PDF Oxu

Siyasət

  • 5

Dövlət başçıları mətbuat üçün bəyantalarla çıxış ediblər

Dövlət başçıları mətbuat üçün bəyantalarla çıxış ediblər
Sənədlərin imzalanması mərasimindən sonraAzərbaycan və Gürcüstan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən şad olduğunu bildirdi.
Ölkə Prezidenti vurğuladı ki, Gürcüstan tərəfi ilə geniş müzakirələr aparılıb, ikitərəfli münasibətlər təhlil edilib və regional məsələlərə münasibət bildirilib. Gürcüstan-Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyən Azərbaycan Prezidenti, bu münasibətlərin böyük tarixi olduğunu və bu tarixin də iki ölkəni sıx birləşdirdiyini bildirdi:
-Səfər çərçivəsində apardığımız danışıqlar və etdiyimiz söhbətlər, əminəm ki, Gürcüstan-Azərbaycan münasibətlərinin gələcək inkişafına çox müsbət təkan verəcəkdir, bunun çox böyük rolu olacaqdır və beləliklə, biz bölgədə ənənəvi dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəyik. Regional məsələlərə gəldikdə, Gürcüstan və Azərbaycan tərəfindən birgə icra olunan layihələr region üçün çox mühüm əhəmiyyət daşıyır və daha geniş mənada isə beynəlxalq münasibətlərə müsbət təsirini göstərir. Bu gün müzakirə etdiyimiz məsələlər müxtəlifdir. Energetika sahəsində əldə olunmuş uğurlar bir daha təhlil edildi və biz gələcək birgə layihələr haqqında fikir mübadiləsi apardıq. Gürcüstan və Azərbaycan bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə daim böyük diqqət göstərmişdir və birgə səylərimiz nəticəsində bu gün bölgədə tamamilə yeni vəziyyət yaranmışdır. Əlbəttə, çox vacibdir ki, əldə edilmiş bu uğurlarla kifayətlənməyək, gələcəkdə daha önəmli və böyük layihələri birlikdə icra edək.
Bu gün, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Bu yaxınlarda "Cənub dəhlizi" ilə əlaqədar keçirilmiş tədbirdə Sizinlə bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır. Biz həm öz maraqlarımızı müdafiə edirik, həm də bütün tərəfdaşlarımızla energetika sahəsində çox səmərəli əməkdaşlıq edirik. Nəqliyyat sahəsində əməkdaşlıq uğurla davam edir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Bu gün, eyni zamanda, biz bu layihənin gələcək icrası haqqında geniş fikir mübadiləsi apardıq və müvafiq göstərişlər verdik. Biz ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davam etdiriləcəkdir. Gürcüstan-Azərbaycan münasibətlərinin bölgədə çox böyük əhəmiyyəti vardır. Dostluq və qardaşlıq əlaqələrimizin inkişafı həm xalqlarımız üçün, ölkələrimiz üçün vacibdir, həm də bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır.
Mən apardığımız danışıqların mahiyyəti haqqında fikirlərimi söyləmişəm. Hesab edirəm ki, bu danışıqlar və gələcək birgə fəaliyyət ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bir daha Sizi ürəkdən salamlayıram və Sizə, bütün Gürcüstan xalqına xoşbəxtlik və uğurlar arzulayıram.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili isə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür edərək bildirdi ki, Azərbaycan demokratik ölkə kimi inkişaf edib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladan Mixeil Saakaşvili dedi ki, ulu öndər Azərbaycanın inkişafında müstəsna rol oynamışdır. Mixeil Saakaşvili bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır. Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında beş illik müqavilə imzalamışdır. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaqdır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan M.Saakaşvili, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi. Mixeil Saakaşvili ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrin əhəmiyyətindən də danışdı. "Biz strateji layihələri həyata keçiririk", - deyən Gürcüstan dövlətinin başçısı bildirdi ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcəkdir. Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaqdır. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir. Dövlətlərimiz arasında münasibətlərin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Gürcüstan Prezidenti, bu gün Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyini qeyd etdi.
Sonda Gürcüstan Prezidenti ona və nümayəndə heyətinə göstərilən diqqətə görə bir daha minnətdarlıq etdi.

Digər xəbərlər