Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərilir
Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Avropa Ədalətli Oyunlar Hərəkatının pezidenti Karlos Qonsalvesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanda idmanın və olimpiya hərəkatının hərtərəfli inkişafından, dünya və Avropa əhəmiyyətli beynəlxalq yarışların ölkəmizdə uğurla keçirildiyindən, respublikamızda müasir idman infrastrukturunun yaradıldığından danışıb. Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, Avropa Ədalətli Oyunlar Hərəkatı nümayəndələrinin ölkəmizə bu səfəri əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcək. Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edən Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalves ölkəmizdə yeni idman infrastrukturunun yaradılmasını, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr qazanmalarını dövlətimizin başçısının idmana göstərdiyi şəxsi qayğısının nəticəsi kimi dəyərləndirib.
Karlos Qonsalves Avropa Ədalətli Oyunlar Hərəkatının Şərəf nişanını dövlətimizin başçısına təqdim edib. Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arpinar Azərbaycan Prezidenti İlham Əliyevin ölkə həyatının bütün sahələrinin, o cümlədən idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Dövlətimizin başçısı Avropa Ədalətli Oyunlar Hərəkatının yüksək mükafatına görə təşəkkürünü bildirib.