PDF Oxu

Siyasət

  • 11

Gürcüstan Prezidenti Ali Məhkəmənin yeni binası ilə tanış olub

Gürcüstan Prezidenti Ali Məhkəmənin yeni binası ilə tanış olub
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs mayın 21-də Ali Məhkəmənin yeni binası ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ali Məhkəmənin yeni binası üçün klassik-eklektika üslubu seçilmiş, bu zaman milli daş memarlığının elementləri, eləcə də dövlət atributları nəzərə alınıb. Müəllifi gənc memar Vüqar Həsənov olan binanın arxitektura həlli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Memarlar İttifaqının "Müstəqillik dövrünün ən yaxşı layihəsi" nominasiyası üzrə ikinci mükafata layiq görülüb. Binanın birinci mərtəbəsində 9 böyük və kiçik məhkəmə zalı var. Prezident Mixeil Saakaşvili iclas zallarında yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, Almaniyanın "Bosch" firmasının avadanlığı quraşdırılmış zallarda ən müasir avtomatlaşdırılmış şəbəkə yaradılıb. Gürcüstan Prezidentinə məlumat verildi ki, Azərbaycanda ilk dəfə olaraq burada müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və sənəd dövriyyəsini təmin edən "İstinad" informasiya sistemi qurulmuşdur. Prezident Mixeil Saakaşviliyə binanın girişində quraşdırılmış informasiya köşkləri barədə də məlumat verildi. Bildirildi ki, bu köşklər vasitəsilə məhkumun adını və soyadını qeyd etməklə tabloda həmin işlə bağlı bütün məlumatları əldə etmək olar. Ali məhkəmədə quraşdırılmış informasiya təminatı şəbəkəsi digər məhkəmələrin informasiya sistemləri ilə də əlaqə yaratmağa imkan verir. İclas zalları audio-video avadanlıqla, binaya giriş elektron kart sistemi, daimi video müşahidə və avtomat siqnal qurğuları ilə təchiz olunub. Binanın digər mərtəbələri ilə tanış olan Gürcüstan dövlətinin başçısına məlumat verildi ki, 2-ci və 3-cü mərtəbələrdə sədarət və hakimlərin iş otaqları yerləşir.
Mixeil Saakaşvili 4-cü mərtəbədə kitabxana, muzey, konfrans və plenum zalları ilə tanış oldu. Gürcüstan Prezidenti və xanımı binanın sonuncu mərtəbəsinin eyvanından şəhərin panoramını seyr etdilər.
Buradan zəngin təəssüratlarla ayrılan Gürcüstan Prezidenti Mixeil Saakaşvili Ali Məhkəmənin muzeyinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Digər xəbərlər