq təmin edilsin.