Üç kəndirbaz əlində
Bu millət qalıb yesir.
On beş ildir, bu üçlük
Pambıq ilə baş kəsir.
Külək hamıya bəlli,
Şimaldan, Qərbdən əsir.
Di gəl ki, aldanırıq,
Verilən şirin vədə.
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
Hər gəlişdə dəyişən,
Pencəklərin rəngidir.
Bir də həlim, mülayim,
Səslərin ahəngidir.
Bu zatıqırıqları,
Doğan ana tülküdür,
Bilərəkdən bunları,
Durmayırıq biz qəsdə.
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
Birinin gözlərindən,
Nazı-qəmzəlik yağır.
İnsan qəssabı cəllad,
Bizə qeyzlə baxır.
Fransız ədəbaz da,
İçir kəmşirin çaxır.
Tost deyib şənlərinə,
Qaldırırıq biz badə,
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
İstəmirlər bu savaş,
Tez zamanda sovuşsun.
Bir milyon didərgin,
Torpağına qovuşsun.
"Bunlar müsəlmandılar,
Nə olursa, qoy, olsun",
Mürəkkəb danışıqlar,
Çözəlib olur sadə,
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
Qarabağın açarı,
Putinin seyfindədi.
O da gimnast xanımla,
Bağında kefindədi.
Yusif Sərrac prezident,
Dustaqdı, evindədi.
Tez-tez barmaq göstərib,
Gəlirlər biz hədə,
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
Deyirlər hər gecənin,
İşıqlı gündüzü var.
Ayın da bizdən küsən,
Görünməyən üzü var.
Bu oyunda, vallahi,
Xristian izi var.
Xaç atası İsadan,
Gəlməsə göydən səda,
Qurtarmaz bu oyunu,
Üç kəndirbaz, üç gəda.