Azərbaycan dövləti faciədən ziyan çəkənlərə böyük yardım göstərir
Prezident İlham Əliyev 2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb. Ölkə Prezidentinin imzaladığı Sərəncamda, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30,0 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15,0 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilməsi, maddi yardımın Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahıya uyğun olaraq ödənilməsinin təmin edilməsi qeyd olunur.