Azərbaycan NATO üçün regionda mühüm rol oynayan ölkədir
Brüsseldə Prezident İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış ediblər.
Alyansın baş katibi bildirib ki, Azərbaycan NATO üçün regionda mühüm rol oynayan ölkədir. Enerji təhlükəsizliyinin dünyada böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın rolu daha da artıb. Dağlıq Qarabağ münaqişəsindən də danışan baş katib bildirib ki, münaqişə yalnız qeyd edilən prinsiplər əsasında həllini tapmalıdır. NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır.
NATO-nun tədbirlərində və proqramlarında Azərbaycanın fəal iştirak etdiyini bildirən Prezident İlham Əliyev deyib ki, ötən il ölkəmiz Alyansın 200 tədbirinə qatılıb. Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən və antiterror əməliyyatlarında ölkəmizin fəal iştirak etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını artırıb. "Biz NATO-ya minnətdarıq ki, Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutur və bu mövqe ərazi bütövlüyü prinsiplərinə əsaslanır", - deyən Prezident İlham Əliyev Alyans ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini söyləyib.