Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşüb. Dövlətimizin başçısı İlham Əliyevi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu səmimiyyətlə qarşıladı. Onlar Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Sonra Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşü oldu. Joze Manuel Barrozu bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr genişlənir və bu, müxtəlif sahələrdə özünü göstərir. Əlaqələrimiz Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edir və bu əlaqələr "Şərq tərəfdaşlığı" təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olur.
Avropa İttifaqı Azərbaycan ilə enerji sahəsində də uğurla əməkdaşlıq edir və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişlənməsinin Azərbaycanın Avropa dəyərlərinə verdiyi önəmin göstəricisi olduğunu deyən Barrozu gələcəkdə tərəflər arasında daha konkret layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.
Avropa Komissiyasının sədri Azərbaycanın iqtisadi sahədə yüksək nailiyyətlər qazandığını söylədi və ölkəmizin böyük potensiala malik olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirərək qeyd etdi ki, Azərbaycan bundan sonra da Avropaya inteqrasiyanı davam etdirmək əzmindədir. Azərbaycanda gedən iqtisadi inkişafdan danışan dövlətimizin başçısı ölkəmizin bu sahədə böyük nailiyyətlər əldə etdiyini, Azərbaycanın regional iqtisadi əməkdaşlığa, bölgənin təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verdiyini bildirdi. Bütün bunların Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına imkan yaratdığını deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, ölkəmiz böyük energetika layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Dövlətimizin başçısı dedi ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı. Görüşdən sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu birlikdə işçi nahar etdilər.