PDF Oxu

Siyasət

  • 7

AZƏRBAYCANDA GEDƏN İNKİŞAF ÖLKƏDƏ HƏYATA KEÇİRİLƏN UĞURLU SİYASƏTİN PARLAQ NƏTİCƏSİDİR

AZƏRBAYCANDA GEDƏN İNKİŞAF ÖLKƏDƏ HƏYATA KEÇİRİLƏN UĞURLU SİYASƏTİN PARLAQ NƏTİCƏSİDİR
Azərbaycanda müşahidə olunan sürətli inkişaf, aparılan quruculuq işləri, əldə olunan nailiyyətlər ölkədə həyata keçirilən uğurlu siyasətin parlaq nəticəsidir. Bu sözləri ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 21-də Milli Məclisdə keçirdiyi görüşdə bildirib. Prezident Mixeil Saakaşvili əvvəlcə parlamentin iclas zalı ilə tanış olmuş, deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib. Ali qonaq parlament binasındakı Heydər Əliyev Xatirə zalına da baxıb. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, parlamentə sədrliyi dövründə qəbul olunmuş mühüm sənədlər Gürcüstanın dövlət başçısında maraq doğurub. Milli Məclisin sədri Oqtay Əsədov qonağa məlumat verib ki, Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin qanunverici orqanları ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri böyükdür. Prezident Mixeil Saakaşvili xatirə kitabına ürək sözlərini yazıb. Sonra Gürcüstan dövlətinin başçısı Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb. Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında qədim dostluq əlaqələri daim inkişaf edir və möhkəmlənir. Müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni mərhələsi başlanıb. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər əməkdaşlığa yaxşı töhfə verib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Bölgədə həyata keçirilən regional layihələrin hər iki xalqın rifahının yaxşılaşmasına xidmət etdiyini vurğulayan Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də reallaşmaqda olan Bakı-Axalkalaki-Qars dəmir yolunun rolunu və əhəmiyyətini xüsusi qeyd edib. O.Əsədov parlamentlərarası əməkdaşlıqdan da danışmış və qanunverici orqanlar arasında əlaqələrin inkişafında dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, həm bu səfər, həm də nəzərdə tutulmuş digər səfərlər münasibətlərimizi daha da möhkəmləndirəcək. Gürcüstan Prezidenti Mixeil Saakaşvili bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında möhkəm təməl üzərində qurulmuş dostluq və qardaşlıq münasibətləri vardır. Gürcüstanın çətin günlərində Azərbaycan öz dost köməyini əsirgəməyib. Qonşu ölkənin dövlət başçısı Azərbaycanın qazandığı uğurlardan danışaraq, dost və qardaş gürcü xalqının bu nailiyyətə sevindiyini bildirib. Paytaxt Bakını dünyanın möhtəşəm şəhərləri ilə müqayisə edən Mixeil Saakaşvili bildirib ki, bütün bu inkişaf ölkədə həyata keçirilən düzgün, uğurlu siyasətin nəticəsidir. O, iki dövlət arasındakı əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu vurğulamış və Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər