Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 20-də Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Gürcüstan Prezidentinə gül dəstəsi təqdim etdilər. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mixeil Saakaşvili və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Mixeil Saakaşvili Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər çiçəklər düzdü, "Əbədi məşəl" abidəsi önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Mixeil Saakaşvili buradan Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. Gürcüstan Prezidentini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər müşayiət edirdilər.
Ali qonağın şərəfinə rəsmi ziyafət verilib
Mayın 20-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söylədilər.