PDF Oxu

Siyasət

  • 10

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri əlamətdar hadisələrlə yadda qalıb

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri əlamətdar hadisələrlə yadda qalıb

Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin həyatına inkişaf, tərəqqi və müasirlik gətirib. Bunun nəticəsidir ki, cari ilin əvvəlində ümumi məhsul istehsalı 61,3 milyon manat təşkil etmişdir. Məhsul istehsalının 27,3 faizi sənaye, 8,4 faizi tikinti, kənd təsərrüfatı və rabitə, 20 faizi nəqliyyat, 44,3 faizi topdansatış və pərakəndə ticarət sahəsini əhatə edir. Sənayedə bu ilin ilk rübündə16,7 milyon manatlıq məhsul istehsal olunub. Bütün maliyyə mənbələri hesabına şəhər iqtisadiyyatı və sosial sahələrin inkişafına 4,7 milyon manatdan çox investisiya qoyulub. Prezident İlham Əliyevin tapşırığı ilə şəhərin işqılandırma sisteminin ən müasir formada qurulması, binaların fasadlarının üzlənməsi və abadlıq işlərinin aparılması istiqamətində də ciddi işlər görülüb. Bununla da 2500 ildən çox yaşı olan qədim Gəncə bu gün tarixlə müasirliyin qovuşduğu bir məkana çevrilib.

Prezident Gəncənin mərkəzi meydanında olub

Gəncə şəhərinə səfər edən dövlətimizin başçısı öncə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gələrək, ulu öndərin abidəsini ziyarət edib və abidənin üzərinə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev meydanda aparılmış yenidənqurma işləri ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, ötən il əsaslı təmir olunan meydanda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Burada musiqili fəvvarə quraşdırılıb, yaşıllıq zolağı salınıb, xaricdən gətirilən müxtəlif növ ağac, bəzək və gül kolları əkilıb.
Ulu öndər Heydər Əliyev meydanı müasir formada işıqlandırılıb, ətrafdakı yaşayış binalarında da abadlıq işləri aparılıb. Ölkə Prezidenti burada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət edib.
Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və hökumətinin yerləşdiyi binada- Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı üzərində "Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib" sözləri yazılmış lövhənin üstündən örtüyü götürdü.
Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət olması ilk dəfə məhz bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilib.

Prezident Gəncədə şəhər polis idarəsinin yeni binasının açılışında olub

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandana raport verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə tanış olmuşdur.
Prezidentə məlumat verilib ki, binada növbətçi hissə, əməliyyat-rabitə qovşağı, silah otağı, qeydiyyat və şəxsiyyət vəsiqəsi, istintaq və təhqiqat, mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət axtarışı, kadrlar şöbələri, post-patrul xidməti, xüsusi təyinatlı əməliyyat taborları, kriminalistik tədqiqatlar, ictimai təhlükəsizlik və yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili, narkotiklərlə mübarizə bölmələri, anbar fəaliyyət göstərir.
Binanın yarımzirzəmisində fövqəladə hallar zamanı xüsusi təyinatlı əməliyyat taborunun əməkdaşları üçün 30 yerlik yataqxana da yerləşir. İkinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin mənalı həyatına, onun polis orqanlarına göstərdiyi diqqət və qayğıya həsr olunmuş guşə yaradılıb. Bu mərtəbədə 50 nəfərlik brifinq zalı, dəftərxana da yerləşir.
Üçüncü mərtəbənin foyesində Prezident, Ali Baş Komandan İlham Əliyevin hüquq-mühafizə orqanlarına, xüsusilə, polisə göstərdiyi diqqət və qayğını əks etdirən guşə var. Mərtəbədə 320 nəfərlik akt zalı da fəaliyyət göstərir.
İdarənin ətrafında 1500 kvadratmetrlik ərazidə yaşıllıq zolağı salınmış, abadlıq işləri görülüb. Dövlətimizin başçısı idarənin kollektivini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik etdi, onlara uğurlar arzulayıb.
Bu, bir daha göstərir ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən, Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində Daxili Qoşunların "N" hərbi hissəsində zabit yataqxanasının açılışında da iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandana raport verib.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və yataqxana ilə tanış olub. Ali Baş Komandana məlumat verilib ki, tikintisinə 2008-ci ilin yanvarında başlanılmış bina 6 min kvadratmetr ərazini əhatə edir.
Beşmərtəbəli binada 20 birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil vardır. Birinci mərtəbədə 12 mənzil subay zabit və gizirlər üçün nəzərdə tutulub. Digər mərtəbələrdəki mənzillərdə isə ailəli zabit və gizirlər yaşayacaqlar. Bütün mənzillər soyuducu, mətbəx mebeli, qaz plitəsi, yataq dəstləri və televizorla təmin olunub. Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuş binanın qarşısında uşaq şəhərciyi də salınıb.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında salınmış parkın sahəsi 3 hektara yaxındır. Ərazinin 2 hektardan çox hissəsində yaşıllıq zolağı salınıb, müxtəlif dekorativ kollar və ağaclar əkilib. Yaşıllıq zolaqlarının salınmasında milli ornamentlərdən istifadə olunub. Rayon sakinlərinin ən sevimli istirahət guşələrindən biri olan parkda oturacaqlar qoyulmuş, müxtəlif ölçülərdə 4 fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb.

Prezident Göygöl şəhərindəki istirahət parkının açılışında olub

Qeyd edək ki, əsaslı təmirinə bu il başlanılan Göygöl şəhərindəki mədəniyyət və istirahət parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Müxtəlif mərasimlərin, konsertlərin keçirilməsi üçün 300 nəfərdən çox tamaşaçı tutumu olan açıq Yaşıl Teatr parka xüsusi gözəllik verir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda gənclər evi, stolüstü oyunlar zalı, tir fəaliyyət göstərir.
Bundan başqa, parkın ərazisində 200 kvadratmetr sahəsi olan idman meydançası, uşaqlar üçün xüsusi atraksionlar quraşdırılmış əyləncə meydançası da var. Parkın ərazisinin 2 hektarında yaşıllıq sahələri salınıb, 2 mindən çox bəzək kolu və ağac əkilib, kənardan xüsusi münbit torpaq gətirilib.
Yaşıllıq sahəsini suvarmaq məqsədi ilə hər bir xiyabana ayrıca su xətti çəkilib, parkda müasir işıqlandırma sistemi quraşdırılıb, 250 dekorativ işıq dirəyi qoyulub.

Qeyd edək ki, son illər rayonda geniş abadlıq-quruculuq işləri aparılıb. 2008-ci ildə rayon üzrə əsas kapitala 34 milyon 156 min manat investisiya qoyulub ki, bunun da 32 milyon 610 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Ötən il sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 25,2 faiz artıb.
Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 9,9 faiz artaraq 15 milyon 558,8 min manat olub.
Göygöl mərkəzi rayon xəstəxanasının açılışında iştirak edən Prezident səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıb. Prezidentə məlumat verilib ki, Göygöl rayon mərkəzi xəstəxanasının inşasına 2007-ci ilin əvvəlində başlanıb. Obyekti Səhiyyə Nazirliyinin sifarişi ilə "Terminal" istehsal-tikinti müəssisəsi inşa edib. İnşaat işləri zamanı xaricdən gətirilmiş tikinti materialları ilə yanaşı, yerli xammaldan da istifadə edilib.
Xəstəxananın ümumi sahəsi 4 hektara yaxın, tikintinin sahəsi isə 1,5 hektardır. Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası, infeksion, patoloji-anatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir. 180 çarpayılıq səhiyyə ocağının xarici görünüşü də yüksək zövqlə işlənib.
Ərazidə nəzarət-buraxılış məntəqəsi, avtomobil dayanacağı, texniki xidmət və mətbəx binaları da inşa olunub. Texniki və içməli su üçün hər birinin tutumu 200 ton olan hovuz inşa edilib, su nasos stansiyası və içməli suyu təmizləmək üçün isə müasir avadanlıqla təchiz olunmuş qurğu quraşdırılıb. Burada, həmçinin, transformator və qəza zamanı avtomatik işə düşən generator qurğusu və müasir qazanxana da var.
Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, 9500 kvadratmetr asfalt örtüyü salınmış, 2,2 hektar sahə yaşıllaşdırılıb. Ərazidə 1400-ə yaxın meyvə ağacı, habelə, müxtəlif gül, dekorativ kollar əkilib. Dövlətimizin başçısı İlham Əliyev tibb ocağının açılışını bildirən lenti kəsdi və xəstəxana ilə yaxından tanış olub.
Məlumat verilib ki, birinci mərtəbədə qəbul şöbəsi, poliklinika, manipulyasiya, rentgen, sanitar-təmizləmə, sarğı, müayinə və növbətçi həkim otaqları yerləsir. Poliklinikada analiz qəbulu, ümumi laboratoriya, fizioterapiya, ultrasəs muayinəsi, terapevt, elektroensefaloqramma, elektrokardioqramma, stomatologiya, ginekologiya, endokrinologiya, otolarinqologiya, oftalmoloq və terapevt otaqları ən son avadanlıqla təchiz olunub. Şüa-diaqnostika şöbəsində fotolaboratoriya, flüoroqrafiya və rentgen otaqları fəaliyyət göstərir.
Qeyd olunub ki, terapiya şöbəsinin kardioloci bölümündə eyni vaxtda 20 xəstə müalicə oluna bilər. Palataların hamısı müasir səviyyəsi ilə diqqəti cəlb edir.
İkinci mərtəbədəki 30 çarpayılıq uşaq xəstəlikləri, ginekologiya və doğum şöbələri, izolyator, əməliyyat otağı yerləşir. 15 çarpayılıq doğum şöbəsində doğuş zalı, yeni doğulan körpələr üçün xüsusi otaq da yüksək səviyyədə qurulub.
Reanimasiya və cərrahiyyə şöbələri, cərrahi əməliyyat bloku isə üçüncü mərtəbədədir. Xəstəxananın avadanlığı Yaponiya, Koreya Respublikası, Almaniya və Avropanın digər ölkələrindən gətirilib.
Bu səhiyyə ocağında 47 həkim çalışacaq. Ümumilikdə isə, burada işlə təmin olunanların sayı 230 nəfərə yaxındır. Şöbələrin əksəriyyətində bufet və anbar var. Xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan olanlara da müasir səviyyədə tibbi xidmət göstəriləcəkdir.
Sonda Prezident İlham Əliyev kollektivi təbrik etdi, xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyev Şəmkirdə SES-in də təməl qoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Şəmkir rayonuna da səfər edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub. Prezident rayonda kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə də baxış keçirib. Dövlət başçısının iştirakı ilə Şəmkir çayının qarşısının kəsilməsi, su hövzəsinin yaradılması üçün bəndin və 30 meqavatt gücə malik mikro SES-in də təməl qoyma mərasimi keçirilib.
Qeyd edək ki, dövlət başçısının Qərb bölgəsinə səfəri çox səmərəli və işgüzar şəraitdə keçib. Həmişə olduğu kimi, bu dəfə də çoxsaylı müxtəlif təyinatlı obyektlərin açılışları olub. Məhz bu səbəbdən, dövlət başçısının regiona hər səfəri insanlar üçün toy-bayrama çevrilir.

Digər xəbərlər