Praqada “Cənub dəhlizi - Yeni İpək yolu” sammiti keçirilib
Mayın 8-də Praqada "Cənub dəhlizi - Yeni İpək yolu" sammiti keçirilib.
Prezident İlham Əliyev sammitdə iştirak edib. Sammitdə Türkiyə Prezidenti Abdullah Gül, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Piebalqs, ABŞ-ın, Ukraynanın və digər ölkələrin, beynəlxalq iqtisadi və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər. Hazırda Avropa İttifaqına sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek Prezident İlham Əliyevi və sammitdə iştirak edən digər dövlət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.
M.Topolanek sammiti giriş sözü ilə açaraq qonaqları salamladı.
Hazırda enerji məsələlərinin ən aktual problemlərdən biri olduğunu vurğulayan Çexiyanın Baş naziri bu baxımdan "Cənub dəhlizi - Yeni İpək yolu" sammitinin əhəmiyyətini xüsusi qeyd etdi, ümidvar olduğunu bildirdi ki, tədbirin nəticələri səmərəli olacaq.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Avropanın enerji təhlükəsizliyinin təminatı məsələlərindən danışdı. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış etdi.
Nümayəndə heyətlərinin rəhbərlərinin də çıxışları oldu.
Sammitin iştirakçıları birgə foto çəkdirdilər. Sonda sammitin bəyannaməsi qəbul olundu.